Əsas səhifə

Ərəş qəzası                 

   Ərəş şəhərinin əsasının XV əsrdə qoyulduğu ehtimal edilir. Tarixçi Əmin Əhməd Razinin fikrincə, Ərəşin əsası Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfindən qoyulmuşdur. XIV-XV əsrlərdə yaşayan şair Bədr Şirvani öz şeirlərində Ərəşin adını qeyd edib. XVI əsrdə ingilis səyyahları Ərəşin adını bütün Cənubi Qafqazın iri ipəçilik mərkəzi kimi çəkirlər.
   Orta əsrlərin son dövrlərində Ərəş adlanan ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı «Sultan» titulu daşıyan feodal hakimlər idarə edirdilər. Ceffri Deketin yazdığına görə, Ərəş Şamaxıdan dəvə yolu ilə 4 günlük məsafədə yerləşirdi. Venetsiyalı Minadoi Ərəşin adını Səfəvilər dövlətinin başlıca şəhərləri sırasında çəkir. Osmanlı mənbələrində də Ərəş sancaqlığının adı qeyd olunur. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır.
  Rus işğalından sonra Ərəş mahalı Şəki əyalətinin tərkibinə daxil edilmişdir. XIX əsrin əvvəllərində 27 kənddən,  1127 evdən ibarət olan mahalda 4805 nəfər əhali qeydə alınmışdır. 21 mart 1828-ci ildə çar I Nikolayın fərmanı ilə azərbaycanlıların məskunlaşdığı Naxçıvan və İrəvan xanlıqlarının tərkibində Erməni vilayəti yaradıldı və Qafqazın bu hissəsinə İrandan və Türkiyədən gətirilən erməni əhalisi yerləşdirildi. Nəticədə azərbaycanlıların kütləvi yaşadığı Qarabağda, o cümlədən Nuxa və Ərəş bölgələrində də yeni erməni kəndləri yarandı. Bu köçürülmə siyasətindən sonra bölgənin Əmirvar, Böyük Söyüdlü, Çaykənd, Havarlı, Ermənibazar, Xanabad, Nemətabad və sairə  kəndlərində ermənilərin sayı artmışdır. İran ermənilərinin bölgəyə gətirilməsi Cəfərqulu xanın dövrünə də təsadüf edir. Bu ermənilər bölgənin Cəfərabad, Yengikənd, Ahpelikənd, Xanabad, Qayabaşı və sairə kəndlərində yerləşdirilmişdilər. Göründüyü kimi ermənilərin yaşadıqları kəndlərin adları Azərbaycan adlarıdır. Çünki, ermənilərin yaşadıqları bu yaşayış məntəqələri əslində Azərbaycan kəndləri olub.
  Ermənilər bölgəyə gəldikləri vaxtdan öz çirkin əməllərini həyata keçirməyə başlamış və nəinki yerli əhaliyə, hətta onların cəfəng ideyalarını müdafiə etməyən rus məmurlarına da qarşı terrordan çəkinmirdilər. Ərəş qəza rəisinin baş köməkçisi Sergey İvanoviç Saxarov da bu terrorun qurbanlarından biri olmuşdur.
  Ərəş mahalının daxil olduğu Şəki, 1840-46-cı illərdə Kaspi vilayətinin qəzalarından biri oldu. 1846-cı ildən Şamaxı quberniyasının, 1859-cu ildən Bakı quberniyasının qəzalarından biri olan Şəki Nuxa qəzası adlandırılmışdır. 1867-ci ilin sonunda Nuxa qəzası Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edilmişdir. 1873-cü ildə çar hökümətinin Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Kür çayının sol sahilində yerləşən qəza cənubdan və cənub qərbdən Kür çayı ilə, şimaldan Nuxa qəzası ilə, şərqdən Göyçay qəzası ilə həmsərhəd idi. Əhali əsasən kənd təsərrüfatında çalışır, ipəkçilik ilə məşğul olurdular.
Ərəş qəzası
  1893-cü ildə 44 icmadan, 128 yaşayış məntəqəsindən, 9619 evdən ibarət olan qəzada, 28240 nəfər kişi, 23605 nəfər qadın olmaqla, cəmi 51845 nəfər əhali qeydə alınmışdır. Ərazisi 2308,10 kv.verst olan qəza 3 bölgəyə bölünmüşdür. I bölgənin inzibati idarəsi Ləki dəmir yol stansiyasında yerləşirdi. Sənədlərə əsasən, 13 icmadan. 41 yaşayış məntəqəsindən, 3562 evdən ibarət olan bölgədə,  10446 nəfər kişi, 8539 nəfər qadın olmaqla, cəmi 18985 nəfər əhali yaşayırdı.  II bölgənin inzibati idarəsi Salamabad yaşayış məntəqəsində yerləşirdi. 14 icmadan, 42 kənddən, 3165 evdən ibarət olan bölgədə,  9248 nəfər kişi, 7927 nəfər qadın olmaqla, cəmi 17175 nəfər əhali qeydə alınmışdır. III bölgənin idarəetmə idarəsi Çapxana məntəqəsində yerləşirdi. Sənədlərə əsasən, 17 icmadan, 45 kənddən, 2892 evdən ibarət olan bölgədə, 8546 nəfər kişi, 7139 nəfər qadın olmaqla, cəmi 15685 nəfər əhali yaşayırdı.
  Evlərin sayına görə qəzanın ən iri icmaları Qaradağlı-Padar (490 ev), Ləki (474 ev), Qaziqumlaq (440 ev), Üçqovaq (375), Xələc (325 ev), Qayabaşı (323 ev), Şəkili (316 ev), Mürsəl (314 ev) icmaları, əhalinin sayına görə isə Qaziqumlaq (2776 nəfər), Ləki (2678 nəfər), Böyük Söyüdlü (2184 nəfər), Üçqovaq (2021 nəfər), Qayabaşı (2012 nəfər), Xələc (1766 nəfər), Mürsəl (1596ev), Qaradağlı-Padar (1552 nəfər) icmaları idi.
  Evlərin sayına görə qəzanın ən iri kəndləri Qaradağlı-Padar (439 ev), Böyük Söyüdlü (312 ev), Ləki (290 ev), Alpout (252 ev), Qayabaşı (216 ev), Nemətabad (204 ev), Qaziqumlaq (193 ev) kəndləri, əhalinin sayına görə isə Böyük Söyüdlü (2184 nəfər), Ləki (1688 nəfər), Qayabaşı (1438 nəfər), Alpout (1436 nəfər), Qaradağlı-Padar (1308 nəfər), Qaziqumlaq (1252 nəfər), Nemətabad (1036 nəfər) kəndləri idi.
  1917-ci ildə 13 icmadan ibarət olan Ərəş qəzasında 53144 nəfəri kişi, 46256 nəfəri qadın olmaqla, cəmi 99400 nəfər əhali qeydə alınmışdır. Evlərin sayına görə qəzanın ən iri yaşayış məntəqələri Üçqovaq (411 ev), Böyük Söyüdlü (397 ev), Qayabaşı (370 ev), Alpout (328 ev), Ləki (320 ev) kəndləri idi.
  Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən 1918-ci ildə Ərəş qəzasının Ağdaş yaşayış məntəqəsinə şəhər statusu verilmişdi. 1919-cu ildə isə hökumətin qərarı ilə Ərəş qəzası Ağdaş qəzası adlandırılmışdı. 1921-ci  siyahıya alınma sənədlərində qəzanın adı «Ərəş» kimi, 1922-ci ildə nəşr olunan Azərbaycanın yaşayış məskənlərinin siyahısında isə qəzanın adı Ağdaş (keçmiş Ərəş) kimi verilmişdir. 1921-ci ildə 13 icmadan ibarət olan qəzanın evlərin sayına görə ən iri yaşayış məntəqələri Üçqovaq (402 ev), Aşağı Ləki (292 ev), Qaradağlı (265 ev), Qaradağlı Ceynam (257 ev), Alpout (236 ev) kəndləri idi.
  1926-cı ildə Ağdaş adlanan qəzanın mərkəzi Bakı şəhərindən məsafəsi 278 km olan Ağdaş şəhəri idi. 1 şəhərdən, 30 sovetlikdən, 150 kənddən, 11068 evdən ibarət olan qəzada 1200 nəfəri şəhər, 56731 nəfəri kənd əhalisi olmaqla, cəmi 57931 nəfər əhali qeydə alınmışdır. Qəza 4 bölgəyə, Hacalı, Ləki, Xaldan və şəhər (Ağdaş) bölgələrinə bölünmüşdür. Hacalı bölgəsində 6 sovetlik, Ləki bölgəsində 13 sovetlik, Xaldan bölgəsində 6 sovetlik, Ağdaş bölgəsində isə 5 sovetlik fəaliyyət göstərirdi.
  Ağdaş qəzası 1929-cu ildə Azərbaycan SSR-nin rayonlaşdırılması zamanı ləğv edildi və Ağdaş rayonu təşkil olundu.

     <<< Geriyə


Создайте подобный сайт на WordPress.com
Начало работы