Əsas səhifə

Sileyli kəndi

   Siləyli kəndi rayon mərkəzindən 34 kilometr şimal-qərbdə, Qarasu çayının (Türyançayın) sahilində yerləşir, ərazisi 998,77 hektardır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, quşçuluq, meyvəçilik, baramaçılıq, bostançılıqdır.
Sileyli kəndi
   Yaşayış məntəqəsi əvvəllər Sileyli adlandırılmışdır. Sileyli kəndinin əraziləri Nuxa və Ərəş (Ağdaş) qəzasının tərkibində yerləşmişdir. 1935-ci ildən yeni yaradılan Zərdab rayonunun kəndidir. Sakinlərinin söylədiklərinə görə kənd Qəbələ rayonunun Siləyli kənd əhalisinin qışlaq əraziləri olub. Yerli məlumata görə, Siləyli kənd sakinləri yayı Qəbələdəki, qışı Zərdabdakı kəndlərdə keçirmişlər. Sonralar oturaq həyat tərzinə keçmələri ilə əlaqədar əhalinin bir hissəsi Zərdab, bir hissəsi isə Qəbələdə daimi məskunlaşmışdır. Mənbələrin yazdıqlarına görə isə, Sileyli oba ailələrinin həm Qəbələdəki, həm də Zərdabdakı eyniadlı yaşayış məntəqələrində yurd salmaları təxminən eyni vaxtlara təsadüf edir.
   1869-cu ilə aid sənəddə Siləyli (Sileyli) haqqında məlumata rast gəlinir. Sənəddə Nuxa qəzasında yerləşən Məlikli, Rəhmətli, Sileyli obalarının hapıtlara məxsus olduğu bildirilir. Dağıstan dilli əhali qrupuna daxil edilən hapıtların tarixi vətənləri Baş Qafqaz silsiləsinin şərq yamacları olub və bəzi mənbələrdə qrız-hapıtlılar kimi də qeyd olunurlar. Mənbələr Ağdaş, Qəbələ, Oğuz, Zərdab, İsmayıllı və Şəkidə hapıtlı ailələrinin yaşayış məskənlərinin olduğunu yazırlar. İsmayıllının Qalacıq kəndinin yaxınlığında Hapıt qəbiristanlığı var və bu ərazidə əvvəllər Hapıt yaşayış məskəni olduğu söylənilir. Mənbələr hapıtların Quba rayonundan köçüb İsmayıllıya gəldiklərini yazırlar.
   Şəki xanlığı XIX əsrdə bölgələrə, mahallara bölündü. Bir çox bölgələrdə kifayət qədər ləzgi dilinin və adətlərinin daşıyıcıları olan əhali qrupları yaşayırdı. Onların Şəki xanlığının ərazilərinə köçmələrinin əsas səbəbi vergilərdən azad edilmələri idi. Qrız-hapıtlılar Ərəş bölgəsində kiçik qış yaşayış məntəqələrində yaşayırdılar. Ağdaş, Alpout, Padar mahallarındakı qışlaqlarda yaşayan dağıstan dilli əhali haqqında isə rəsmi olaraq məlumatlar yox idi. Səbəbi hapıtların və digər dağıstan dilli əhalinin əksəriyyətinin Şəki xanlığının, əyalətinin ərazilərində ancaq qış aylarında yaşamaları idi.
   Məlumatlara əsasən, Sileyli yaşayış məskəninin hapıtlar tərəfindən salındığını söyləmək olar. Hapıtlar Yelizavetpol quberniyasının Nuxa və Ərəş qəzasına daxil edilən indiki Siləyli kəndinin ərazilərində daimi deyil, qış aylarında yaşayıblar. Qəbələdəki yurd yerləri isə hapıtlıların Sileyli obasının yaylaq əraziləri olub. Sileyli sakinləri oturaq həyata XX əsrin əvvəllərində keçiblər. Çox güman ki, Zərdabın Sileyli kəndində daimi yaşayış XX əsrin 20-ci illərinin ortalarından başlayıb. Belə ki, 1921-ci ilə aid yaşayış məntəqələri sənədlərində Sileyli yaşayış məntəqəsi haqqında rəsmi məlumat yoxdur.
   Siləyli (Sileyli) kəndi uzun müddət Bıçaqçı kənd sovetliyinin tərkibində yerləşib. 14 iyul 1998-ci il tarixdə Siləyli və Yuxarı Seyidlər kəndləri Bıçaqçı inzibati ərazi dairəsinin tərkibindən ayrılıb və Yuxarı Seydlər mərkəz olmaqla yeni kənd inzibati ərazi dairəsi yaradılıb.
  Əslən Yuxarı Seyidlər və Bıçaqçı kəndindən olan Sarvan Kərimov və Qulu Zərdabi, hapıtların məskunlaşdığı Rəhmətli kəndinin də bir zamanlar indiki Zərdab ərazisində yerləşdiyini bildirirlər. 1921-ci ildə Rəhmətli kəndində 16 ev qeydə alınmışdır. Həmyerlilərimiz bildikdiklərinə görə, 1935-1937-ci illərdə Rəhmətli kəndinin sakinləri Kür daşqınları səbəbindən Ağdaşın indiki Xınaxlı kəndinə və digər ərazilərə köçüblər.

     <<< Geriyə


Создайте подобный сайт на WordPress.com
Начало работы