Əsas səhifə

Bayat-Məlik Umud obası

   Bayat-Məlik Umud türk boylarından biri olan Bayat tayfası ailələrinin yaşadığı bir obadır, bəzi mənbələrdə Boyat-Məlik Umud adlandırılmışdır. Rəvayətə görə Bayatların adı Oğuz xanın nəvəsi Bayat xanın adından yaranıb. Türküstanda yaşayan Bayat tayfasına mənsub ailələr XIII əsrdə monqollar ilə birgə öncə Kiçik Asiyaya gəlmiş və burada Səlcuqlar ilə qarışmışdı. Buradan müxtəlif ərazilərə köçən Bayat tayfa ailələrinin bir qismi XV əsrin sonu XVI əsrin əvvəllərində səfəvilər ilə birgə Şimali Azərbaycana gəlmişdilər. Azərbaycanda məşkunlaşan Bayatlar öz adlarını Şuşa, Şamaxı və Cavad qəzalarında Bayat, Quba qəzasında Sincan Bayat, Uzun Bayat, Göyçay qəzasında Bayat-Məlik Umud, Bayat-Nadir Hüseyn (bəzi mənbələrdə Bayat-Nəzir Hüseyn) obalarına vermişdilər. Bayat tayfasının Bayat-Məlik Umud obasında məskunlaşan ailələrin başçısı Məlik Umud bəy Şirvanın Xançoban mahalının naibi təyin edilmişdir. Oba XIX əsrin əvvəllərində Çalıqışlaq adlı qışlaq yerində məskunlaşmış və yaşayış məntəqəsinə də öz adlarını vermişdilər.
   Sənədlərdə Bakı quberniyasının Göyçay qəzasında, indiki Ucar və Zərdab rayonunun ərazilərində yaşayan Bayat-Məlik Umud obası haqqında məlumatlar var, obanın qəza mərkəzindən 20-22 verst məsafədə yerləşdiyi yazılıb. 1870-ci ildə Bayat-Məlik Umud obasının 49 təsərrüfatında 161 nəfər kişi, 130 nəfər qadın olmaqla,  cəmi 291 nəfər əhali, 1879-cu ildə isə yaşayış məntəqəsinin 58 təsərrüfatında 198 nəfər kişi, 146 nəfər qadın olmaqla, cəmi 344 nəfər əhali qeydə alınmışdır.
   Çar Rusiyası tərəfindən yerlərdə kənd icmaları və oba birlikləri yaradıldıqdan sonra, Boyat-Məlik Umud oba birliyi, icması təşkil edilib. Sənədlərə əsasən, 1893-cı ildə Bərgüşad bölgəsinə daxil olan Boyat Məlik Umud icması qəza mərkəzindən 30 verst, pristav idarəsindən 16 verst məsafədə yerləşmişdir. İcmanın 76 təsərrüfatında 247 nəfər kişi, 186 nəfər qadın olmaqla, cəmi 433 nəfər əhali qeydə alınmışdır. 1890-cı ildə 2 obadan ibarət olan birliyin torpaq sahəsi 1250 desyatin idi. Sənədlərə əsasən, 1890-cı ildə oba birliyinin 72 təsərrüfatında 229 nəfər kişi, 181 nəfər qadın olmaqla, cəmi  410 nəfər əhali, 1911-ci ildə isə 51 təsərrüfatında 187 nəfər kişi, 146 nəfər qadın olmaqla, cəmi 333 nəfər əhali yaşayıb.
   Boyat Məlik Umud yaşayış məntəqəsi 1917 və 1921-ci illərdə Bərgüşad bölgəsinin Lək kənd icmasının tərkibində yerləşib. Kənddə 1917-ci ildə 152 ev, 1924-cü ildə isə 120 ev qeydə alınıb. Sovet hakimiyyəti illərində Boyat-Məlik Umud oba birliyinə mənsub ailələr, Ucarın indiki Boyat və Zərdabın indiki Məlikumudlu kəndlərində daimi məskunlaşıblar.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы