Əsas səhifə

Pərvanlı kəndi

   Pərvanlı kəndi rayon mərkəzindən 15 kilometr cənub-qərbdə, Kür çayının sahilində yerləşir, ərazisi 1048,97 hektardır. Əhalinin məşğuliyyəti taxılçılıq, heyvandarlıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, baramaçılıq, bostan və tərəvəzçilik, arıçılıq və balıqçılıqdır.
   Qarabağın bəzi bölgələrində, eləcə də Şəkidə “pərvan” sözü evin çardağında dirəyin üstünə qoyulan uzun tir, evin çardağının kənarlarındakı açıq yer mənalarında işlədilir. Azərbaycanda Pərvan kişi adına nadir halda rast gəlmək olar. Daha şox yayılan Pərvanə qadın adıdır. Mənası daim oda, işığa can atan kiçik kəpənəkdir.
   Deyilənlərə görə kəndin ilk sakinləri pərvanlı adlanan nəslin nümayəndələri olub və kəndin adı bu nəslin adından götürülüb. Yaşayış məntəqəsinə Ağsu və Kürdəmir ryonunundan köçüb gələnlər də olub.
   Həsən bəy Zərdabi məqalələrində Pərvanlı kənd sakinlərinə minnətdarlığını bildirib. Həsən bəy 1880-ci illərdə Zərdabda yaşadığı dövrdə, Pərvanlı ilə Məmmədqasımlı kəndləri arasında “Dolanbaba” adlanan sahədə əkdiyi taxılın biçilib dərz halında zəmi yerində qurudularkən yandırıldığını və özü hadisə yerinə çatana qədər yanğını ona xüsusi rəğbəti olan Müskürlü  (Məmmədqasımlı) və Pərvanlı camaatının söndürməsini “Kaspi” qəzetində razılıqla xatırlayır.
   Yaşayış məntəqəsinin ərazisi XIX əsrin sonlarında, XX əsrin əvvəllərində Bakı quberniyasının, Azərbaycan Cümhiriyyətinin və Azərbaycan SSR-nin inzibati ərazisi olan Göyçay qəzasının tərkibində yerləşib. 1921-ci ildə Bərgüşad bölgəsinin Zərdab icmasına daxil edilən Pərvanlıda 49 ev qeydə alınıb. Kənd 1929-1935-ci illərdə Azərbaycanın rayonlaşdırılmasından sonra Göyçay rayonunun tərkibinə daxil edilib. 1935-ci ildən yeni yaradılan Zərdab rayonunun kəndidir. Sənədlərə əsasən, 1933-cü ildə kənddə 68 təsərrüfat olub ki, onlardan 43-ü fərdi təsərrüfat idi. Kənddə 202 kişi, 168 qadın olmaqla 370 nəfər əhali qeydə alınmışdır. Pərvanlı kəndi 1961-ci ildə Məmmədqasımlı kənd sovetliyinin, 1977-ci ildə isə Yarməmmədbağı kənd sovetliyinin tərkibinə daxil edilmişdir.
   1999-cu ilədək Yarməmmədbağı kənd inzibat ərazisinin tərkibində yerləşən kənd, 05 oktyabr 1999-cu ildə Yarməmmədbağı kənd inzibati-ərazi dairəsi tərkibindən ayrılıb və Pərvanlı kənd inzibati-ərazi dairəsi yaradılıb.
   Kənd sakinləri Abdulov Xaliq Maqsud oğlu, Bəkirov Ziya Xan oğlu, Hüseynov Həzi Xalid oğlu, İbadov Zamin Vaqif oğlu Qarabağ müharibəsində şəhid olublar.

     <<< Geriyə


 
Создайте подобный сайт на WordPress.com
Начало работы