Əsas səhifə

Zərdab XIX əsrin sonlarında

  19-cu əsrin ikinci yarısında Zərdab kəndi inkişaf edərək icmaya çevrilmişdir. Daha sonra bölgə kimi tanınmışdır. Əhalinin Kür sahillərinin müxtəlif yerlərində məskunlaşması, Qaravəlli, Müskürlü, Əlicanlı, Lələ Əhmədli və sairə tayfa, ailə nümayəndələrinin Xançoban mahalından Qarasubasar mahalına, eləcə də Zərdab bölgəsinə köç edərək daimi məskunlaşması səbəbindən yeni yaşayış məntəqələri də yaranmışdır.

Zerdab

   

   Zərdab bölgəsi kənd təsərrüfatı baxımından düzənlik hissədə yerləşirdi. Düzənlik hissə şimaldan cənuba doğru Alpout Mehdi bəy kəndindən başlayıb, ən aşağı mövqedə olan Zərdab kəndində bitirdi. Zərdabın iqlimi davamlı küləklər, azqarlı, mülayim qış, qızmar yay, yağışlı payız və yaz ilə xarakterizə olunurdu. Atmosferdə rübutətin az olması səbəbindən süni suvarmadan istifadə olunurdu.
   Düzənlik hissə üç zonaya, Kürsahili, qışlaq və üzümçülük-ipəkçilik zonalarına bölünürdü. Kürsahili zonaya daşqınlar zamanı su basan çay sahili torpaqlar aid idi. Göyçay qəzasının Zərdab, Gəndəbil, Şamaxı qəzasının isə Əlvənd icmaları bu zonada yerləşirdi.
   Qışlaq zonası Kür sahilinin bir hissəsindən və müntəzəm suvarılmayan geniş çöl sahələrindən ibarət idi. Bu torpaqların bir hissəsi Kürün daşması nəticəsində su altında qalırdı. Süni suvarılmada isə Qaraçay, Turyançay sularından istifadə edilirdi. Bu zonada xeyli sayda kəndlər cəmləşmişdir. Sakinlərin əsas məşğuliyyəti maldarlıq (qoyunçuluq) və əkinçilik idi. Müskürlü Kirli, Lələ Əhmədli, Qaravəlli Xanlıq, Qaravəlli Ağaməmməd obaları bu zonada yerləşirdi.
   Müasir Zərdab rayonu ərazisində yerləşən Əlicanlı, Xələc, Çallı kəndləri üzümçülük zonasına aid edilirdi. Bu zonada suvarılma işləri ancaq süni yolla aparılırdı. Zona duzlu axmazların, bataqlıqların çox olması ilə fərqlənirdi.
   Zərdab bölgəsinin kəndləri Kür sahili boyu 50 verst məsafədə yerləşirdi, Körpükəndin aşağı sərhəddindən başlayıb, Gəndəbilin Ağabağı yaşayış məntəqəsində bitirdi. Zərdab kəndində Kür sakit, sahillərinə nisbətən xeyli aşağı səviyyəyə axırdı. Yaz daşqınları zamanı isə çayın səviyyəsi qalxırdı və sahillər su altında qalırdı. Çayın sol sahilindən çəkilmiş arxlar vasitəsilə su ərazidəki çalalara yönəldilirdi. Sakinlər çaları su ilə doldurardılar və su ehtiyyatı iki il ərzində əkinə yararlı olardı. Kür suları özünün köhnə yataqlarını, əhali arasında axmaz adlanan yerləri də doldurardı. Bəzi axmaz yerlərinin su ilə dolmasının qarşısı alınardı və bu yerlər yüksək məhsul verən zəngin əkin sahəsinə çevrilirdi.
   Adətən torpaq əkininin birinci ilində torpaq suvarılırdı, yuyulurdu ki, buna da “arat” deyilirdi. “Arat” dedikdə yüksək məhsuldarlığı təmin etmək üçün torpağın kifayət qədər su ilə doldurulması nəzərdə tutulurdu.
   Kür daşqınları hər il deyil, 5-8 ildən bir baş verirdi ki, bu zaman kəndlilər bir çox tələfatlar, fəsadlar ilə qarşılaşırdılar. Eyni zamanda illərlə susuz qalan torpaqlar da yararlı əkin sahələrinə çevrilirdi. Belə ki, mineral ilə zəngin olan Kür suları bu sahələrə axır və torpağın məhsuldarlığını artırıldı. Bəzən daşqınlar əkin sahələrinə ziyan vururdular. Odur ki, sakinlər suyun əkin sahələrinə yönəlməməsi üçün xəndəklər qazır və bəndlər tikirdilər.
   Ərəş və Nuxa qəzalarından axan Türyan çayın qolu olan Qaraçayın (Qarasu) suyu əsasən Zərdab icmasına yönəldilmişdir. Çayın suyundan əkin sahələrini suvarmaqla yanaşı, 30-35 sayda dəyirmanda istifadə edilirdi. Qaraçaydan Əlicanlı, İlxıçı Əlicanlı kəndlərinə və Lələ Əhmədli icmasının ərazisinin bir hissəsinə su arxı çəkilmişdir. Bu çayın suyundan Müskürlü Kirli icmasının əhalisi də istifadə edirdi. Bəzi hallarda çay boyu bəndlər qurulurdu ki, bunun nəticəsində su qalxır və çay sahillərini basırdı. 1885-ci ildə bu qurulan bəndlərin biri, dəyirmanlarını su ilə təmin edilməsi məqsədilə, Zərdab kənd sakinləri tərəfindən dağıldılmışdır.
   Ərəş qəzasından axıb gəldiyi üçün Qaraçayın su ehtiyyatlarından daha çox bu qəzanın sakinləri istifadə edirdilər və Əlicanlı, İlxıçı Əlicanlı kəndləri su ehtiyacından əziyyət çəkirdilər. Daşqınları zamanı istifadə olunan Kür suları istisna olmaqla, bu kəndlərdə əsasən Qaraçaydan arxlar vasitəsilə axıb gələn sulardan istifadə edirdilər. Bu çaydan Xələc kəndinə bitişik kəndlərə də su arxıının çəkilməsi Əlicanlı, İlxıçı Əlicanlı kənd sakinlərinin işini daha da çətinləşdirirdi.
   Zərdab bölgəsinə ayrılan torpaqlar əsasən Zərdab və Zərdab-Gəndəbil icmalarının ərazisinə daxil edimişdir. Bu icmalar hər biri ayrı-ayrı kəndlərdən ibarət idi. Bu icmaları ayrılıqda əkin və bağ torpaqları az-çox olsa da, ümumi əkin və otlaq sahələri də var idi. Ona görə də bu icmalar, icmadakı kəndlər sərhədsiz kəndlər siyahısına aid edilmişdilər.
   İlxıçı-Naxırçı və Qaravəlli-Ağaməmməd obalarının ümumiyyətlə pay torpaqları yox idi. Bu obalar Xələc icmasından alınan torpaqlarda yaşayırdılar. Xələc icmasında isə kifayət qədər dövlət balansında olan əkin və otlaq sahələr vardı. Qaravəlli obaları Çallı (300 manata) və Əlicanlı kəndlərində (50 manata) torpaq icarəyə götürmüşdülər. Xələc icması isə Qarabörk kəndlilərinə 70 manata torpaq icarəyə vermişdilər.
   Balıqçılıq Zərdab sakinləri üçün ən sərfəli fəaliyyət növü idi. Kəndlilər hələ də dövlətə məxsus balıqçılıq sahələrini birbaşa icarəyə götürməsələr də, icarəçilər ayrı-ayrı sahəni balıq ovu üçün kəndlilərə verirdilər. Onlar da ovladıqları balıqları əvvəldən razılaşdırılmış qiymətə icarədara satardılar. Balıqların qiyməti fərqli idi, məsələn, şamayı 4 qəpiyə, qızılbalığı 40 qəpiyə, nərə balığını isə 20 qəpiyə satılırdı. Balıqçılar icarədar ilə öhdəliklərini heç də həmişə vicdanla yerinə yetirmirdilər, tutduqları balıqları çox vaxt daha baha qiymətə başqalarına satırdılar. Bir qayığı (kulazı) olan balıqçının illik gəliri 50-60 manata çatırdı.
   Sakinlər qadağan olunmuş vaxtlar da gizli olaraq ov edirdilər. Kəndlilər arasında qadağan olunmuş vaxt “manifest” adı ilə tanınırdı.
   Zərdabda xalçaçılıq da inkişaf etmişdir. O dövrdə ən keyfiyyətli xalçalar Göyçay qəzasının Qarayazı, Zərdab kəndlərində, həmçinin Mollakənd və Ərəb-Qədim, Pəmaha kəndlərində hazırlanırdı. Xeyli sayda Şirvan xalçaları Türkiyəyə göndərilirdi, orada bu xalçalara tələbat böyük idi. 1880-cı illərin əvvəlinə nisbətdə xalçalar nisbətən ucuzlaşmışdır. Əvvəllər qiyməti 30 manat satılan uzunluğu iki arşın, eni 1-2 arşın olan kiçik naxışlı xalçalar 1885-86-cı illərdə Şamaxıda 10-12 manata satılırdı.
   Adlarından göründüyü kimi (məsələn, İlxıçı-Əlicanlı) atçılıq əvvəllər bəzi obalarda inkişaf etmişdir. XIX əsrin sonlarında isə kəndlilər fərdi atlara sahib olsalar da, demək olar ki, atçılıq ilə məşğul olmurdular. Xələc, Müskürlü Kirli və sairə kəndlərinin bəzi varlı sakinlərinin isə xırda at sürüləri var idi. Kəndlilər əsasən az qulluq tələb edən və nəsil verən madyanlar saxlayırdılar. Cins atlar, ayğırlar istisna olmaqla, atlar mal-qara ilə birlikdə saxlanılırdı. Çarvadarlığın inkişaf etdiyi kəndlərdə atların sayı nisbətən çox idi. Rus kəndlilərinin də daha çox atları var idi.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы