Əsas səhifə

Bərdic şəhəri                   

  Azərbaycanın ərəblər tərəfindən işğalı haqqında məlumat verən mənbələr işğal dövrü zamanı mövcud olan onlarla şəhər, qala və yaşayış yerlərinin adlarını çəkirlər. Mənbələrdə adları çəkilən şəhərlərin bəzilərinin sirri hələ də torpaq altında qalmaqdadır. Muğan, Abxaz, Yunan, Bərdic, Bərzənc, Çiravan kimi vaxtilə mühüm əhəmiyyət daşıyan, indisə adları yalnız kağız üstə qalan onlarla yaşayış məntəqələri hələ də tədqiqatçısını gözləyir.
    Qaynaqlar Kür çayının sağ sahilində, müasir Bərdə şəhərinin yaxınlığında yerləşən qədim şəhər haqqında da məlumatlar verirlər. Bərdic və ya Bərzənc adlandırılan bu şəhərin qalıqlarının, Kür çayının yatağınının dəyişməsi səbəbindən hazırda çayın sol sahilində, müasir Zərdab rayonunun ərazisində olduğu bildirilir.
   Şəhər haqqında orta əsr ərəb mənbələrində bilgilər verilir. Azərbaycanın ticarət yolları haqqında məlumatlar verən ərəb coğrafiyaşünasları və səyyahları Bərdicin adını ölkənin kiçik, abad şəhərləri sırasında çəkirlər. 10-cu əsrdə Arranda olmuş ərəb səyyahları yazırdılar ki, Bərdədən çıxan yolçular Bərdicdə əylənir, sonra Kür çayını keçərək əl Bab, yəni Dərbənd şəhərinə gedirdilər.
   X əsr ərəb coğrafiyaşünası və səyyahı İbn Havqəl “Yollar və məmləkətlər” əsərində şəhər haqqında məlumat verir və bildirir ki, şəhərdən Bərdəyə 18 fərsəng, Şamaxıya isə 14 fərsəng yol var. Səyyahın tərtib etdiyi xəritədə “Kür üstündə mühüm ticarət şəhəri” adlandırdığı Bərdic, Bərdə — əş-Şabiran ticarət yolunun üstündə yerləşir. Bərdədən yola çıxan yolçular Bərdic, Şamaxı, Şirvan şəhərlərini keçərək əş-Şabirana yetişirdilər. Xəritəyə əsasən Bərdicdən çıxan karvanlar Bərdə şəhərindən keçməklə Tiflis, Ərdəbil şəhərləri istiqamətinə də hərəkət edərdilər.

Bərdic şəhəri

   XII əsrin səyyahı İdrisi də ticarət yollarından bəhs edərək məlumat verir ki, şəhər Kür sahilindədir, bura böyük ticarət mərkəzidir. Bərdədən Bərdicə və ya Bərzəncə 18 fərsəngdir. Şəhərdən Kür çayını keçmək ilə Şamaxıya on dörd fərsəngdir.
   10-cu əsrdə yaşamış ərəb tarixcisi Müqəddəsi «İqlimlərin öyrənilməsi üçün mükəmməl təsnifat» əsərində Rihab bölgəsindən danışır və Bərdic şəhərini bu islam bölgəsinin Ran məntəqəsinə daxil edir. Baş şəhər Bərdə olan məntəqə Tiflis, Kal, Hunan, Şəmkir, Gəncə, Bərdic, Şamaxı, Şirvan, Bakı, Şabran, Babül Ebvab, Ebhan, Qəbələ, Şəki, Malazgirt, Tabla mahallarınna bölünürdü.  Müqəddəsi bildirir ki, Bərdədən Bərdicə 1 mənzil, bu şəhərdən Şamaxıya 2 mənzil, sonra Şirvana 3 mənzil yoldur. Müqəddəsinin tərtib etdiyi xəritədə də Bərdic şəhəri Bərdə — Şabiran ticarət yolunun üstündə yerləşir. Onun xəritəsinə əsasən Bərdicdən çıxan yolçular Bərdə şəhərindən keçməklə Tiflis, Ərdəbil və Dəbil şəhərləri istiqamətinə hərəkət edirdilər.

Bərdic şəhəri, Rihab bölgəsi

    Ziya Bünyadov “Azərbaycan 7-ci 9-cu əsrlərdə” monoqrafiyasında Salman ibn Rəbiənin Azərbaycana yürüşündən bəhs edərək yazır ki, “Sonra Salmanın dəstəsi «qədim şəhər sayılan» Şamxoru, indiki Şəmkir şəhərini tutdu və şərqə sarı dönərək, Bərdic arxasında Arazın Kürlə qovuşduğu yerə getdi, Kürü keçdi.” Müasir Zərdab ərazisindəki şəhərin qalıqları Şəmkir şəhəri və Arazın Kür ilə qovuşduğu yerin, Sabirabad rayonunun arasında yerləşir.
   Həzrəti Osmanın dövründə də Xəzərlər ilə müharibə aparan İslam ordusu Şirvanın sərhədində yerləşən Bərdə şəhərindən Bərdicə daxil olmuşdular. Çingiz Mürsəlov yazır: “Xəlifə, Abdurrahman ibn Rəbiəyə Xəzərlər üzərinə getməsini əmr edib, yardım üçün Arranın şərq səfəri ilə görəvli olan Salman ibn Rəbiəyə dəstək olmasını yazdı. Salman Bərdəyə oradan da Bərdicə keçərək Şirvana girmişdir.”
   Çingiz Mürsəlov Bərzənc şəhəri haqqında da yazır, bu şəhərin də Bərdə yaxınlığında, Şirvanın sərhədində yerləşdiyini göstərir. “Şimala doğru hərəkət edən İslam ordusu Dəbili ələ keçirtdikdən sonra şimal-qərbdən Araz çayı boyunca irəliləyərək Beyləqanı və daha sonra Azərbaycanın paytaxtı Bərdə şəhərini fəth etdi. Bu sırada Muğanın fəthi Dərbənd yolunu açmışdır. Daha sonra İslam ordusu Kür çayı üzərindəki Bərzənc keçidini keçərək Şirvan bölgəsini fəth etdi.”
   Bərdic ilə Bərzənc  adlarının oxşarlığı səbəbindən tədqiqatçıların bir çoxu bu şəhərləri eyniləşdirirlər və  bu adların eyni və ya müxtəlif şəhərlərə məxsus olması mübahisəli olaraq qalmaqdadır.
   Nailə Vəlixanlı “Ərəb xilafəti və Azərbaycan” kitabında yazır ki, Bəzi tədqiqatçılar Bərdiclə Bərzənci eyniləşdirirlər. Maraqlı burasıdır ki, qismən adların oxşarlığından doğan bu dolaşıqlıq ərəb müəlliflərinin bu yerlər haqqında məlumatında da özünü göstərir. Hətta bir-birinə oxşayan Bərzənd, Bərzənc, Bərzə, Bərdic və başqaları haqqında məlumat verən Yaqut əl-Həməvi adların oxşarlığından doğan şübhələrini gizlətmir. Bununla belə, mənbələrin diqqətlə araşdırılması, hər halda, müəyyən nəticə çıxarmağa imkan verir. Bərdic şəhəri, Yaqutun məlumatına görə, Bərdənin 14 fərsəxliyində, Kürün suları ilə əhatə olunmuş bir yerdə yerləşmişdi. Bərzənc şəhəri isə, onun təsdiq etdiyinə görə, Bərdənin 18 fərsəxliyində idi. Yaqut Şamaxıya gedən yolçuların Kür çayının o biri sahilinə bərə vasitəsilə buradan keçdiklərini də bildirir. Çox güman ki, Bərzənc adı elə həmin o “bərə” sözü ilə bağlı meydana çıxmışdır.”
    Rus şərqşünası Vladimir Minorski ilə Hənəfi Palabıyıkın Bərzənc şəhərinin yerləşdiyi ərazi haqqında fikirləri tamamilə fərqlidir. Minorski yazır ki, Bərzənc şəhəri Zərdabın Körpükənd adlanan kəndinin lap yaxınlığında, Bərdədən təqribən 35 kilometr şərqdə yerləşmişdir. Hənəfi Palabıyık isə “Klassik islam çoğrafiyaçılarına görə Ərzurum” kitabında İbn Rüstəhə və Yaquta istinad edərək yazır ki, Ress çayı Varsandan Bərzənc şəhərinə keçir. Bərzənci keçdikdən sonra Kür çayı ilə birləşir və Xəzər dənizinə tökülür. Belə ki, Palabıyıkın yazdığına əsasən, Bərzənc şəhəri Varsan və Cavad, indiki Sabirabad şəhərləri arasında yerləşmişdir. Ola bilər ki, Minorski Bərdic şəhərini, adların oxşarlığı səbəbindən Bərzənc kimi göstərmişdir.
    Tarix üzrə fəlsəfə doktoru Taleh Əliyev Bərdic şəhərinin qalıqlarının müasir Zərdab rayonunun Yuxarı Seyidlər kəndi ərazisində, Qanlıca gölünün yaxınlığında, Yerağzı qədim yaşayış yerində olduğunu ehtimal edir və bildirir ki, Bərdic şəhəri Arranda, Kür çayının əyintili yerlərindən birində yerləşmişdi. Kürün əyintili sahilləri də məhz müasir Ağdaş və Zərdab rayonlarının qovşağında, Körpükənd-Yerağzı istiqamətindədir.
    <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы