Əsas səhifə

Şəftəhal kəndi

   Şəftəhal kəndi rayon mərkəzindən 21 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir, ərazisi 1207 hektardır. Kənd əhalisi əsasən əkinçilik, heyvandarlıq, baramaçılıq, balıqçılıq, meyvəçilik ilə məşğuldur.
Şəftəhal kəndi
   Yaxın keçmişdə kənd Şəftəxal adlanırdı. Uzun illər Əlvənd icmasının tərkibində yerləşən yaşayış məntəqəsinin tarixi və adının mənası haqqında dəqiq məlumat yoxdur.  Kəndin adına 1886-cı ilin kənd təsərrüfatının siyahıya alınma sənədlərində rast gəlinir. Şəftəxal Seyidlər (müasir Aşağı Seyidlər) kəndinin bir məntəqəsi kimi sənədlərdə qeyd edilmişdir.
   Şəftəhal 1935-ci ildən yeni yaradılan Zərdab rayonunun kəndidir. Kəndin adına ötən əsrin 30-cu illərinin sonlarına aid sənədlərdə də rast gəlinir. Kollektivləşmə zamanı kənd ərazisində “Stalin” adına kolxoz yaradılıb. Müharibədən əvvəl Zərdab rayonunun “Zərdab staxanovçusu” qəzetində, Mircəfər Bağırovun Şəftəxal kəndinin “Stalin”, “Əkinçi” (Şahsünlü) və “Qırmızı Oktyabr” (Seyidlər) kolxozlarına getməsi barədə məlumat çap edilib. Şəftəhal kolxozu sonralar “Komsomol” adlanıb.
  Şəftəxal kəndi 1961-ci ildə Şıxbağı kənd sovetliyinin, 1977-ci ildə isə Şahhüseynli kənd sovetliyinin tərkibində olub. Kənd müstəqilliyimizin ilk illərində də Şahhüseynli inzibati ərazisinin tərkibinə daxil idi. 14 iyul 1998-ci ildə Şəftəhal və Aşağı Seyidlər kəndi Şahhüseynli kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılıb və Şəftəhal mərkəz olmaqla Şəftəhal kənd inzibati ərazi dairəsi yaradılıb.
  Kəndin adı Azərbaycanda ən nadir yer, məkan adlarından biridir, mənası tam dəqiqləşdiriilməyib. El arasında bu kənd Şəftəxal da adlanır. Kəndin adı ilə bağlı müxtəlif fikirlər mövcuddur. Yerli sakinlər bildiklərinə görə kəndin adı Şəfixal adlı şəxslə bağlıdır və mənası “Xallı Şəfi” anlamındadır. Bəzi araşdırmaçılar kəndin adının ərəb və fars tərkibli “şiftəhal” sözündən götürüldüyü yazır. “Şiftəhal” sözü “vurğun”, “məftun olmuş”, “aşiq” mənasındadır. Kənd ərazisində məskunlaşan nəsil və ailələr arasında səfilər və xallılar da var. Kəndin adının bu nəsil adlarının birləşməsindən (“Səfi və Xallı” sonradan təhrif edilmiş “Şəftəxal” adlanmışdır) yarandığını da ehtimal etmək olar.
   Yaşayış məskənində xəlilli, səfilər, xallı adlanan nəsil və ailələr ilə yanaşı sadıqlı, veysəlli, mehdili adlanan ailələr də məskunlaşmışdılar. Qazax rayonunda və Kürün o biri sahilində, Beyləqan rayonunun Şahsevən kəndində sadıqlılar nəslinin nümayəndələrinin yaşadığı məlumdur. Orta Asiyada da avşar tayfasının sadıqlı tirəsi var. Xəlilli adlı tayfanın nümayəndələri Azərbaycan ərazisinə XIII əsrdə monqollarla gəlmiş ağ hunların qayı tayfasına daxil olmuşdular. “Xallılar” çox güman ki, nəsil və ya ailəyə verilmiş ləqəbdən götürülmüşdür. Orta əsrlərdə Qarabağda Otuziki tayfasının Veysəlli nəslinin nümayəndələri yaşayıb. Səfiləri (Səfiyər) səfəvilərlə bağlı bir soy olduğunu ehtimal edənlər var. Qarabağda yaşamış Kəbirli elinin Qərvəndli tayfasının Səfilər tirəsi var. Avşar tayfasının səfili və o cümlədən mehdili adlanan tirələrinin olması da məlumdur. Şəftəhal kəndinin ərazisində Mehdilər adlı yaşayış məskəni var. Araşdırmaçılar kəndin adını Mehdili adlanan nəslin adı ilə bağlayırlar.
   Şəftəhal ərazisində söyüd, qovaq, müxtəlif meyvə ağacları bitmiş bağ var və kəndin adı ilə əlaqədar Şəftəhal bağı adlanır.
   Kənd sakinləri Xəlilov Mehman Ağabala oğlu, Xəlilov Məhəmməd Qəhrəman oğlu, Məmmədov Bədəl Ağacan oğlu, Şahmurov Elşad Abasqulu oğlu Qarabağ müharibəsində şəhid olublar. Qəhrəmanlıqla həlak olan, “Qırmızı ulduz” ordeni ilə təltif edilən yanğınsöndürən Ramiz Kərimov da Şəftəhal kəndində anadan olub.

     <<< Geriyə


 
Создайте подобный сайт на WordPress.com
Начало работы