Əsas səhifə

Zərdab, Kür çayı, balıqçılıq — 1870-ci il

   Göyçay qəzasının Zərdab kəndi Kür çayının sol sahilində, qəza mərkəzində 52 verst məsafədə yerləşirdi, çay boyunca 50 verst məsafəni əhatə edirdi. 1870-ci ildə kənddə 17 məntəqə, 545 ev qeydə alınmış, 1632 nəfər (1332 nəfər türk) əhali yaşayırdı.

Kur

     Çar İmperiyası dövründə balıqşılıq Zərdab əhalisinin əsas məşğuliyyətlərindən biri idi. Müasir Zərdab rayonunun ərazisində fəaliyyət göstərən balıqçılıq vətəgələri üç məntəqəyə, Körpükənd (Məntəqə № 3, Ağcabədi – Zərdab), Zərdab (Məntəqə №4, Zərdab – Yuxarı Əlvənd) və Fətixanlı (Məntəqə №5, Yuxarı Əlvənd-Mollakənd) məntəqələrinə daxil edilmişdir.

   Ağcabədi – Zərdab məntəqəsində Kür çayı 3-4 döngədən keçərək dolama axardı. Kürün sağ sahili ot və kollarla, sol sahili isə yabanı bitən söyüd, vələs, qarağac, palıd, fındıq, qovaq meşəsi ilə örtülü idi. Bəzi yerlərdə sıldırım qayalıqlar ilə əhatə edilmiş ziqzaq üzrə hərəkət edən çay, yenidən nisbətən düz yatağına dönürdü. Sağ sahil Zərdab kəndindən təxminən yarım mil aşağı idi və bu səbəbdən çay suları sağ sahilə çıxar, sahildəki kollar su altında qalırdı. Sağ sahilin su basmış hissəsi çay eninin təxminənn 1/3 hissəsini əhatə edirdi. Bu hissə dayaz və kolluq olduğu üçün, balıqçılar qayıqları ilə sol sahildə hərəkət edərək, torlarını bu sahildə atardılar. Zərdab kəndinə çatanda sağ sahil yenidən canlanırdı. Əhali dağlardan gələn kiçik çaylar və süni yaranan arxlar vasitəsilə suvarma aparardı.

   Müasir Zərdabın bu hissəsində Kürün eni 30-80 sajen, dərinliyi 10-19 fut idi, su isə saatda 5 verst sürətlə axırdı.  Zərdab kəndinə yaxınlığında su axınının sürəti  saatda 4 verst, suyun az olduğu mövsümlərdə isə demək olar ki, saatda 3 verst olurdu. Çayda yaranan adalar, yamaclar bir çox hallarda qayıqların hərəkətinə problemlər yaradır, tor vasitəsilə balıq ovunu çətinləşdirirdi. Buna görə də balıqçılar bəzən çapuxlar (vintillər) vasitəsilə ov edirdilər.

   Zərdab kəndində yerləşən vətəgədə 2 saray (anbar) tikilmişdir. Vətəgədə balıqlar duzlanılırdı, balıqçılıqda istifadə edilən sal, balıqçılıq ləvazimatları, asılqanlar (balıqlar üçün), duz saxlanılırdı. Balıqların duzlanmasının, yaxşı hazırlanmasını heç bir qurğu əvəz edə bilmirdi. Hətta Mingəçevir vətəgəsində Kürün qısa müddətdə donması zamanı istifadə edilən buzlar, 800 manatdan ucuz olmayan amerika soyuducularının quraşdırılması belə yerli əhali tərəfindən hazırlanan, duzlanan balıq məhsullarını əvəz edə bilmirdi. Saraylarda 30 dərəcə istidə belə 3000 pud balıq saxlamaq mümkün idi. Bu balıq məhsulları bir müddətdən sonra  daha baha qiymətə satılır və təzəliyini qoruyub saxlayırdı.

   Balıq məhsullarının satışı əsasən iki istiqamətdə, Zərdab- Mingəçevir — Yelisovetopol marşrutu üzrə  və Zərdab- Göyçay -Şamaxıya marşurutu üzrə əlverişli hesab olunurdu.

   Yaz daşqınları zamanı çay yatağından çıxır, bəzi hallarda yatağını, axın istiqamətini dəyişirdi. Odur ki, gəmilər, qayıqlar gecələr çay boyunca üzüaşağı hərəkət etməyə risk etmirdilər. Zərdabdan 12 verst məsafədə olan Gəndəbil və 16 verst məsafədə olan Şəftəxal kəndlərində yaranan adalara, su altında qalan söyüd, enliyarpaqlı qovaq ağaclarına və suda axan, sahillərə, adalara ilişib qalan kötüklərə, qalaqlanıb yığılan budaqlara rast gəlmək olurdu. Bir çox hallarda, balıq vətəgələrinin icarəyə verilməsi üçün, Mollakəndə qədər çay yatağını bu kötüklərdən təmizləmək lazım olurdu. Çaydakı kötüklər,  budaqlar toplanır, gəmilərdə və evlərdə yanacaq kimi istifadə olunurdu. Bu kötüklərdən material kimi də istifadə etmək olardı ki, bu da Lənkərandan gətirilən taxta-çalbana qənaət edilməsinə səbəb olardı.

   Əlvənd kəndi yaxınlığında çay daha düz axırdı, suyun kəskin dönüşləri azalırdı. Yuxarı Əlvəndin çıxışında eni 30-50 sajen olan adalara rast gəlinirdi, suyun axın sürəti də azalırdı. Əlvənd kəndi yaxınlığında torlar ilə balıq ovu daha əlverişli idi.

   Yuxarı Əlvəndin aşağı hissəsində vətəgə, saray, duzlanmış balıq və balıqçılıq ləvazimatları saxlamaq üçün uzunluğu 8 sajen olan anbar tikilmişdir. Vətəgədə 4 qamış koması tikilmişdir ki, bunların birindən anbar kimi isrifadə olunurdu,  duzlanmış balıq saxlanılırdı. İkincidən balıq qəbulu üçün istifadə edilirdi, üçüncüdə duz və müxtəlif tullantılar saxlanılırdı. Dördüncü koma isə qarovulçular üçün nəzərdə tutulmuşdur. Bu komalar 3-4 günə tikilər və lazım olduqda bir-neçə saata sökülərdi.

   Əlvənd kənd icmasının Baxşı Burun kəndi yaxınlığında Kür çayı cüzi əyilərək axır. Bəzi yerlərdə dərinlik 12 futa çatsa da, ümimilikdə bu istiqamətdə çay elə də dərin deyil. Əlvənd kəndinin aşağı sərhəddindən 7 verst məsafədə, 2 il bundan əvvəl (1867-1868-ci illər) Kür yataşını dəyişmişdir. Köhnə sahillərin yeri hələ də bilinir, yeni sahillər isə gənc söyüd və qovaq ağacları ilə örtülmüşdür. Çay sahilinin dayaz və gilli olması səbəbindən bu istiqamətdə balıq ovu daha az əlverişli hesab olunurdu. Əlvənd kəndinin aşağı sərhəddindən 15 verst məsafədə isə vətəgə salınması üçün əlverişli yerlər yoxdur.  Daha əlverişli olduğu üçün Əlvənd icmasına daxil olan Fətixanlı kəndində vətəgə tikilmişdir. Bu vətəgə Əlvənd kəndindəki vətəgədən demək olar ki, fərqlənmirdi.

Mənbə: Qafqaz Statistika Komitəsi, “Qafqaz haqqında məluumat toplusu”

  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы