Əsas səhifə

Şəki əyaləti (1819 — 1840)         

   Şəki adını eramızdan əvvəl Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya hərəkət edən sak (saka) tayfalarının adı ilə bağlayırlar. Saklar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını veriblər. Sakların məskunlaşdığı ərazilərdən biri də Şəki olub.
   XIX əsrin əvvəlində Azərbaycanın şimal-qərbində yerləşən dövlətlərdən biri də Şəki xanlığı idi. Rusiyanın işğalı ərəfəsində Qutqaşın və Ərəş sultanları da Şəki xanlığından asılı vəziyyətdə idi və bu xanlıqda 20 min ev olduğu bildirilir. Xanlığı Səlim xan idarə edirdi. Tarixə Kürəkçay müqaviləsi adı ilə düşmüş sazişə əsasən, 21 may 1805-ci il tarixdə Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. 1806-cı ilin iyununda Qarabağ xanı İbrahimxəlil xan öz ailəsi ilə birlikdə vəhşisəcinə qətlə yetirilməsindən qəzəblənən Səlim xan ruslara qarşı çıxdı. Ömrünün sonuna qədər çarizmə, əsarətə qarşı mübarizə aparan Səlim xan bu döyüşdə məğlub edildi və ailəsi xan olmaq hüququndan məhrum olundu. 1806-cı ilin dekabr ayının 10-da İrandan üz döndərib Rusiya tərəfinə keçən Xoy hakimi Cəfərqulu  xan Şəki xanı təyin edildi. Rus ordusunun general-leytenantı rütbəsinə layiq görülən Cəfərqulu xan ömrünün sonuna qədər imperiyanın sadiq nökəri olmuşdur. Cəfərqulu xanın ölümündən sonra İsmayıl xan Şəki xanı elan edildi. Bir müddət sonra əslən erməni olan, rus silahının köməyi ilə Qafqazda amansız vəhşiliklər, xüsusi qəddarlıq törədən, niyyəti ən münbit torpaqlarda ermənilərin yerləşdirilməsi olan, Talış hakimi Mir Həsən xanın həbs olunmasında, Gəncə xanı Cavad xanın oğlu Uğurlu ağanın vəhşicəsinə qətlə yetirilməsində və meyitinin yandırılmasında yaxından iştirakı olan general V.Q. Madatov Şəki xanlığında peyda olur. V.Q.Madatovun xanlığın ərazisində görünməsindən bir həftə sonra İsmayıl xan zəhərlənib öldürüldü. İsmayıl xanın ölümündən sonra, 1819-cu ilin iyul ayının 31-də Şəkidə xanlıq üsul-idarəsini ləğv olundu.

Şəki əyaləti

   İşğal edilmiş xanlıqların ərazilərində yeni inzibati ərazilər yaradılmışdır. Şimali Azərbaycan torpaqlarında Bakı, Quba, Şirvan, Şəki, Qarabağ və Talış əyalətləri, Yelizavetpol və Car-Balakən dairələri, İrəvan vilayəti, Qazax və Şəmşədil inzibati əraziləri yaradılmışdır. Əyalətlər iki dairədə birləşdirilmişdir. Dairələrə hərbi dairə rəisləri rəhbərlik edildi. Əyalətin rəhbərliyi Qafqazın Baş komandanı tərəfindən rus ordusunun zabitlərindən təyin edilmiş komendantlara həvalə olunmuşdur. Şəki xanlığının ərazisində də komendant üsul-idarəsi yaradıldı və mayor Fon Disterlo Şəki komendantı təyin olundu. Komendant idarəçiliyinə təsərrüfat, məhkəmə, polis və gizli bölmə adlanan idarəetmə strukturları daxil idi. Komendantlara böyük səlahiyyət verilmişdir, onlar dövlət xəzinəsinə, yerli müəssisələrə nəzarət edir, mahallara naibləri, məmurları təyin edir, vergilərin yığılmasını həyata keçirir, yolların və körpülərin vəziyyətinə, çarizmin Azərbaycandakı yerinin və siyasətinin möhkəmlənməsinə cavabdeh idilər. Gizli bölmə əhalinin əhvalını, rus hakimiyyətinə münasibətləri öyrənirdi.
   XIX əsrin əvvəlində Şəki xanlığının əhalisi haqqında ilk məlumat 1804-cü ilə  aiddir. Sənədlərdə göstərilir ki, 1804-cü ildə Şəki xanlığı 15000 evdən ibarət olub və xanlıqda 75000 nəfər əhali yaşayırdı. 1824-cü il siyahıya alınmasına görə isə, Şəki əyalətinin 272 kəndində 84517 nəfər əhali yaşayıb. Əyalətdə 8 mahal, Şəki, Ərəş, Ağdaş, Padar, Alpout, Qutqaşın, Xaçmaz və Bum mahalı var idi. Ən böyük mahal Şəki mahalı idi. Bu mahalda 89 kənd, 7463 ev,  33797 nəfər əhali qeydə alınmışdır. Siyahıyaalma zamanı Vartaşen kəndində yaşayan provoslav udinlər, gürcü kimi, orada və başqa kəndlərdə yaşayan qriqoryan məzhəbli udinlər isə erməni kimi yazılmışdı. O cümlədən Qutqaşın mahalının Sultan Nuxa kəndinin ana dilləri azərbaycan türkcəsi olan qriqoryan məzhəbli xristian əhalisi də erməni kimi qeydə alınmışdır. Yəhudilərin yaşadığı yeganə kənd isə Vartaşen kəndi idi. Ləzgilər də siyahıyaalmada «tatar» kimi qeydə alınıb, amma 3–4 kəndin ləzgi kəndi olması və hətta onların neçənci ildə Dağıstandan, yaxud Qubadan həmin yerə kim tərəfindən köçürülməsi də göstərilmişdir.
   Sənədlərə əsasən, evlərin sayına görə əyalətin ən böyük kəndləri Xaçmaz (842 ev), Qutqaşın (663 ev), Vartaşen (656 ev), Göynük  (538 ev), Vəndam (445 ev), Nic (483 ev), Küngüt (404 ev), Biləcik (350 ev), Zəyzid (304 ev), Bum (281 ev), əhalinin sayına görə isə Xaçmaz (3844 nəfər), Göynük (3433 nəfər), Qutqaşın (3126 nəfər), Vartaşen (3103 nəfər), Vəndam (2165 nəfər), Nic (1997 nəfər), Küngüt (1814 nəfər), Biləcik (1576 nəfər), Bum (1470 nəfər), Zəyzid (1382 nəfər) kəndləri olub. Əyalət sakinləri əsasən kənd təsərrüfatı, xüsusilə bağçılıq və ipəkçilik, sənətkarlıq və ticarət ilə məşğul olurdular. 1824-cü ildə Şəki şəhərində 400 ticarət obyekti, həftəbazarı adlanan yarmarkalar fəaliyyət göstərirdi. Ticarətdə ipək satışı əsas yer tuturdu. 1834-cü ildə Şəkidə ipəyə tələbat 7805 pud təşkil etmişdir. İpək əsasən Rusiya, Fransa, İran və Türkiyəyə daşınırdı. Əyalətdə neft, duz, dəmir, qənd, buğda və sairə məhsulların da ticarəti həyata keçirilirdi. Şəki əyalətində sənətkarlığın demək olar ki, bütün sahələri geniş inkişaf  etmişdi. Şəki sənətkarlarının hazırladığı məhsullar nəinki əyalətdə satılır, eyni zamanda Bakı, Quba, Qarabağ və digər ərazilərə aparılırdı. Boyaqçılıq, dəriçilik, misgərlik, zərgərlik, dabbaqlıq, qalayçılıq ən çox inkişaf etmiş sənətkarlıq sahələri idi. 1829-cu ildə Şəki əyalətində cənubi Qafqazda ilk kapitalist müəssisəsi, Xanabad ipəkçilik emalatxanası fəaliyyətə başlamışdır. Emalatxana elə də böyük olmasa da, məhsullarının keyfiyyəti ilə fərqlənirdi. Fabrikdə 30 dəzgah quraşdırılmışdır, 72 nəfər yerli işçi ilə yanaşı 12 italiyalı ailə də çalışırdı.
   Ruslar Qafqazı işğal etdikləri zaman ermənilərin xəyanətkar əməllərindən öz məqsədləri naminə  istifadə etmişdilər. Ermənilər də öz riyakar əməllərini həyata keçirmək üçün ruslar ilə əməkdaşlıq edirdilər. Rusiya işğaldan dərhal sonra İran və Türkiyədən Qafqaza, o cümlədən Azərbaycana ermənilərin  kütləvi köçürülməsinə və yerləşdirilməsinə başlamışdı. Cəfərqulu xan da Şəkiyə özü ilə 1000 nəfərlik ailə gətirmişdi. Bu ailələrin içərisində xan ailəsinin nökərləri olan və mənbələrdə «Xoy erməniləri» adı ilə qeyd edilən erməni ailələri də var idi. Gələn ailələrin bir hissəsi Şəki xanlığının kənarlarında məskunlaşdırıldı, bir hissəsi isə şəhərdə yerləşdirildi. Əkinçilikdə məşğul olan bu erməni ailələri yerli əhalini öz evindən çıxararaq onlara məxsus olan əmlakı mənimsəyir, özbaşınalıqlar törədirdilər. Xanlığın mərkəzinə gətirilən ermənilər isə quldurluq edir, talançılıqla məşğul olur, əhalini soyur və incidirdilər. Cəfərqulu xanın gətirdiyi Xoy ailələri geriyə qaytarılsa da, onların xanlığın ərazisində saxlamaqda maraqlı olan ruslar xoy erməni ailələrinə toxunmadılar.
   Erməni Madatov Qarabağda və ətraf ərazilərdə bir çox torpaqları zorla öz mülkiyyətinə keçirirdi. O müxtəlif  ərazilərdə yaşayan erməniləri qərəzli olaraq Qarabağa köçürür, bu ərazidə xüsusi erməni mərkəzi yaratmağa səy göstərirdi. General V.Q.Madatov 1817-ci ildə Şəkidə yaşayan, erməni adlandırılan 400 ailəni də Qarabağa aparan zaman məhz bu fitnəkar məqsədi güdürdü. Əslində bu erməni adlanan ailələr Qacarın Qarabağa hücumu zamanı Şəkiyə qaçan albanlar idi.
   XIX yüzilliyin əvvələrində Rusiya işğal edilmiş ərazilərə rus təriqətçilərinin və  bidətçilərinin  köçürülməsinə xüsusi diqqət yetirirdi. Şimali Azərbaycanda ilk rus məskənləri 1830-cu illərin əvvəllərində yarandı. XIX əsrin 30-40-cı illərində bu iş xeyli  sürətləndi. 1843-cü ildə Şəki qəzasına 78,  1844-cü ildə isə 63 nəfər rus təriqətçisi köçürülmüşdü. Ruslar yerli əhali olan qədim türk etnoslarının, ingiloyların, udinlərin (utilərin) xristianlaşdırılması siyasətini də həyata keçirmişdir.
   1805-ci ildə Şəki xanlığı Rusiya imperiyasına birləşdirildikdən sonra, müxtəlif vaxtlarda işğalçılara qarşı çıxışlar olmuşdur. Hələ 1806-cı ildə xəyanətlə barışmaq istəməyən Səlim xan rus qoşunları üzərinə hərəkət edərək, Tiflis  alayının 2 rotasını şəhərdən qovmuş, ömrünün sonuna qədər güclü düşmənə qarşı mübarizə aparmışdır. Cəfərqulu xanın Şəkiyə xan təyin edilməsi yerli əhalinin kəskin müqaviməti ilə qarşılanmışdı. 1807-ci il yanvarın 5-də Şəki əhalisi bu təyinata etiraz əlaməti olaraq bir neçə rus əsgərini öldürmüşdü. Xanın hakimiyyətini tanımaq istəməyənlər dərhal həbs edilmişdi. Rusiya işğalına qarşı ən böyük və birinci üsyan 1807-ci ildə Göynükdə başladı. Üsyana Baş Göynük kənd sakini sultan Murad başçılıq edirdi. Qeyri-bərabər döyüşdə üsyançıların güclü müqavimət ilə üzləşən rus işğalçıları toplardan istifadə edərək onların sıralarını dağıtdı. 3 gün davam edən şiddətli döyüşdən sonra qüvvələri tükənən üsyançılar təslim oldular. Üsyan başçısı sultan Murad həbs olunsa da, qaladan qaçmış və Cara gedərək müstəmləkə əsarətinə qarşı mübarizəni davam etdirmişdi. 1814-cü ildə İsmayıl xanın Şəki xanı elan edilməsindən sonra Şəkidə yeni üsyan baş qaldırdı. Rus kapitanı Denibekov İsmayıl xanın və Şəkinin bir sıra nüfuzlu bəylərinin məsləhəti ilə üsyan başçıları ilə danışığa girdi. Lakin kapitan xəyanət edərək danışığa gələn 4 nəfər üsyan başçısını həbs elədi, 70 əsgər və bir top götürərək qaladan çıxıb üsyançıların üzərinə yeridi. Silahsız xalq müqavimət göstərməyin çətin olduğunu görərək evlərinə dağılışdılar.  1826-cı ildə Şəki əhalisi yenidən üsyan qaldırdı. Qorxuya düşən Rusiya öz qoşunlarını şəhərdən  çıxarmaq məcburiyyətində qaldı. Səlim xanın oğlu Hüseyn xan yaranmış vəziyyətdən istifadə edərək xanlığı ələ keçirdi. Lakin 1826-cı ilin sonunda rus qoşunlarının qələbəsindən sonra hakimiyyəti əldə saxlaya bilməyən Hüseyn xan İrana getdi.
   1838-ci il Şəki üsyanı XIX əsrin I yarısında şimal-qərbi Azərbaycanda baş verən ən böyük üsyanlardan biri idi. Üsyana Hüseyn xanın oğlu Məmməd bəy başçılıq edirdi. 1838-ci ilin avqustunda Quba mahalının yuxarı hissəsində 5 minədək atlı və piyada qoşun toplayan Məmməd bəy Rutuldan olan Ağa bəylə birlikdə Şəki əyalətinə girdi. 400 evdən ibarət Xaçmaz kəndinin sakinləri dağlılara qoşuldu. Qısa müddətdə üsyan bütün Şəki əyalətini bürüdü. Üsyançılarla  birləşməyə cəhd göstərən dağlı qoşunu ilə Şəkidə yerləşdirilmiş rus qoşunu arasında şiddətli döyüş başladı. Məmməd bəy Şəkiyə yaxın olan yüksəklikləri ələ keçirərək şəhərə daxil oldu. Döyüşlər zamanı hər iki tərəf ağır itki verdi. Tezliklə  üsyançılar qaladan 15 sajen aralıda yerləşən karvansarayı, ona yaxın olan bütün tikililəri və bağları ələ keçirdilər. Şəhərdə olan 320 nəfərlik rus qarnizonu qalada gizləndi. Qalanın bir hissəsini dağıdan üsyançılar komendant idarəsini, əyalət xəzinəsini ələ keçirdilər. Dağlı qoşunu ilə birləşən üsyançıların əlbir mübarizəsi işğalçılara amansız zərbə vurdu. Tiflisdən hərbi qüvvələr ruslara köməyə gəldi. Dağlı qoşunu şəhəri tərk etdi və rus qoşunu şəhərə daxil oldu. Üsyan amansızlıqla yatırıldı, üsyan başçısı Məmməd bəy isə yenidən İrana qayıtdı.
    XIX əsrin 30-cu illərində komendant idarəetməsi artıq özünü doğrultmadı. Zabitlərdən təyin edilmiş komendantlar eyni vaxtda hərbi rəis, məhkəmə, mülki rəhbərlik vəzifələrini və dövlət xəzinəsinə nəzarəti yerinə yetirə bilmirdilər. Odur ki, 1840-cı ildə Qafqazın yerli idarəetmə sistemində əhəmiyyətli dəyişiklik edildi və Rusiyanın quberniyalarında olduğu kimi vilayətlər, qəzalar və bölgələr yaradıldı. 22 aprel 1840-cı il tarixdə, I Nikolayın fərmanı ilə təsdiq edilmiş “Zaqafqaziya diyarının bölünməsi haqqında əsasnamə”sinə uyğun olaraq, Cənubi Qafqazda Kaspi (Xəzər) vilayəti təşkil edilmiş, 01 yanvar 1941-ci ildə bu fərman qüvvəyə minmişdir. Şəki əyaləti də bir inzibati ərazi kimi ləğv edilmiş və Xəzər vilayətinin tərkibinə daxil edilmişdir. 1846-cı ilə qədər mövcud olmuş vilayət  inzibati cəhətdən 7 qəzadan, Şamaxı, Qarabağ, Şəki, Talış, Bakı, Quba və Dərbənd qəzalarından ibarət idi. Şəki qəzası 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı.

     <<< Geriyə


Создайте подобный сайт на WordPress.com
Начало работы