Əsas səhifə

Qoşaoba kəndi

   Qoşaoba şəhəri Zərdab şəhərinin ərazisi ilə bitişikdir, ərazisi 4457,64 hektardır. Əhali heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, pambıqçılıq, baramaçılıqla məşğul olmaqla yanaşı, şəhərdəki dövlət və özəl strukturlarda, xidmət sahələrində, ticarət obyektlərində çalışırlar.
Qosaoba kəndi
   Yaşayış məntəqəsi Lələ Əhmədli oba ailələri tərəfindən salınıb. XX əsrin əvvəllərindən etibarən, Zərdabın müxtəlif yerlərində yaşayan oba ailələri də Qoşaoba ərazisinə köçürülüb. Obaların birləşməsi nəticəsində yaranan kənd 1917-ci ildə Əhmədli Qoşaoba adlandırılmışdır. Kənddə 1917 və 1921-ci illərdə 34 ev qeydə alınmışdır. Sənədlərə əsasən, 1933-cü ildə Qoşaoba adlanan kəndin 33 fərdi təsərrüfatında 90 kişi, 100 qadın olmaqla, cəmi 190 nəfər əhali yaşayıb.
   XX əsrin ortalarında Lələ Əhmədli ailələrinin Nəcəfalılı kəndinin sakinləri də Qoşaoba ərazilərinə köçürülmüşdür. Əvvəllər Nəcəfalı Obası adlanan kənd, keçən əsrin əvvəllərində Zərdab-Ucar şossenin kənarında yerləşmişdir. Kənddə 1917-ci ildə 16 ev, 1921-ci ildə isə 20 ev qeydə alınmışdır. 1933-cü ildə yaşayış məntəqəsinin 15 fərdi təsərrüfatında 66 nəfər (28 kişi, 38 qadın) əhali yaşayıb.
   Keçən əsrin 60-cı illərində Vəlixanlı kəndinin sakinləri də Qoşaoba ərazisinə köçürülüb. Əvvəllər Lələ Əhmədli Vəlixanlı adlanan kənd, Zərdabdan 4,5 km məsafədə, Zərdab-Kürdəmir şossesinin kənarında yerləşirdi. 1921-ci ildə kənddə 15 ev qeydə alınmışdır. Sənədlərə əsasən, 1933-cü ildə Vəlixanlı kəndinin 14 fərdi təsərrüfatında 112 nəfər (50 kişi, 62 qadın) əhali yaşayıb.
   Qoşaoba kəndində indi Ermənistan adlanan Qərbi Azərbaycandan zorla köçürülən ailələr də məskunlaşmışdılar. Professor Eldəniz Həsənov Lələ Əhmədlilərin Hacılı obasının və bir vaxtlar Çallı kəndinin yaxınlığında yerləşən Qaravəlli obasının ailələrinin də Qoşaoba ərazisinə köçürüldüyünü yazır.
   Yaşayış məntəqəsi uzun müddət Zərdab kənd (qəsəbə, şəhər) sovetliyinin tərkibində yerləşib. Kənd “Kommunist” kolxozunun tərkibinə daxil edilmişdir. Keçən əsrin 60-cı illərinin sonlarında Qoşaobanın kənd statusu ləğv edilib və Zərdab şəhəri ilə birləşdirilmişdir. Uzun müddət şəhərin bir məhəlləsi hesab olunan yaşayış məntəqəsinə, 1999-cu ildə yenidən kənd statusu verilib. Yaşayış məntəqəsi Qoşaoba kəndi adlandırılaq, rayonun yaşayış məntəqələrinin uçot məlumatına daxil edilib. 01 sentyabr 2004-cü il tarixdə isə kənd, Zərdab şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılmış və Qoşaoba kənd inzibati ərazi dairəsi yaradılmışdır.

     <<< Geriyə


Создайте подобный сайт на WordPress.com
Начало работы