Əsas səhifə

Salahlı kəndi

   Salahlı kəndi rayon mərkəzindən 2 kilometr şimalda, Qarasu (Türyançay) çayının sahilində yerləşir, ərazisi 515 hektardır. Kənd əhalisi heyvandarlıq, əkinçilik, quşçuluq, yemçilik, meyvəçilik, baramaçılıq, balıqçılıq ilə məşğul olurlar. Hazırda kənd Gəlmə kənd inzibati ərazi dairəsinin tərkibinə daxildir. Salahlı və Gəlmə kəndlərini el arasında “Şorrama” adlanan meliorasiya kanalı və Zərdab-Ağcabədi şossesi ayırır.
Salahlı kəndi
    Salahlı kəndinin ərazisi qədim insan məskəni olub. Müxtəlif illərdə Salahlı və Xanməmmədli kəndlərinin ərazisindən gildən düzəldilmiş çıraqlar, duz qablar da tapılmışdır. Bizim eramızın V-VI əsrlərinə aid edilən gil çıraq və duz qabları bu gün də Salahlı kənd məktəbində saxlanılır.
    Azərbaycanın müxtəlif rayonlarında, o cümlədən Zərdab rayonunda yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar. Mənbələrin məlumatına görə, XVIII əsrin axırlarında, Kartli Kaxeti çarı İrakli dövründə Qazax və Borçalı mahallarından poylu, salahlı, kəsəmən tayfalarına mənsub türk ailələri Gəncə və Qarabağ xanlıqlarına köçürülmüşdü. Sonralar Azərbaycanın müxtəlif ərazilərinə köç edən salahlı ailələri Zərdab ərazisində də yurd salıblar. Rayon ərazisindəki Salahlı kəndinin adı da bu ailələr ilə bağlıdır.
    “Salahlı” toponimi ilə bağlı müxtəlif fərziyyələr var. Mənbələrin verdikləri məlumatlara görə “salahlı” sözü Saleh adlı şəxsin adı ilə əlaqədardır. Saleh şəxs adına “lı” şəkilçisi qoşularaq bir tayfa və yaxud nəsil bildirən toponim yaranmışdır. Sonralar təhrif olunaraq “Salahlı” kimi səslənmişdir. Bəzi tədqiqatçılar “salahlı” sözünün ilkin mərhələdə “silahlı” olduğunu qeyd edirlər. Ş.Nəzirli yazır ki, “salahlı” sözü ilə bağlı ilkin kənd Daş Salahlı olub və mənası “daş silahlılar” deməkdir. Qalan Salahlı kəndləri sonralar bu kənddən ayrılıb. Digər bir fərziyyəyə görə Salahlı tayfasının adı qədim türk mənşəli hunların Sal elinin adı ilə bağlıdır. Sal eli erkən orta əsrlərdə Şimali Qafqazda yaşayıblar. Azərbaycanda Salyan, Ermənistan adlanan Qərbi Azərbaycanda Salut, Sallı, Gürcüstanda Salieti toponimləri də Sal elini xatırladır.
    Göyçay qəzasının ərazilərində yerləşən Salahlı yaşayış məntəqəsi haqqında mənbələrdə məlumat çox azdır. XIX əsrin sonlarında XX əsrin əvvəllərində yaşayış məntəqəsinin, I Zərdab və ya Lələ Əhmədli kənd icmalarından birinin tərkibinə daxil edildiyini ehtimal etmək olar. Salahlı kəndində 1921-ci ildə 24 ev qeydə alınıb. Kənd Sovet hakimiyyəti dövründə kollektivləşmə aparılan ilk yaşayış məntəqələrindən biridir. 1933-cü ildə kəndin 29 təsərrüfatından 26-sı ümumi təsərrüfatda birləşmişdir. Sənədlərə əsasən, kənddə 67 nəfər kişi, 46 nəfər qadın olmaqla 113 nəfər əhali yaşayıb. Zərdab rayonunun Salahlı kəndi sovet dövründə Gəlmə, Hüseynxanlı, Xanməmmədli, Əlibəyli, Allahqulubağı, Yediyarlı kəndləri ilə birlikdə eyni kolxozun tərkində yerləşib.
    Bir vaxtlar Salahlı kəndini şosse yolu ilə uzun bir kənd yolu və meliorasiya kanalının üzərindəki enli su boruları birləşdirib. Əvvəllər kənd məktəbinin direktoru işləmiş, hazırda Bakıda sahibkarlıqla məşğul olan Akif müəllimin və onun qohumu Şamil müəllimin maddi dəstəyi ilə kanalın üzərində körpü salınıb və kənd əhalisinin uzaq yolu yaxın olub.
    İslahatlardn sonra kənd əhalisi xeyli azalmışdır. İşsizlik, kənddə yanacaq qazının olmaması səbəbindən əhalinin əksəriyyəti Bakı şəhərinə köçmüşdür. Son dövrlərdə kəndə qaz yanacağının, içməli su xəttinin çəkilməsindən sonra köçən əhalinin əksəriyyəti geri qayıtmışdır.
    Ötən əsrin sonlarında Salahlı kəndində kərpic (qırmızı kərpic) istehsal edən zavod olub. Təəssüf ki, islahatlar zamanı zavod bağlanmış və dağıdılmışdır. Hazırda zavodun ancaq xarabalıqları qalıb.
    Hazırda Qazax rayonunda Daş Salahlı, Yuxarı Salahlı (Qıraq Salalahlı), Orta Salahlı və Aşağı Salahlı,  Ağstafa, Yevlax, Göygöl, Samux rayonlarında Salahlı, Sabirabad rayonunda  Şıx Salahlı, Ağdam rayonunda işğal altında olan Salahlı Kəngərli kəndləri var. İndi İcevan adlanan Karvansaray rayonunda da türklər yaşayan Salah adlı kənd olmuşdur. 1988-ci ildə bu kəndin əhalisini ermənilər talan və qarət edərək qovmuşlar. Tiflis quberniyasının Siqnax qəzasında da Salahlı kəndi olub.

     <<< Geriyə


 
Создайте подобный сайт на WordPress.com
Начало работы