Əsas səhifə

Göyçay qəzası                 

   Bakı quberniyasının inzibati-ərazi vahidi olan Göyçay qəzası 09 dekabr 1867-ci il tarixli çar fərmanı əsasında, Şamaxı qəzasından ayrılaraq yaradılmışdır. Quberniya ərazisinin 12,22 faizini təşkil edən qəzanın ərazisi 4156,9 kvadrat verst idi, qəzanın idarəetmə idarəsi isə Göyçay poçt məntəqəsində yerləşirdi.

Göyçay qəzası

  1870-ci ildə quberniya əhalisinin 10,69 faizini təşkil edən qəza əhalisinin əksəriyyəti kəndlərdə yaşayırdılar və əsasən əkinçilik, maldarlıq və ipəkçiliklə məşğul olurdular. Qəzada 179 yaşayış məntəqəsi, 9990 ev, 27509 nəfər kişi, 22544 nəfər qadın olmaqla, cəmi 50053 nəfər əhali qeydə alınmışdır. 24 yaşayış məntəqəsində 100-dən artıq ev olan qəzanın 1 kvadrat verst sahəsinə 12,04 nəfər əhali düşürdü, 1 evdə orta hesabla 5 nəfər, 7 yaşayış məntəqəsində isə 1000 nəfərdən artıq əhali yaşayırdı.
    1870-ci ildə evlərin sayına görə qəzanın ən iri yaşayış məntəqələri Kürdəmir, Zərdab, Əlvənd, Bərgüşad, Tilanköyün kəndləri, əhalininin sayına görə isə Kürdəmir, Əlvənd, Zərdab, Bərgüşad, Qazyan kəndləri idi.
    XIX əsrin sonlarında Kürdəmir bölgəsi Göyçay qəzasının tərkibindən çıxarılaraq Şamaxı qəzasının tərkibinə, Lahıc bölgəsi isə Şamaxı qəzasının tərkibindən çıxarılaq Göyçay qəzasının tərkibinə daxil edilmişdir.
   Sənədlərə əsasən, 1879-cu ildə Göyçay qəzası 123 kənd, 20 oba, 2 yeni köçürülmüş sakinlər üçün məntəqə, 2 poçt məntəqəsi, 1 ticarət və sənaye üçün nəzərdə tutulan məntəqə olmaqla, cəmi 148 məntəqədən ibarət idi. 10885 evdən 9797-si kəndlərdə, 986-sı obalarda, 102-si isə digər məntəqələrdə yerləşirdi. 1 yaşayış məntəqəsi 4 evdən, 1 yaşayış məntəqəsi 5 evdən, 3 yaşayış məntəqəsi 6-10 evdən, 107 yaşayış məntəqəsi 11-100 evdən, 27 yaşayış məntəqəsi 101-200 evdən, 2 yaşayış məntəqəsi 201-250 evdən, 1 yaşayış məntəqəsi 251-300 evdən, 2 yaşayış məntəqəsi 301-350 evdən, 1 yaşayış məntəqəsi 545 evdən, 1 yaşayış məntəqəsi isə 708 evdən ibarət idi.
  1879-cu ildə qəzada 33016 nəfəri kişi, 27283 nəfəri qadın olmaqla, cəmi 60299 nəfər əhali qeydə alınmışdır. Poçt məntəqələrində yerli əhali yaşamırdı. Əhalinin 412 nəfəri ticarət və sənaye üçün nəzərdə tutulan yerlərdə, 55029 nəfəri kəndlərdə, 4571 nəfəri obalarda məskunlaşmışdılar. 55728 nəfər əhali daimi yaşayan, 4571 nəfəri isə müvəqqəti yaşayan sakinlər idi.
  3 yaşayış məntəqəsinin 11-25 nəfər, 2 yaşayış məntəqəsinin 26-50 nəfər, 11 yaşayış məntəqəsinin 51-100 nəfər, 67 yaşayış məntəqəsinin 101-300 nəfər, 29 yaşayış məntəqəsinin 301-500 nəfər, 25 yaşayış məntəqəsinin 501-1000 nəfər, 8 yaşayış məntəqəsinin 1001-1500 nəfər, 1 yaşayış məntəqəsinin isə 5750 nəfər sakini var idi. 1879-cu ildə qəzanın ən iri yaşayış məntəqələri Lahıc, Zərdab, Bərgüşad, Qazyan, Şilyan kəndləri idi.
  1890-cı ildə 391219 desyatin torpaq sahəsi olan qəzada 77 kənd icması, 145 yaşayış məntəqəsi, 12594 ev, 40970 nəfəri kişi, 34842 nəfəri qadın olmaqla, cəmi 75812 nəfər əhali qeydiyyata alınmışdır. Ərazisinə görə ən iri icmalar Lahıc, Qazyan, Xəlilli Quba, Şıxlı, Lələ Əhmədli kənd icmaları, evlərin sayına görə Lahıc, Bərgüşad, Qazyan, Kalagin, Məlikkənd icmaları, əhalinin sayına görə isə Lahıc, Kalagin, Bərgüşad, Qazyan, Koşxurt kənd icmaları idi.
   1893-cü ildə Göyçayda (qəza mərkəzi) 471 nəfəri kişi, 171 nəfəri qadın olmaqla, cəmi 642 nəfər əhali qeydə alınmışdır. 76 kənd icmasından, 143 yaşayış məntəqəsindən ibarət olan qəza 2 bölgəyə, Bərgüşad və Lahıc bölgələrinə bölünmüşdür. Qəzada 12830 ev, 76002 nəfər əhali qeydə alınmışdır. Qəzanın ən iri icmaları Zərdab, Lahıc, Şilyan, Bərgüşad, Qazyan icmaları, ən iri kəndləri isə Lahıc, Şilyan, Bərgüşad, Qazyan, Zərdab kəndləri idi.
   Mərkəzi Məlikkənd olan Bərgüşad bölgəsində 42 kənd icması, 83 yaşayış məntəqəsi, 8025 ev, 40299 nəfər əhali, mərkəzi İvanovka kəndi olan Lahıc bölgəsində isə 34 kənd icması, 60 yaşayış məntəqəsi, 4805 ev, 35703 nəfər əhali qeydə alınmışdır.
   XX əsrin əvvəllərində Kürdəmir bölgəsi yenidən Göyçay qəzasının, Lahıc bölgəsi isə Şamaxı qəzasının tərkibinə daxil edilmişdir. 1902-ci ildə 17129 evdən ibarət olan qəzada 57094 nəfəri kişi, 48838 nəfəri qadın olmaqla, cəmi 105932 nəfər əhali qeydə alınmışdır. Ən iri icmalar Kürdəmir, Əlvənd, Bərgüşad, Qazyan, Tilanköyün, I Zərdab kənd icmaları idi.
  1911-ci ildə 119 icmadan, 223 yaşayış məntəqəsindən, 18427 evdən ibarət olan qəzada, 67738 nəfəri kişi, 54742 nəfəri qadın olmaqla, cəmi 122480 nəfər əhali qeydə alınmışdır. 1 kvadrat verst sahəyə 18,10 nəfər əhali düşürdü. Qəza 3 bölgəyə, Bərgüşad, İvanovka və Kürdəmir bölgələrinə bölünmüşdür.
   48 icmadan, 85 yaşayış məntəqəsindən, 8147 evdən ibarət olan Bərgüşad bölgəsində 26646 nəfəri kişi, 21917 nəfər iqadın olmaqla, cəmi 48563 nəfər əhali, 31 icmadan, 67 yaşayış məntəqəsindən, 4728 evdən ibarət olan İvanovka bölgəsində 18816 nəfəri kişi, 15961 nəfəri qadın olmaqla, cəmi 34777 nəfər əhali, 40 icmadan, 108 yaşayış məntəqəsindən, 5552 evdən ibarət olan, Kürdəmir bölgəsində isə 22276 nəfəri kişi, 16864 nəfəri qadın olmaqla, cəmi 39140 nəfər əhali qeydə alınmışdır.
   1911-ci ildə qəzanın ən iri icmaları Kürdəmir, Qazyan, Əlvənd, Bərgüşad, Ərəb Abdul Kərim, Lək Çılpaq, I Zərdab kənd icmaları idi. Evlərin sayına görə qəzanın ən iri yaşayış məntəqələri Yeni Şilyan, Kürdəmir, Yuxarı Şilyan, Bərgüşad, Zərdab kəndləri, əhalinin sayına görə isə Kürdəmir, Qazyan, Bərgüşad, Zərdab, İvanovka, Gəndəbil kəndləri idi.
   1917-ci ildə ərazisi 4676,58 kvadrat verst olan qəzada 73891 nəfəri kişi, 60207 nəfəri qadın olmaqla, cəmi 134098 nəfər əhali qeydə alınmışdır. Əhalinin 127650 nəfərini yerli sakinlər, 6448 nəfərini isə müvəqqəti yaşayanlar təşkil edirdi. Əhali əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. Kustar sənaye sahələri, xalçaçılıq və ipəkçilik də inkişaf etmişdi. Qəza 4 bölgəyə Kürdəmir, Bərgüşad, Müsüslü və İsmayıllı bölgələrinə bölünmüşdür. 1917-ci ildə Kürdəmir Sığırlı, Bərgüşad, Qazyan, Lək Çılpaq, İvanovka kəndləri evlərin sayına görə qəzanın ən iri yaşayış məntəqələri idi.
    Azərbaycan Cümhuriyyəti dövründə və eləcə də sovet Azərbaycanının ilk illərində, 1929-cu ilədək qəza inzibati ərazi bölgüsü saxlanılmışdır. 1921-ci ildə Kürdəmir bölgəsində 10 kənd sovetliyi, Bərgüşad bölgəsində 4 kənd sovetliyi, Müsüslü bölgəsində 4 kənd sovetliyi, İsmayıllı bölgəsində isə 6 kənd sovetliyi fəaliyyət göstərirdi. Qəzanın ən iri yaşayış məntəqələri Kürdəmir Sağırlı, Qazyan, Bərgüşad, Lək Çılpaq, İvanovka, kəndləri idi.
   1922-25-ci illərdə də 4 bölgədən ibarət olan qəza,1926-cı ildə 7 bölgəyə Zərdab, Qaraməryəm, Kürdəmir, Mollakənd, Müsüslü, Suraxanı və Ucar bölgələrinə bölünmüşdür. Suraxanı bölgəsi İsmayıllı da adlandırılırdı. Zərdab bölgəsində 5 kənd sovetliyi, Qaraməryəm bölgəsində 10 kənd sovetliyi, Kürdəmir bölgəsində 7 kənd sovetliyi, Mollakənd, bölgəsində 9 kənd sovetliyi, Müsüslü bölgəsində 10 kənd sovetliyi, Suraxanı bölgəsində 10 kənd sovetliyi, Ucar bölgəsində isə 12 kənd sovetliyi fəaliyyət göstərmişdir. Qəzanın ərazisi 5320 kvadrat kilometr, mərkəzi isə Bakıdan məsafəsi 268 km olan Göyçay şəhəri idi. 1 şəhərdən, 63 kənd sovetliyindən, 273 kənddən, 21916 evdən ibarət olan qəzada, 91978 nəfəri kişi, 80873 nəfəri qadın olmaqla, cəmi 172851 nəfər əhali qeydə alınmışdır.
   Göyçay qəzası 1929-cu ildə Azərbaycan Respublikasının rayonlaşdırılması ilə əlaqədar olaraq ləğv olunmuşdu.

     <<< Geriyə


Создайте подобный сайт на WordPress.com
Начало работы