Əsas səhifə

Bala Dəkkə kəndi

   Bala Dəkkə yaşayış məntəqəsi hazırda Təzəkənd kəndinin bir məhəlləsidir. Hacı Əsədli nəslinə mənsub ailələr tərəfindən salınan Bala Dəkkənin tarixi XIX əsrdən başlayır. Üzün müddət rayonun icra strukturlarında müxtəlif vəzifələrdə çalışan, rayon qəzetinin əməkdaşı olmuş, Təzəkənd sakini, jurnalist Fərasət Bilalov bildirir ki, Bala Dəkkə sakinləri əvvəllər Kür çayının indiki yatağında, Hacı Mahmudlu adlanan obada məskən salmışdılar. Daşqınlar səbəbindən sakinlər təqribən 400-500 metr məsafədə olan Böyük Dəkkə yaxınlığına köçüblər. Yaşayış məntəqəsini Böyük Dəkkədən fərqləndirmək üçün Bala Dəkkə adlandırıblar. 
   Bala Dəkkənin təsərrüfat həyatında baramaçılıq, pambıqçılıq və daha çox balıqçılıq üstünlük təşkil etmişdir. Sakinlər həm satmaq, həm də qida kimi balığın kürüsünə daha çox üstünlük verirdilər. Balıq, Böyük Vətən müharibəsi illərində Bala Dəkkəliləri və eləcə də Kür sahilində yaşayan digər sakinləri aclıqdan qurtaran əsas qida olmuşdur.
   Bala Dəkkə kəndində 1917-ci ildə 17 ev, 1921-ci ildə isə 18 ev qeydə alınmışdır. Sənədlərə əsasən, 1933-cü ildə Bala Dəkkə kəndinin 20 təsərrüfatında 128 nəfər əhali yaşayıb. Fərasət müəllim bildirir ki, Bala Dəkkədə kolxoz 1935-ci ildə yaradılıb və onun ilk sədri Süleyman Süleymanov olub. Süleyman kişi tək kənddə deyil, bütün rayonda müdrik, sözü keçən ağsaqqal kimi tanınıb. Kolxoz o vaxtlar Respublika Nazirlər Sovetinin Sədri işləmiş Hüseyn Rəhmanovun adını daşıyıb, pambıq yığımında fərqləndiyi üçün Azərbaycan Kənd Təsərrüfatı Sərgisində də iştirak edib. Sonrakı illərdə Bala Dəkkə Təzəkənd kəndinə, təsərrüfatı isə «Kommunist» kolxozunun tərkibinə birləşdirilmişdir.
    <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы