Əsas səhifə

Şıxbağı kəndi

   Şıxbağı kəndi rayon mərkəzindən 15 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir, ərazisi 809,63 hektardır. Əhali əsasən heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, balıqçılıq, pambıqçılıq, baramaçılıq, bostançılıqla məşğuldur.
   Kəndin adı “şıx” və “bağ” sözlərinin birləşməsindən yaranıb. “Şıx” sözü “şeyx” sözünün təhrif edilmiş formasıdır. Kəndin salındığı bağ sahəsi o dövrdə Şeyx dini titulu olan şəxsin mülki olub və “şeyxə mənsub bağ” mənasını verir. İllər keçdikcə yaşayış məntəqəsinin adı «Şeyxinbağı» formasından «Şıxbağı» formasına keçmişdir. “Şeyx” sözü ərəb sözü olub, “ağsaqqal”, “yaşlı adam”, “qoca” mənasındadır. Ərəblərdə qəbilə və tayfa başçıları Şeyx adlanır. Bir çox müsəlman ölkələrində hörmətli şəxslərin, təriqət rəhbərlərinin, ilahiyyatçı alimlərin və digər mötəbər şəxslərin adına dini titul kimi “Şeyx” titulu əlavə edilir.
   Kəndin tarixi haqqında dəqiq məlumat yoxdur. Yaşlı nəslin nümayəndələrinin bildirdiklərinə görə, kəndin tarixi ən azından 1700-cü ildən də əvvələ aiddir. Arxiv sənədlərində XIX əsrin ortalarında Şıxbağı kəndinin yerləşdiyi ərazidə, Kür sahilində Mirzəbağı adlanan məntəqənin olduğu bildirilir.
    XIX əsrin ikinci yarısında Kür sahilindəki bağlar əhali arasında bölüşdürülmüş və bir çox ailələr Zərdabı tərk edərək bu bağlarda məskunlaşmışdılar. Həsən bəy Zərdabi yazır ki, bu ailələrin ardınca öz bağlarını dağılmaqdan qorumaq üçün bəzi bəylər də getdilər və Zərdab kəndi bir müddət, demək olar ki, tam boşaldı. Amma, mərkəzdə yerləşməsi hesabına, ictimai bərənin və əyalət mağazasının burada olması səbəbindən əhalinin çoxu öz köhnə ocaqlarına, Zərdaba qayıtdılar. Qalan əhali az-çox tanınan adamların ətrafında cəmləşərək hərəsi 5-6 evdən ibarət 20 kənd saldılar. Nəticədə yeni  yaşayış məntəqələri yaranmışdı. Şıxbağı yaşayış məntəqəsi Mirzəbağı adlanan yerdə salınmışdır.
    Kənd icmaları və oba birlikləri yaradıldıqdan sonra, Şıxbağı III Zərdab kənd icmasına daxil edilmişdir. İcmanın mərkəzi Gəndəbil kəndi idi və qəza mərkəzindən 65 verst məsafədə yerləşirdi. 1917-ci ildə Şıxbağı kəndində 46 ev, 1921-ci ildə isə 42 ev qeydə alınmışdır. Yaşayış məntəqəsi 1926-1929-cu illərdə Göyçay qəzasında yaradılan Zərdab bölgəsinin, 1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun tərkibinə daxil edilib. Sənədlərə əsasən Şıxbağı yaşayış məntəqəsində 1933-cü ildə 56 təsərrüfat (45 ümimiləşdirilmiş təsərrüfat) olub və 127 nəfər kişi, 94 nəfər qadın olmaqla, 221 nəfər əhali yaşayıb.
   Zərdab rayonu təşkil edildikdən sonra, rayonda yaradılan 9 sovetlikdən biri Şıxbağı kənd sovetliyi idi. 1961-ci ildə sovetliyin tərkibinə Şıxbağı, Ağabağı, Gəndəbil, Nəzərallı, Şahsünlü (Şahhüseynli), Seyidlər (Aşağı Seyidlər) və Şəftəxal kəndləri daxil idi. Sonrakı illərdə Şahsünlü (Şahhüseynli), Seyidlər (Aşağı Seyidlər) və Şəftəxal kəndləri sovetliyin tərkibindən ayrılmış və Şahsünlü mərkəz olmaqla yeni kənd sovetliyi yaradılmışdır. Hazırda Şıxbağı kənd inzibati ərazi dairəsinin tərkibinə Şıxbağı, Ağabağı, Gəndəbil, Nəzəralılılı kəndləri daxildir.
   Kənd sakinləri uzun müddət balıqçılıqla məşğul olublar. Yaşayış məntəqəsində böyük bir balıq vətəgəsi olmuş və bu vətəgə 1926-cı ilə qədər fəaliyyət göstərmişdir. Kəndin ərazisində, rəmzi olaraq böyük və kiçik adlanan iki qəbiristanlıq var. Dövrünün ağaları, bəyləri, hacıları, dini şəxsiyyətləri ilə məşhur olan kənd sakinlərinin məzarları indi də qalmaqdadır.
   Şıxbağı kənd sakini Əhmədov Əlimərdan Əli oğlu Qarabağ müharibəsində şəhid olub.

     <<< Geriyə


 
Создайте подобный сайт на WordPress.com
Начало работы