Əsas səhifə

Abdullayev Vüqar İsa oğlu   

abdullayev-vuqar
   Vüqar Abdullayev 1971-ci ildə Zərdab rayonunun Qaravəlli kəndində anadan olub. 1985-ci ildə kənd orta məktəbində natamam orta təhsil, sonra Zərdab şəhər Texniki peşə məktəbində peşə təhsili alıb. 1989-1991-ci illərdə keçmiş Sovet ordusunda xidmət edib. 1992-ci ilin noyabr ayında Qarabağ müharibəsinə yollanıb.  Laçın rayonunun Təzəkənd və Kürtağı kəndlərində döyüşüb. 1993-cü ilin aprel ayında Kəlbəcərin Başlıbel kəndindən mülki əhalinin sağ-salamat çıxarılması üçün köməyə gələn dəstənin tərkibində olub.
  Şahidlərin dediklərinə görə Vüqar, yerli sakinləri qəhrəmanlıqla müdafiə edib. Elşad Əzizov xatırlayır: “… atışma davam edirdi. Hələ sağ qalanların kahalarda gizləndiyindən şübhələnən 4 quldur PK pulemyotu ilə atəş açaraq irəliləyirdi. Kahada sağ qalan əliyalın sakinləri qorumağa çalışan zərdablı Vüqar əsil qəhrəmanlıq göstərirdi. O son nəfəsinə qədər döyüşərək ermənilərin kahada gizlənənlərin yerini müəyyənləşdirməyə imkan vermirdi. Bir an içərisində cəsarətlə kahanın ağzına çıxan Vüqar Abdullayev quldurların dördünü də yerə sərdi. Yenidən əvvəlki mövqeyinə doğru qaçarkən quldurlardan birinin atdığı qumbara onu kahanın 3-4 metrliyində haqladı. Vüqar da həmin gecə şəhid oldu.” Şahidlər söyləyirlər ki, ermənilər intiqam almaq üçün Vüqarın nəşini güllələr ilə deşik-deşik etmişdilər.
  Şəhid olanların hamısını dəfn etməyə çalışıblar. Şəhidləri əsasən gecə saatlarında dəfn edirdilər. Ermənilərin Şırran, Portda, Qayabaşı zonasındakı kahalarda törətdikləri qətliamda şəhid olanların hamısı elə həmin ərazidə, kahaların alt hissəsindəki yamacda dəfn edilib. Başlıbel kahasında mühasirədə olan İsmət Əzizovun xatirəsindən: “…Hamımız köməkləşib şəhidlərdən bir neçəsini dəfn edəndən sonra “Nəbinin kahası”na qayıtdıq. Səhəri gün yenidən dəfnə getdik, bu dəfə zərdablı Vüqarı, Əhliman kişini və Gülara xalanı torpağa tapşırdıq”. Qəhrəman döyüşçü Kəlbəcər rayonunun Şırran kahasında dəfn edilib.
  Şəhid Abdullayev Vüqar bir müddət itkin hesab olunub və Zərdab rayon Məhkəməsinin 1996-ci il tarixli 2-78 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir. Uzun müddət itkin hesab edilən övladından xəbər gözləyən anasının gözləri ağlamaqdan kor olub. Başlıbel faciəsi ictimaiyyətə açıqlanandan sonra, hadisə şahidlərinin ifadələrindən Vüqarın qəhrəmanlıqla şəhid olması məlum oldu.
  Başlıbel döyüşləri, faciəsi haqqında Elxan Salhovun «Qanlı kaha», Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” kitabları nəşr edilib.
<<< Geriyə
Создайте подобный сайт на WordPress.com
Начало работы