Əsas səhifə

Məmmədqasımlı kəndi               

    Zərdab rayon ərazisindəki Müskürlü kəndlərindən biri Məmmədqasımlı kəndidir.  Kənd rayon mərkəzindən 14 kilometr qərbdə, Zərdab-Ağcabədi şosse yolunun yaxınlığında yerləşir, ərazisi 1624 hektardır. Əhali əsasən heyvandarlıq, taxılçılıq, quşçuluq, pambıqçılıq, baramaçılıq, meyvəçilik, tərəvəzçilik, arıçılıq və balıqçılıqla məşğul olur.

Məmmədqasımlı kəndi

    Müşkür Azərbaycanda tarixi mahaldır. Mənbələrdə Vəlvələçayla Samur çayı arasındakı Müşkür düzündə məskunlaşan ailə və nəsillərin, ellərin ümumi adı Müskürlü adlanıb. Müskür toponiminə Sara Aşurbəyli ilk dəfə XII əsr gürcü mənbələrində, Abbasqulu ağa Bakıxanov isə XIII əsrdə rast gəlindiyini bildilir. A.Bakıxanov Gülüstani-İrəm əsərində Müskür mahalında yaşayan əhalinin türk olduğunu və Azərbaycan türkcəsində danışdığını, islam dinininə mənsub olduğunu yazır.
   Müskürlü tayfası Şirvan düzünə Quba qəzasının Müşkür mahalından köçüb gəliblər. Müskürlü ailələri müasir Zərdab rayonunun ərazisində də dailmi yurd salmışdılar.
   Məmmədqasımlı kəndi vaxtı ilə Kür sahilində salınıb və Müskürlü adlandırılıb. Sonralar çay öz yatağını dəyişib, yerində axmaz qalıb və nəticədə kənd Kür çayından 2 kilometr uzaq düşüb. Karl Şults adlı əcnəbi bir müddət Zərdab kəndində yaşamışdır. Xatirələrində baş verən zəlzələdən sonra Kür çayının yatağının dəyişməsindən, limanlardan birinin suyunun azalmasından yazır. Karlın haqqında yazdığı Axmaz və ya Gözəl-Çuxur-Axmaz limanının yerləşdiyi ərazi, indiki Məmmədqasımlı kəndini və Məmmədqasımlı axmazının yerləşdiyi əraziyə uyğun gəlir.
   1870-ci ildə qəza mərkəzindən 50 verst məsafədə yerləşən Müskürlü obasının 76 təsərrüfatında 291 nəfər kişi, 182 nəfər qadın olmaqla, cəmi 473 nəfər əhali, 1879-cu ildə isə 114 təsərrüfatında 343 nəfər kişi, 305 nəfər qadın olmaqla, cəmi 648 nəfər əhali qeydə alınmışdır.
    Müskürlü adına Həsən bəy Zərdabinin XIX əsrdə “Kaspi” qəzetində yazdığı məqalədə də rast gəlinir. Həsən bəy yazırdı ki, bu iki kəndin arasındakı “Dolanbaba” adlanan yerdəki taxıl sahəm yandırılanda, mənə xüsusi rəğbəti olan Müskürlü və Pərvanlı camaatı mən gələnə qədər yanğını söndürə bilmişdi.
   Sonralar Müskürlü kəndi bir müddət  Müskürlü Məmmədqasımlı, Məmmədqasımlı Müskürlü kimi də tanınmış və nəhayət Məmmədqasımlı adlandırılmışdır.
   Bərgüşad bölgəsinin Zərdab icmasına daxil edilən Müskürlü-Məmmədqasımlı kəndində 1917-ci ildə 51 ev, 1921-ci ildə isə 66 ev qeydə alınmışdır. Sənədlərə əsasən, 1933-cü ildə yaşayış məntəqəsinin 93 təsərrüfatında 448 nəfər əhali yaşayıb. Məmmədqasımlı ötən əsrin 60-cı illərinə qədər 5 kəndi (Məmmədqasımlı, Gödəkqobu, Pərvanlı, Yarməmmədbağı, Lələağacı) birləşdirən kənd sovetliyinin mərkəzi, 05 oktyabr 1999-cu il tarixə kimi isə iki kəndin, Məmmədqasımlı və Gödəkqobu kəndlərinin inzibati mərkəzi olub.
    “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuş Muradalı Heydərov, Böyük Vətən müharibəsi qəhrəmanı Cavad Cavadov, Xalq artisti Məzahir Süleymanov Məmmədqasımlı kəndində anadan olublar.
   Məmmədqasımlı kəndində anadan olan Ağalarov Ağa Ağahüseyn oğlu, Həşimov Vüsal Camaləddin oğlu, Kərimov Nəfi Kərim oğlu, Mehdiyev Səyyad Abdulla oğlu Qarabağ müharibəsində şəhid olublar.

     <<< Geriyə


 
Создайте подобный сайт на WordPress.com
Начало работы