Əsas səhifə

Yarməmmədbağı kəndi

   Yarməmmədbağı kəndi rayon mərkəzindən 12 kilometr cənub-qərbdə, Kür çayının sahilində yerləşir, ərazisi 1057,70 hektardır. Əhali əsasən heyvandarlıq, taxılçılıq, yemçilik, pambıqçılıq, meyvəçilik, baramaçılıq, bostançılıq, balıqçılıq ilə məşğul olur.
   Yaşayış məntəqəsi Kür sahili ərazilərindəki çökəkliklərdə salınıb. 1855-ci ildə bu çökəklikdə yerləşən tut bağı dövrünün nüfuzlu şəxslərindən biri olan Yarməmmədə verilmişdir. Sonralar Zərdabdan və digər ərazilərdən gələn müxtəlif nəsillərə mənsub ailələr bu bağda yurd salaraq yaşayış məntəqəsi formallaşdırmağa başlayıblar. Yarməmmədbağı hazırda müasir Zərdab rayonunun ən böyük kəndlərindən biridir.
   1917-ci ildə Yarməmmədbağı kəndində 101 ev, 1921-ci ildə isə 81 ev qeydə alınmışdır.  Sənədlərə əsasən yaşayış məntəqəsində keçən əsrin əvvəllərində 512 nəfər əhali yaşayırdı. Kənd 1926-cı ilədək Bakı qeberniyasının, Azərbaycan Cümhiriyyətinin və Azərbaycan SSR-nin Göyçay qəzasının II Zərdab kənd icmasının tərkibinə daxil idi. 1926-1929-cu illərdə Göyçay qəzasının Zərdab bölgəsinin, 1929-1935-ci illərdə Göyçay rayonunun kəndi olan Yarməmmədbağı, 1935-ci ildə yeni yaradılan Zərdab rayonunun tərkibinə daxil edilib. 1933-cü ildə kəndin 112 təsərrüfatında 602 nəfər (331 kişi, 271 qadın) əhali qeydə alınıb. 1933-cü ildə kəndin cəmi 20 təsərrüfatı kollektivləşdirilmişdir.
    Yarməmmədbağı kəndi 1961-ci ildə Məmmədqasımlı, Gödəkqobu, Pərvanlı, Lələağacı kəndləri ilə birlikdə Məmmədqasımlı kənd sovetliyinin tərkibinə daxil idi.  1977-ci ildə isə Yarməmmədbağı sovetliyi, Yarməmmədbağı kəndi ilə birlikdə Lələağacı, Qoruqbağı, Sarıqaya, Pərvanlı kəndlərini də birləşdirirdi. Hazırda mərkəzi Yarməmmədbağı olan kənd inzibati-ərazi dairəsinin tərkibinə Lələağacı kəndi də daxildir.
   Yaşayış məntəqəsinin adı “Yarməmmədin bağı” mənasını verir. Yarməmməd Əli oğlu Zərdabın tanınmış, varlı şəxslərindən biri olub. Həsən bəy Zərdabi 1883-cü ildə “Kaspi qəzetində dərc etdirdiyi “Qaradolaqlılar” haqqında 2-ci məqaləsində Yarməmməd haqqında yazır. Həsən bəy yazır ki, Qaradolaq bəyləri Zərdabın varlı kəndlilərindən olan Yarməmməd Əli oğlundan yataq yeri almaq üçün 300 rubl istəyirlər. Yarməmməd buna razı olmur, çünki yaxşı bilir ki, bu pulu ona qaytarmayacaqlar. Yarməmmədə hədə-qorxu edirlər, lakin bu da kömək etmir. Qaradolaqlılar onun tövləsinin qapısını sındırıb 4 öküzünü aparırlar. Üç nəfər, yalnız Yarməmmədin əlində tüfəng olmaqla oğruları təqib edirlər. Oğruların birini öldürüb, öküzləri geri qaytarırlar. Yarməmmədi qanbahasını ödəməyə razı salıblar, lakin qaradolaqlılar və zərdablılar arasında gərginlik bir müddət davam edib.
   Yaşayış məntəqəsində dövrünün tanınmış, nüfuzlu şəxslərindən biri olan Ağayar adlı şəxs də yaşayıb. Ərazidə Ağayar düzü, Ağayar çalası, Ağayar qobusu kimi adlanan ərazilər həmin şəxsin adı ilə bağlıdır. Yarməmmədbağı və Lələağacı kəndlərinin sərhədində sıx bitmiş yulğun ağacları ilə örtülü ərazi var. Yerli əhali buranı pir adlandırır. Deyilənlərə görə XIX əsrin ortalarında çar Rusiyasına qarşı baş verən Şirvan üsyanının rəhbərlərindən biri olmuş Hacı Əhməd əfəndi rus hökumətinin təqibindən qaçaraq burada gizlənmişdir.
   Kənd sakinləri Cəbişov Daşqın Qulu oğlu, Allahverdiyev Bəşir Allahverdi oğlu, Qasımov Zaur Abahan oğlu Qarabağ müharibəsində şəhid olublar.

     <<< Geriyə


     
Создайте подобный сайт на WordPress.com
Начало работы