Əsas səhifə

Şirvan bəylərbəyliyi (əyaləti)           

    Şirvanşahlar dövlətinin süqutundan sonra Səfəvilər tərəfindən mərkəzi Şamaxı şəhəri olmaqla, Şirvan bəylərbəyliyi yaradıldı. Bəylərbəylik cənubdan Kür çayı ilə, şimaldan Samur çayı və Böyük Qafqaz sıra dağları ilə, qərbdən Kartli və Kaxetiya əraziləri ilə, şərqdən isə Xəzər dənizi ilə həmsərhəd idi. Dərbənd ərazisi də Şirvan bəylərbəyliyinin tərkibinə daxil edilmişdir.
   Mahallara bölünən Bəylərbəyliyini adətən şah sarayına yaxın olan şəxslər idarə edirdi. Şahın qardaşı Әlqas Mirzә Şirvan bəylərbəyliyinin ilk hakimi olmuşdur. Mahallar isə kəndlərə bölünürdü. Mahalları naiblər, kəndləri kəndxudalar, şəhərləri kələntərlər idarə edirdi. Şəhərlərdə asayişi kələntərə tabe olan darğa qoruyurdu.
   1578–1590-cı illər Səfəvi-Osmanlı müharibəsi 1590-cı ildə İstanbulda bağlanan sülh sazişi ilə sona çatdı. Sazişə əsasən Talış bölgəsi istisna olmaqla, bütün Şimali Azərbaycan, Qərbi Azərbaycan, eləcə də Cənubi Azərbaycanın bir hissəsi, o cümlədən Cənubi Qafqazın digər əraziləri Osmanlı dövlətinin nəzarətinə keçdi. 1583-cü ildə tam olaraq Osmanlıların nəzarətinə keçən Şirvan bəylərbəyliyi (və ya Şirvan əyaləti) Özdəmiroğlu Osman paşanın idarəçiliyinə verildi.
   Şirvan bəylərbəyliyi 13 sancağa bölünmüşdür.
  1. Ərəş sancağı, hakimi Kaytaş paşa.
  2. Qəbələ sancağı, hakimi Təkəli Üləma oğlu Bahəddin.
  3. Ağdaş sancağı, hakimi Vəli bəy oğlu Qaya.
  4. Şabran sancağı, hakimi əmir Şamhal Çoban.
  5. Zərdab sancağı, hakimi Rumeli Zaimlərindən Mustafa.
  6. Saadlu sancağı, hakimi Zaimlərdən Mustafa paşa oğlu Ömər bəy.
  7. Bakı sancağı, hakimi Oltu Alaybəyi Əbubəkr.
  8. Salyan sancağı, hakimi Yəmən məzüllərindən Yusif.
  9. Havz-ı Lahıc sancağı, hakimi Ardahan Alaybəyi Kərəm Əli.
  10. Kürə sancağı, hakimi Miralay Ata.
  11. Şəki sancağı, hakimi Mirzə Ömər.
  12. Axtı və İxır sancağı, hakimi əmir Şamhal Çobanın qardaşı oğlu Tuçalav bəy.
  13. Liva-i digər, hakimi Amid Zaimlərindən Müzəffər bəy.
   Şair və alim Mövlana Valihi Şirvan müftisi, Gögüşzadə Mustafa Çələbi xəzinədar, Sirozlu Dal-Mehmed əyalətin qazisi və Özdəmiroğlu Osman Paşanın katibi, Qara Əhməd isə çavuş təyin edilmişdir.
Şirvan bəylərbəyliyi
   Özdəmiroğlu Şirvan əyalətinin Şamaxı, Dəmirqapı və Şəki olmaqla üç bəylərbəyliyinə bölünməsi üçün İstanbula müraciət etmişdir. 1585-ci ildə qərbdə mərkəzi Ərəş, şərqdə isə Şamaxı olmaqla iki bəylərbəylik təşkil edildi.
   1587-ci ildə Ərəş bəylərbəyliyinə yazılan bir hökmdə Şirvan əyaləti ilə bağlı 11 sancağın, Şəki, Quba, Rustav, Çıraq, Bərməki, Hilə, Ağdaş, Qanı, Ərudan, Salyan və Mahmudabad sancaqlarının adları çəkilir.
   Sonradan Şirvan əyalətinin şimalında mərkəzi Dəmirqapı Dərbənd olan Dərbənd, güneydə isə mərkəzi Şamaxı olan Şamaxı bəylərbəylikləri təşkil edilmişdir. Şamaxı bəylərbəyliyi Böyük və Kiçik Şirvan bölgələrinə ayrılmışdır. Şamaxı əyalətinə əyalətin mərkəzi Şamaxı, Lahıc, Ağdaş, Qəbələ, Salyan, Zərdab, Şəki, Bakı, Havuz, Sədə-ru, Siryan, Qassani, Xudaverdi, Ərəş və Mahmudabad sancaqlıqları daxil idi. Dərbənd əyalətinə isə Dəmirqapı (Paşa), Şabran (Şaburan), Axtı, Quba, Müşkür, Kürə, Çıraq və Rustav sancaqları daxil edilmişdir.
   Şirvanda sikkələr Osmanlı sultanının adına basılır, xütbə də Sultan III Muradın adına oxunurdu.
  Səfəvi şahı I Şah Abbas XVII əsrin əvvəllərində itirilmiş əraziləri geri qaytarır. Şamaxını yarım il mühasirədə saxlayan Səfəvilər, 1607-ci ilin ortalarında Şirvan əyalətini yenidən öz ərazilərinə daxil edirlər. Yenidən Səfəvilər dövlətinə daxil edilən ərazilərdə bəylərbəylərinin əksəriyyəti şah qulamlarından təyin edilirdi.
   XVIII əsrin birinci yarısında Səfəvi dövləti tənəzzülə uğradı, Şirvan ərazisi Səfəvilərin nəzarətindən çıxdı və Cənubi Qafqaz ərazilərinə yiyələnmək uğrunda Rusiya-Osmanlı qarşıdurması baş verdi. 1736-cı ildə Əfşarlar dövlətini elan edən Nadir şah Səfəvilərin inzibati bölgülərini, bəylərbəylikləri ləğv etdi və Azərbaycan adı altında vahid inzibati ərazi yaratdı. Nadir şah Əfşarın öldürülməsindən sonra Əfşarlar dövləti süquta uğradı və Azərbaycan müstəqil xanlıqlara bölündü. XVIII əsrin ortalarında keçmiş Şirvan bəylərbəyliyi әrazisindә Quba, Şamaxı, Bakı, Dәrbәnd, Şәki xanlıqları yarandı.

     <<< Geriyə


Создайте подобный сайт на WordPress.com
Начало работы