Əsas səhifə

Gur-gur kəndi

    Azərbaycanda qədim kəndlərdən biri də Gur-gur kəndidir. Müasir Zərdab ərazisində yerləşən Gur-gur hazırda rəsmi olaraq Otmanoba kəndinin ərazisinə daxildir. Əlvəndin Şirvanın mərkəzi olduğu zamanlar Gur-gur kəndi inkişaf etmiş və genişlənmişdir. Həmin dövrlərdə kənddə liman və Kür çayından keçmək üçün bərə də fəaliyyət göstərmişdir. Sonralar Gur-gurda yaşayan əhalinin əksəriyyəti müxtəlif səbəblərdən digər ərazilərə köç etmişdilər.

    Gur-gur kəndi ötən əsrlərdə indiki Otmanoba meşəsində yerləşirdi. İndi də oradakı keçmiş yurd yerlərinin qalıqları, izləri var. Yaşlı nəsil keçən əsrin 30-cu illərində burada onlarla evin olduğunu bildirirlər. Deyilənlərə görə sonralar kənddə qanlı düşmənçilik səbəbindən ardıcıl olaraq qarşılıqlı qətl hadisələri baş vermiş, nəticədə əksər ailələr başqa yaşayış məntəqələrinə köçüb getmiş, kənddə 16 ev qalmışdır. Hazırda Gur-gur adlanan məhəllədə 7 ailə yaşayır və bu ailələr də Otmanoba kənd sakinləri hesab olunurlar.
    Çar imperiyasına aid siyahıyalınma sənədlərində Gur-gur kəndi haqqında da məlumat verilmir. Çox güman ki, rus işğalından sonra bu yaşayış məntəqəsi Əlvənd icmasına daxil edilmişdir.
    Gur-gur ərazisində təsərrüfat işləri zamanı saysız-hesabsız və çox qədim məişət və mədəniyyət nümunələri tapılıb. Qaya uçqunu zamanı da buradan saxsı nümunələri üzə çıxarılmış, hətta 8 metr dərinlikdən maddi mədəniyyət nümunələri əldə edilmişdir. Kəndin ərazisində arxeoloji qazıntılar aparılmayıb, lakin araşdırmaçılar kənd ərazisində böyük bir şəhərin olduğunu ehtimal edirlər. Taleh Əliyev yazır: “Elxanilərdən Keyxatu xan 1293-cü ildə Kür çayı sahilində Qutluq-Balıq adlı böyük bir şəhər inşa etməyə başlamışdı. Şəhər tikilərkən xanın özünün Delan Naurda olduğuna əsasən, şəhərin Kürün şimal sahilində, adı çəkilən göl ilə Girdimançay arasında olduğu anlaşılır. Fikrimizcə, bu şəhər Zərdab rayonunun Əlvənd kəndi yaxınlığında yerləşən Gur-gur yaşayış yeridir.”
    Kür daşqınları səbəbindən kəndin qəbristanlığı bir neçə dəfə digər ərazilərə köçürülmüşdür. Gur-gurun yer üzündən silinməkdə olan bir qəbristanlığında vaxtilə minlərlə qəbir olub, illər keçdikcə buradakı qəbirlərin əksəriyyəti tamamilə torpaqda itiblər. Qəbiristanlıqda 1703-cü ilə aid məzar-başdaşı bu gün də qalmaqdadır. Yerli sakinlərin bildirdiklərinə görə bu qəbiristanlıq qədim olmaqla yanaşı həm də mərkəzi qəbiristanlıq olub. Köhünlü, Sovla, Seyidlər, Gur-gur, Otmanoba və digər kəndlərdən olan mərhumları burada dəfn ediblər və vaxtilə bu qəbiristanlıqda daha qədim məzarlar da olub.
    Sovetləşmənin ilk dövrlərində Gur-gur kəndində kollektivləşmə aparılıb və kənd ərazisində “İnqilab” adlanan kolxoz qurulub. Zərdab rayon dövlət arxiv idaəsinin sabiq müdiri Mirağa Bağırov, 1939-cu ildə bu kəndlə bağlı “Zərdab Staxanovçusu” qəzetinində dərc edilmiş məqalə barədə məlumat verir (zardob.blogspot.com). Məqalədə yazılıb: “Srağagün Zərdab rayon partiya komiteti aktivinin iclası oldu. İclasda Muradov, Hüseyn Süleymanov, Oruc Süleymanov, Hüseynov, Axundov, Səməd Cəbrayılov və Məmmədov yoldaşlar çıxış edərək rayonun Gur-gur kəndində “İnqilab” kolxozunun torpaqlarının Dağıstan ləzgilərinə icarəyə verildiyini, icarə pulunu isə hesaba keçirmədiklərini kəskin tənqid etmişlər.”
    “Gur-gur” toponimi haqqında müxtəlif fikirlər var. Ərazidə və eləcə də qonşu kəndlərdəki yaşlı sakinlər deyirlər ki, kəndin adı, qonşuluqdakı Əlvənd kəndi Şirvanın paytaxtı olan vaxtlarda, burada da çoxlu ailələrin yaşaması, insanların gur olması ilə əlaqədar yaranmışdır.
    Toponimin adı ilə bağlı daha bir ehtimal xəndək və axmazlar ilə əlaqədardır. Keçmişdə əhali suvarma məqsədilə süni axmazlar yaradardılar. İndiki Zərdab ərazisində, Kür çayı yaxınlığında da sakinlər süni axmazlardan istifadə etmişdilər. Bu suni axmazlar adətən Kür çayına yaxın yerdə yaradılar və daşqınlar vaxtı çaydan su xüsusi xəndəklər vasitəsilə axmazlara axıdılardı. Xəndəklərdə axmaza axan su səs-küy, gurultu yaratdığı üçün, belə xəndəkləri əhali “gurgur” adlandırardı. Mənbələrdə yazılır ki, Gur-gur kəndi də bu xəndəklərin yaxınlığında yerləşmiş və öz adını xəndəklərdən (gurgur) götürmüşdür.
    Tədqiqatçılar “Gur-gur” toponiminin “Gər-gər” sözlərinin təhrif olunaraq yarandığını da bildirirlər. Mehman Əlvənd yazır: “Müasir Əlvənd kəndinin qonşuluğunda Gur-gur kəndi də öz tarixinə görə çox qədimdir. Əslində isə bu kəndin əsl adı Gər-gərdir. Tarixi mənbələrdə bu yer haqqında məlumatlar vardır. Qətran Təbrizi də bu yer barədə yazıb.”
    Gər-gər adına türk xalqları coğrafiyasında bir sıra yerlərdə rast gəlinir. Gərgər qədim türk tayfası olan Qarqarın dəyişik variantıdır. Qarqarlar çox qədim etnosdur, əvvəlcə dağlarda məskunlaşmış, sonralar isə düzən sahələrə gələrək oturaq təsərrüfatla məşğul olmağa başlamışlar. Zaman kecdikcə Qarqar adı ilə əlaqədar olaraq adlanmış yer adları — Gərgər, Hərgər, Herher, Qərqər və Xarxar formalaşmışdır.
   Qubanın Qırız kəndinin və Qusarın Laza kəndinin yaxınlığında Gur-gur şəlaləsi, Yardımlı Peştəsər kəndi yaxınlığında Gur-gur dağ nekropolu, Türkiyənin Ərzurum əyalətinin Tekman ərazisində Gur-gur məhəlləsi var. Tiflis quberniyasının Borçalı qəzasında (indiki Cəlaloğlu rayonunda) Gər-gər kəndi olub. Gədəbəy  rayonunda  Gər-gər kəndi, Türkiyənin Adıyaman əyalətində Gər-gər inzibati rayonu,  Arazın cənubunda Gərgər mahalı, İranın Xuzistan ostanının Şuştər şəhərində, Karun çayının bir qolu olan Gərgər çayı var. Hadişəhrin cənub hissəsinin tarixi adı Gərgər olub.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы