ZƏRDAB ŞƏHİDLƏRİ
- Abbasov Abuzər Tənzil oğlu
Abuzər Abbasov 1972-ci ildə Zərdab rayonunun Yuxarı Seyidlər kəndində anadan olub. 1994-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılmışdır. 706 saylı hərbi hissənin avtomatçısı olub. 1994-cü ildə Füzuli rayonu Aşağı Əbdürrahmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.
Baş leytenant Abbasov Ağaqardaş 28 sentyabr 1992-ci il tarixdə Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ağaqardaş Abbasov Vətən müharibəsi dövründə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlərdə ayağından qəlpə yarası alıb, təkidlərə baxmayaraq döyüş meydanını tərk etməyib. Yaralı əsgər və zabitlərin döyüş meydanından çıxarılmasına çalışan Abbasov, sentyabrın ayının 28-də döyüşlər zamanı şəhid olub. Şeir, meyxana həvəskarı olan şəhidimiz ölümündən sonra «3-cü dərəcəli «Rəşadət» ordeni ilə, “Vətən uğrunda”, «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilib. 5 il övlad həsrəti çəkən Ağaqardaş ata olmağa hazırlaşırdı. Şəhadətindən sonra dünyaya gələn qızına, hələ şəhidlik zirvəsinə ucalmazdan əvvəl İlknur adını qoymuşdur.
- Abbasov Zülfü Mirqəni oğlu
Zülfü Abbasov 1973-cü ildə Məlikli kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 190 saylı hərbi hissənin avtomatçısı olan Zülfü, 1994-cü ildə Ağdam rayonu ərazisində itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2007-ci il tarixli 2-158 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
- Abdulxaliqov Cabir Abdulhəmid oğlu
Cabir Abdulxalıqov 1974-cü ildə Zərdab şəhərində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 181 saylı hissənin avtomatçısı olan Cabir, 1994-cü il tarixdə Beyləqan rayonunda gedən döyüşlərdə şəhid olub.
Zərdab rayonunun ilk şəhidi Samir Abdullayev 1969-cu ildə Zərdab şəhərində anadan olub. Zərdab rayon Milis (Polis) şöbəsinin əməkdaşı idi. Eyni zamanda Azərbaycan Neft və Kimya İnstitutunun təhsil alırdı. Post patrul xidmətinə bölmə komandiri Samir Abdullayev 1991-ci ildə Kəlbəcərdə şəhid olmuşdur. Avtomat, qranatamyot, plemyot ilə silahlanmış 15 nəfər erməni ilə rastlaşan Samir və iki milis yoldaşı, geri çəkilməyərək qəhrəmanlıqla döyüşmüşdülər. Zərdab şəhərindəki küçələrin biri (doğulub boya çatdığı küçə) Samir Abdullayevin adını daşıyır.
- Abdullayev Vüqar Əli oğlu
Vüqar Abdullayev 1973-cü ildə Ucar rayonunda anadan olub. 1993-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Zərdab rayonunun Gəndəbil kəndində dəfn edilib.
Vüqar Abdullayev 1971-ci ildə Zərdab rayonunun Qaravəlli kəndində anadan olub. 1992-ci ildə Qarabağ müharibəsinə yollanıb. Laçın rayonunun Təzəkənd və Kürtağı kəndlərində döyüşüb. 1993-cü ilin aprel ayında Kəlbəcərin Başlıbel kəndindən mülki əhalinin sağ-salamat çıxarılması zamanı qəhrəmanlıqla şəhid olub. Şahidlərin söylədiklərinə görə, həmyerlimiz son nəfəsinədək igidliklə döyüşmüşdür. Ermənilər yalnız Vüqarın cansız bədənindən qisas ala biliblər. Qəhrəman döyüşçü Kəlbəcər rayonunun Şırran kahasında dəfn edilib. Bir müddət itkin hesab olunan Vüqar Abdullayevə Zərdab rayon Məhkəməsinin 1996-cı il tarixli 2-78 saylı Qətnaməsinə əsasən şəhidlik statusu verilmişdir.
Nurlan Abdullazadə 1994-cü il tarixdə Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olub. 2012-13-cü illərdə Naxçıvanda əsgəri xidmətini başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmətdə qalıb. 2016-cı ildə Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olub. Ölümündən sonra III dərəcəli «Hərbi xidmətdə fərqlənməyə görə» medalı ilə təltif edilib.
- Abdulov Xaliq Maqsud oğlu
Xaliq Abdulov 1974-cü ildə Pərvanlı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. Xalıq 1993-cü ildə Ağdamın Çəmənli kəndində gedən döyüşlərdə şəhid olub.
- Ağalarov Ağa Ağahüseyn oğlu
Ağa Ağalarov 1971-ci ildə Məmmədqasımlı kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 161 saylı hərdi hissənin avtomatçısı olan Ağalarov 1994-cü il tarixdə Xocavənd rayonunda itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2001-ci il tarixli 2-24 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
Gizir İlkin Ağayev 1986-cı ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olub. Bir çox hərbi hissələrdə, o cümlədən C.Naxçıvanski adına liseydə xidmət edib. Vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Şuşanın azad edilməsi uğrunda döyüşüb. Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Ailəli idi, bir övladı var. İlkin Ağayev ölümündən sonra «Vətən uğrunda», «Füzulinin azad olunmasına görə», «Şuşanın azad olunmasına görə» və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
- Ağayev Müsəllim Musa oğlu
Müsəllim Ağayev 1974-cü ildə Alıcanlı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağrılıb, 998 saylı hərbi hissənin avtomatçısı idi. Müsəllim 1993-cü il tarixdə Tər-Tər (Ağdərə) rayonunun Çardaqlı (Mağavuz) kəndində gedən döyüşlərdə şəhid olub.
- Alxasov Vasif Tapdıq oğlu
Vasif Alxasov 1971-ci ildə Aşağı Seyidlər kəndində anadan olmuşdur. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 701 saylı hərbi hissənin avtomatçısı idi. Vasif 1992-ci ilin sentyabr ayında Laçın rayonunda gedən döyüşlərdə şəhid olub.
- Alıyev Şəmil Məhəmməd oğlu
Şəmil Alıyev 1976-cı ildə Şahhüseynli kəndində anadan olub. 1995-ci ildə hərbi xidmətə çağırılıb. 1996-cı il tarixdə döyüş gözləmə mövqeyində durarkən şəhid olub.
- Allahverdiyev Bəşir Allahverdi oğlu
Bəşir Allahverdiyev 1967-ci ildə Yarməmmədbağı kəndində anadan olub. 1992-ci ildə Səbail RHK tərəfindən Milli Orduya çağırılıb. 723 saylı hərbi hissənin bölmə komandiri idi. 1992-ci ildə Aödərə rayonunda gedən döyüşlərin birində şəhid olub. Zərdab şəhərinin küçələrindən biri Bəşir Allahverdiyevin adını daşıyır.
Çavuş Zeyqəm Aslanov 1973-cü ildə Gödəkqobu kəndində anadan olub. 1991-ci ildə Milli Orduya çağırılıb. Naxçıvanda 777 saylı hərbi hissədə qulluq edib. 1992-ci ildə Qarabağ müharibəsinə yollanıb, Ağdam, Goranboy, Beyləqan, Füzuli və Tərtər bölgələrində qəhrəmanlıqla döyüşüb. Döyüşlərin birində düşmənin 6 tankını sıradan çıxarmış, xeyli sayda canlı qüvvələrini məhv etmişdir. 1994-cü ildə Tərtər rayonu Seysulan kəndində gedən döyüşlərin birində şəhid olub. Ölümündən sonra “Azərbaycan bayrağı» ordeni və “Hərbi xidmətlərə görə” medalı ilə təlrif edilib. Gödəkqobu kənd orta ümumtəhsil məktəbinə Zeyqəm Məhəmməd oğlu Aslanovun adı verilib.
- Azayev Cabir Rza oğlu
Cabir Azayev 1973-cü ildə Şahhüseyli kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə çağırılıb. Ağdərə, Laçın, Kəlbəcər bölgələrində vuruşub. 1994-cü ildə Kəlbəcər rayonunun Susuzlu kəndində gedən döyüşlərin birində şəhid olub.
- Azayev Fəaliyyət Təvəkkül oğlu
Fəaliyyət Azayev 1974-cü ildə Zərdab şəhərində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1993-cü il tarixdə Ağdam rayonunda itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2001-ci il tarixli 2-22 saylı Qətnaməsinə əsasən Azayev Fəaliyyətə şəhidlik statusu verilmişdir.
Müəllif hüquqları qorunur. Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.