Əsas səhifə

Bəyimli qəsəbəsi

   Zərdab rayon Bəyimli kəndi (hazırda qəsəbə) Bəyimxanımlı obası tərəfindən XX əsrin əvvəllərində salınıb. Bəyim hörmət funksiyalı tituldur, müasir ədəbi dilimizdə də bir sıra qadın adlarında mühafizə olunur. Bəyimli toponimi də “Bəyimə məxsus olan ərazi” mənasında «Bəyim» sözü əsasında yaranmışdır. Şirvan bölgəsində, İsmayıllı, Ağsu və Zərdab rayonlarında rast gəlinən Bəyimli toponimləri Bəyimlixanımlı obasının adı ilə bağlıdır.
  Mənbələrdə Şirvan əyalətinin Bəyimxanımlı obası haqqında məlumatlar var. Əhalisi rəncbərlik və heyvandarlıqla məşğul olan oba, 1826-cı ilə qədər Şirvan xanı Mustafa xanın həyat yoldaşı Fatma bəyimə mənsub olduğu üçün belə adlanıb. Fatma bəyim Şəki xanı Hüseyn xan Müştaqın qızıdır. Onun vəfatından sonra, övladları olmadığı üçün, obanın rəncbərləri çar xəzinəsinə keçib. Əvvəllər Fatma bəyimin, sonradan isə xəzinənin rəncbərləri olduğuna görə oba vergi verməyib. Hazırda Ağsu rayonunun Ərəbsarvan inzibati ərazi vahidində Bəyimli kəndi, Zərdab rayonunda Bəyimli qəsəbəsi, Girdiman çayının sahilində Bəyimli düzənliyi, bu düzənlikdə xalq arasında «Torpaqqala» və «Bəyimli qalası» kimi tanınan qədim yaşayış məskəni, İsmayıllı rayonunda Bəyimli dağı və bu dağda Birinci və İkinci  Bəyimli  adlanan  yay otlaq yerləri var.
  Bakı quberniyasının Göyçay qəzasında da Bəyimxanımlı yaşayış məntəqəsi qeydə alınmışdır. Yaşayış məntəqəsinin 1870-ci ildə qəza mərkəzindən 90 verst məsafədə, 1911-ci ildə isə 73 verst məsafədə (Kürdəmir pristav idarəsindən 47 verst məsafədə) yerləşdiyi bildirilir. Bəyimxanımlı Sorsor kənd icmasının tərkibinə daxil olub.
  Zərdab rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşən Bəyimli qəsəbəsi Bəyimxanımlı obasının qışlaq əraziləri olub. Əhali oturaq həyata XX əsrin 20-ci illərində keçib və bu ərazidə daimi yaşayış məntəqəsi yaranıb. Ərazi 1917-ci ildə Bəyimxanımlı variantında qeydə alınmışdır. Şirvan düzündə, rayon mərkəzindən 19 kilometr şimal şərqdə yerləşir, ərazisi 9623,02 hektardır. Əhali əsasən heyvandarlıq, xüsusilə də camışçılıq, əkinçilik, yemçilik, quşçuluq, bostançılıq, baramaçılıq ilə məşğul olur.
   Professor Eldəniz Həsənov Zərdab rayonunun indiki Bəyimli qəsəbəsinin ərazilərinin, XIX əsrin sonlarında, XX əsrin əvvəllərində Lələ Əhmədli kənd icmasına məxsus olduğunu bildirir. Eldəniz müəllim bildirir ki, Lələ Əhməd icması bu ərazilərdə Bəyimxanımlı ailəsinin nümayəndələrinə heyvandarlıq təsərrüfatı ilə məşğul olmaq üçün şərait yaratmışdır. Sonradan Lələ Əhmədli və Bəyimxanımlı ailələri qaynayıb-qarışmış, qohumluq əlaqələri yaratmışdılar.
  XX əsrin 60-cı illərində İsaqbağı kənd sovetliyinin tərkibində yerləşən Bəyimli kəndinə, 15 mart 1968-ci il tarixdə fəhlə qəsəbəsi statusu verilib və Bəyimli qəsəbə sovetliyi yaradılıb. Qəsəbədə tikinti, quruculuq, abadlıq işləri də aparırıb. Bəyimlidə fəaliyyət göstərən Südçülük-Camışçılıq sovxozu ötən əsrdə Respublikanın ən iri təsərrüfatlarından biri olub.
  Qəsəbənin yaxınlığında “Rəncbərlər yeri” adlanan ərazi var. Əvvəllər bu yerdə Bəyimxanımlı obasının rəncbər ailələri yaşayıb. Keçən əsrdə Zərdabın Bəyimli və Dəli Quşçu yaşayış məntəqələri arasında geniş meşə ərazisi olub. Bu meşə, 20-ci əsrin ortalarına qədər çoxlu sayda ceyranlar yaşadığına görə “Ceyranlı meşə” adlanıb.
  Bəyimli qəsəbəsində anadan olan İbrahimov Seyran İbrahim oğlu Qarabağ müharibəsində şəhid olub.
  Şabran rayonu ərazisində, Səfəvi  hökmdarı Məhəmməd Xudabəndənin həyat yoldaşı, I Şah Abbasın anası, bir vaxtlar Şirvana hücum edən qoşunlara rəhbərlik edən Məd-i Ülya bəyimin adı ilə əlaqələndirilən Bəyimdağ adlanan dağ, Tərtər rayonunda əvvəlki adı Sarov olan və sonralar Qarabağ  xanı Mehdiqulu  xanın bacısının şərəfinə adlandırılmış Bəyimsarov kəndi də var.

     <<< Geriyə


         
Создайте подобный сайт на WordPress.com
Начало работы