Əsas səhifə

Yuxarı Seyidlər kəndi              

   “Seyidlər” sözü ərəblərin Qureyş qəbiləsindən olan Seyyidlər tayfası ilə bağlıdır, «ağa, cənab, tayfa başçısı» mənasını verir. Həzrət Mühəmməd Peyğəmbərin (səllallahu aleyhi və səlləm) üçüncü nəsildən babası Haşimin nəslindən olanları “seyyid” adlandırıblar. Haşimin nəslindən olanlara “haşimilər” və ya “Bəni-Haşim” də deyilir. Hələ cahiliyyə dövründə Məkkəni ziyarət etməyə gələn ərəbləri şəhərdə yerləşdirib onlara yemək vermək və Zəmzəm quyusundan su paylamaq ixtiyarı Bəni-Haşimdə idi.
   Sonralar “Seyyid” sözü ehtiram əlaməti olaraq bir titul kimi işlədilmişdir. İslam dinində Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) və ondan sonra gələn səhabələrin dövründə “Seyyid” titulu olmamışdır. Seyyidlər sonralar Peyğəmbərin nəslindən olan adamlara bir fəxri təxəllüs kimi verilmişdir.
   Keçmişdə Ərəbistandan gələnlərin bir hissəsi Azərbaycanda da məskunlaşmışdılar. Mənbələrin verdikləri məlumatlara görə Seyyidlər tayfasının nümayəndələrinin Azərbaycana gəlmələri Səfəvi hakimiyyəti dövrünə təsadüf edir. Azərbaycan ərazisində yerləşən bəzi yaşayış məntəqələrinin adındakı “seyid” kəlməsinin də buradan yaranması ehtimal olunur. 
   Əslən Yuxarı Seyidlər kəndindən olan jurnalist Sarvan Kərimov, “seyid” sözü bağlı yer adlarının “səud” sözündən yarandığını bildirir və yazır ki, Yəzidin hakimiyyətə gəlməsindən sonra təriqətlər arasında  müharibələr başlandı. Abbasilərin 500 illik xəlifəliyi dövründə də çəkişmələr davam etdi. Ələvilər ətraf ölkələrə təbliğatçılar göndərir, insanları Abbasilərə qarşı mübarizəyə çağırırdılar. Belə təbliğatçılar Azərbaycan ərazilərində də fəal idilər və yerli əhali onlara “səud”, yəni “Səuddan gəlmə” deyirdilər. “Səud” sözü sonralar seyid kimi formalaşdı və hətta yerli əhali Səudların Məhəmməd peyğəmbərin nəslindən olmalarını düşünərək, onlara xüsusi hörmətlə yanaşırdılar.
   Azərbaycanda “Seyid” sözü ilə bağlı olan kənd adlarının Şahsevən tayfa qrupuna daxil olan Seyidlilər tayfası ilə bağlı olduğunu ehtimal edənlər də var. Seyidlilər Cənubi Azərbaycanın Meşkin və Muğan ərazilərində yaşamaqla, maldarlıq və əkinçiliklə məşğuldurlar.
   Azərbaycan ərazilərində “Seyid” sözü ilə bağlı müxtəlif ərazilər mövcuddur. Zəngəzur qəzasında, indiki Meğri rayonu ərazisində, Zərdab, Goranboy, Salyan, Kəlbəcər, Saatlı, Şəmkir, Laçın, Samux, Zəngilan rayonlarının ərazisində Seyidlər kəndi, Salyan rayonu ərazisində Seyidsadıqlı kəndi, Ağdam rayonu ərazisində Seyidli kəndi, Qəbələ rayonu ərazisində Seyidqışlaq kəndi, Cəlilabad rayonu ərazisində Seyidbazar kəndi, Bərdə rayonunda Seyid Yusifli kəndi, Xocalı rayonu ərazisində Seyidbəyli kəndi,  Xaçmaz rayonu ərazisində Seyidli kəndi, Füzuli rayonu ərazisində Seyidmahmudlu kəndi, Laçın rayonu ərazisində Seyidlər körpüsü, Şəmkir rayonu ərazisində Seyidlər qalası, Şəki rayonu ərazisində Seyidyurd dağı, Gədəbəy rayonunda Zəyəmçayın sol qolu olan Seyidliçayı, Baş Qafqaz silsiləsində Seyid yurdu zirvəsi var.
   Zərdab rayon ərazisində Aşağı və Yuxarı Seyidlər adlanan iki yaşayış məntəqəsi mövcuddur.

Yuxarı Seyidlər kəndi

   Yuxarı kəndi rayon mərkəzindən 33 kilometr şimal-qərbdə, Kür çayı vadisində yerləşir, ərazisi 1767,45 hektardır. Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, bostançılıq, baramaçılıq, balıqçılıq ilə məşğul olur.
   Yuxarı Seyidlər kəndi indiki “seyyid” kimi tanınan ailələr tərəfindən salınmış, sonralar digər yaşayış məntəqələrindən də bu kəndə köçüb gələnlər olmuşdur. Seyidlər kəndinə XX əsrin əvvəllərində, Kür daşqınlarından sonra su altında qalan Rəhmətli və digər kəndlərdən də sakinlər köçüb gəlmişdilər.
  Rus işğalından sonra indiki Yuxarı Seyidlər kəndinin ərazisi 1840-cı ilədək Şəki əyalətinin, 1840-1846-cı illərdə Kaspi vilayətinin Şəki qəzasının, 1846-1859-cu illərdə Şamaxı quberniyasının Nuxa qəzasının tərkibinə daxil idi. 1859-cu ildə Şamaxı quberniyası Bakı quberniyası adlandırılmışdır. 1867-ci ilin sonunda Nuxa qəzası Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edilmişdir. 1873-cü ildə çar hökümətinin Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində, keçmiş Ərəş sultanlığının ərazisində Ərəş qəzası yaradıldı və Seyidlər (Yuxarı Seyidlər) kəndi Ərəş qəzasının tərkibinə daxil edildi. Ərəş sultanlığının ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır.
   Yuxarı Seyidlər kəndi Çar Rusiyasının 1871-ci il atlasında Seyidlər kəndi kimi göstərilib. Əlyazmalar İnstitutunun əməkdaşı olmuş Sarvan Kərimov 1873-cü ildə yaşayış məntəqəsinin 30 təsərrüfatında 93 nəfər əhalinin yaşadığını yazır.
   1886-cı ildə  Ərəş qəzasının birinci bölgəsinin Kotavan kənd icmasının  tərkibində yerləşən Seyidlər kəndində 53 ev, 155 nəfər kişi, 152 nəfər qadın olmaqla, cəmi 307 nəfər əhali qeydə alınmışdır. Seyidlər kəndi 1917-1921-ci illərdə də Kotavan kənd icmasının tərkibinə daxil idi və  1917-ci ildə 47 evdən, 1921-ci ildə isə 87 evdən ibarət olub.
   Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 10 dekabr 1919-cu il qərarı ilə Ərəş qəzası Ağdaş qəzası adlandırılmışdı. 1926-cı ildə Ağdaş qəzası 4 bölgəyə bölünmüşdü. Yuxarı Seyidlər kəndi qəza mərkəzindən 12 km məsafədə yerləşən Ləki bölgəsinin tərkibinə daxil idi. 1929-cu ildə Azərbaycan SSR-nin rayonlaşdırılması zamanı Ağdaş qəzası ləğv edildi və Ağdaş rayonu təşkil olundu. Yuxarı Seyidlər kəndi 1935-ci ilədək Ağdaş rayonunun tərkibində yerləşib. 1935-ci ildə Bıçaqçı, Körpükənd, Siləyli yaşayış məntəqələri ilə birlikdə yeni təşkil edilmiş Zərdab rayonunun tərkibinə daxil edilib.
   Yuxarı Seyidlər kəndi uzun müddət, həm sovet dövründə, həm də müstəqilliyimizin ilk illərində Bıçaqçı kənd inzibati ərazisinin tərkibinə daxil olub. 14 iyul 1998-ci ildə Yuxarı Seydlər və Siləyli kəndləri Bıçaqçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılıblar, Yuxarı Seyidlər kəndi mərkəz olmaqla Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi yaradılıb.
   Yuxarı Seyidlər kəndinin ərazisində qədim yaşayış məskənləri olub. Bu ərazilərdə ciddi tətqiqatlar aparılmadığı üçün ehtimallar da çoxdur. Əlyazmalar İnstitutunun əməkdaşı olmuş Sarvan Kərimov Yarayız adlanan qədim şəhərin Yuxarı Seyidlər kəndinin ərazisində yerləşdiyini bildilir, şəhərin tarixinin X əsrə və ondan da əvvələrə gedib çıxdığını yazır. Sarvan müəllim kənd qəbristanlığının da qədim olduğunu yazır.
  Kəndin yaxınlığında Qanlıca adlanan göl var. Bu adın nə ilə əlaqədar yarandığı hələ də dəqiq bilinmir. Lakin məlumdur ki, bu göldə su qan rəngindədir. Yerli sakinlərin dediyinə görə nə zamansa gölün dərinliyində qırmızı kərpicdən bina batmışdır, suya qırmızı rəng verən də həmin binanın kərpicləridir.
   Kənd sakinləri Abbasov Abuzər Tənzil oğlu, Əhmədov Nəsimi Əhməd oğlu, Əzizov Elman Ağa oğlu, Bəkirov İldırım Mahmud oğlu, İbişov Naməddin Tacəddin oğlu, Qədirov Miraslan Asdan oğlu, Mahmudov Saqib Mahmud oğlu, Məmmədov Gəray Mirəhməd oğlu, Məmmədov Haqverdi Fəxrəddin oğlu, Yusifov Fərhad Ərəstun oğlu Qarabağ müharibəsində şəhid olublar.

     <<< Geriyə


Создайте подобный сайт на WordPress.com
Начало работы