Əsas səhifə

Qoruqbağı kəndi

   Qoruqbağı kəndi rayon mərkəzindən 17 kilometr cənub-qərbdə,  Kür çayının sol sahilində yerləşir, ərazisi 2019 hektardır. Kənd əhalisi əsasən heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, pambıqçılıq, baramaçılıq, balıqçılıqla məşğuldur.
Qoruqbağı kəndi
   Qoruqbağı sözü “qoruq” (mühafizə olunan yer) və “bağ” sözlərindən düzəlmiş, “qoruq”, “qorunan bağ” mənasındadır. Bu ərazilərin hakim siniflərə məxsus yer, bağ sahəsi olduğunu və bu səbəbdən də Qoruqbağı adlandırıldığını bildirirlər. Lakin, həm XIX əsr, həm də XX əsrin əvvəllərinə aid sənədlərdə kəndin adı Qovruqbağı kimi yazılmışdır. Həsən bəy Zərdabi XIX əsrdə yazdığı məktublarında və məqalələrində də  yaşayış məntəqəsini Qovruqbağı adlandırmışdır. Azərbaycanın yaşayış məntəqələrinin 1917 və 1921-ci illərə aid siyahısında da kənd Qovruqbağı kimi qeyd olunmuşdur. Bunlardan əlavə, rus arxiv sənədlərində Böyük Vətən müharibəsində iştirak edən kənd sakinlərinin bəzilərinin doğulduqları yer Qovruqbağı kimi yazılıb.   
   XIX əsrin əvvəllərində Kür sahili boyu 50 verstlik məsafədə yerləşən torpaqlar vahid yaşayış məntəqəsi hesab olunan Zərdab kəndinin əraziləri olub. Axmazlardan, əkin və bağ sahələrindən ibarət olan indiki Qoruqbağı kəndinin əraziləri də Zərdab kəndinə daxil idi. Əsrin ortalarından başlayaraq bu ərazilərə, Xançobanı mahalından və digər ərazilərdən ailələr köçüb gəliblər və yaşayış məntəqəsində müxtəlif tayfaların nümayəndələri məskən salıblar.
   Qoruqbağı ərazilərində məskunlaşan ailələrin bir qismi müskürlü tayfalarının nümayəndələri olub. Quba qəzasının Müskür mahalında yaşayan ailələr, XIX əsrin ortalarında Şirvanın Xançoban mahalına, daha sonra isə Qarasubasar mahalına köçüb gəlmişdilər. İndiki Zərdab rayonu ərazisində müskürlü tayfalarının Müskürlü və Müskürlü Kirli adlanan obaları məskən salmışdılar. Əksəriyyəti Zərdabın indiki Müskürlü (Məmmədqasımlı, Gödəkqobu, Məlikli, Burunlu) kəndlərində yaşayan bu oba ailələrinin nümayəndələri, indiki Qoruqbağı kəndində də yurd salıblar. A.Bakıxanov “Gülüstani-İrəm” əsərində Müskür mahalında yaşayan əhalinin türk olduğunu və Azərbaycan türkcəsində danışdığını, islam dinininə mənsub olduğunu yazır.
   İndiki Qoruqbağı ərazilərində qədim türk tayfası olan Qaravəlli ailələrinin nümayəndələri də məskunlaşıblar. Qaravəlli tayfası Azərbaycanın müxtəlif ərazilərində yaşayan türk əhalisidir, yaşı min ildən çoxdur. Tayfanın mənşəyi haqqında əksər məlumatlar rəvayət xarakterlidir və müxtəlifdir. Qaravəlli tayfaları indiki Zərdab ərazilərinin də daxil olduğu Şirvanın Qarasubasar və Xançobanı mahallarında da yaşayıblar. İndiki Zərdab ərazilərində Qaravəlli tayfalarının Qaravəlli Tapdıq, Qaravəlli Ağaməmməd, Qaravəlli Xanlıq obaları yurd salmışdılar. Qaravəlli Tapdıq obası 1870-ci ildə qəza mərkəzindən 50-55 verst məsafədə, Kür sahilində, indiki Qoruqbağı kəndinin yaxınlığında məskunlaşmışdır. Hazırda Lələağacı kəndi yaxınlığında Qaravəlli yurdu, qalası adlanan ərazi də var. Qaravəlli Tapdıq obası sonralar Çallı kəndinə doğru yerini dəyişmiş və Xələc kənd icmasına daxil edilmışdir.
   Qoruqbağında Xəlilli tayfa ailələrinin nümayəndələri də məskən salıblar. Xəlillilərin Göyçay qəzasında Xəlilli Qasımbəy (Girdiman çayı sahilində), Xəlilli İbrahimbəy (Kür çayı sahilində) obaları olub. Sənədlərə əsasən Xəlilli İbrahimbəy obası 1911-ci ildə Əlvənd kənd icmasına daxil edilmişdir.
   Hazırda Kür çayının digər sahilində yerləşən, Ağcabədi rayonun kəndi olan Nəcəfqulubəyli kəndində yaşayan Qaradolaq tayfasının nümayəndələri də Qoruqbağı kəndinə köçüb yurd salıblar.
   XIX əsrin ikinci yarısından etibarən, kəndlilərin bəylərin himayəsindən azad edilməsindən sonra Zərdab kəndinin sakinləri azalmağa başladı. Kəndlilər Kür sahili boyu yerləşən bağlarda yurd salmağa başladılar və nəticədə indiki Zərdab rayon ərazisində yeni yaşayış məskənləri, kəndlər yarandı. Zərdab kəndindən çıxan ailələrin bir hissəsi Qoruqbağı ərazisinə də köçüblər.
   XIX əsrin ikinci yarısında çar fərmanı ilə Göyçay qəzasında kənd icmaları və oba birlikləri yaradılmışdır. Qoruqbağı ərazilərinin daxil edildiyi II Zərdab kənd icmasının mərkəzi Gəlmə kəndi idi və Gəlmə kənd icması da adlandırılmışdır. O dövrdə Gəlmə kəndi indiki ərazidə deyil, Zərdabın indiki Lələağacı kəndinin yaxınlığında yerləşirdi. İcmaya daxil edilən kənd əvvəl I və II Qoruqbağı olmaqla 2 məntəqəyə, bir qədər sonra isə 3 məntəqəyə bölünmüşdür. Kəndin məntəqələrə bölünməsi, ərazidə məskunlaşan ailələrin müxtəlif tayfaların nümayəndələri olmaları və bu ailələrin bir-birindən nisbətən aralı məsafələrdə məskən salmaları ilə də əlaqədar ola bilərdi. XIX əsrin sonlarında kənddə 100-dən çox təsərrüfat olub. Həsən bəyin “Kaspi” qəzetinin 20 dekabr 1893-cı il tarixli 279-cu nömrəsinə yazdığı məktubunda deyilir ki,  Zərdab kəndi 18 bölmədən ibarətdir, bunlardan 50 evdən ibarət olan ikisi Qovruqbağı adlanır.
   1917 və 1921-ci illərdə yaşayış məntəqəsi Qovruqbağı adlandırılmış və  Aşağı, Yuxarı və Orta Qovruqbağı olmaqla üç məntəqəyə bölünmüşdür. Aşağı Qovruqbağında 1917-ci ildə 46 ev, 1921-ci ildə 67 ev, Yuxarı Qovruqbağında 1917-ci ildə 42 ev, 1921-ci ildə 45 ev, Orta Qovruqbağında isə 1921-ci ildə 33 ev qeydə alınmışdır.
   Yaşayış məntəqəsi Azərbaycan Cümhiriyyəti (1918-1920) dövründə və sovet hakimiyyətinin ilk illərində Göyçay qəzasının Zərdab bölgəsinin tərkibində yerləşib. Kənd Azərbaycanın rayonlaşdırılmasından sonra Göyçay rayonunun tərkibinə (1929-1935-ci illər) daxil edilmişdir. Qoruqbağı 1935-ci ildən yeni yaradılan Zərdab rayonunun kəndidir.
   1933-cü ildə Zərdab rayonunda Qoruqbağı, Qoruqbağı -2, Qoruqbağı-3 adlanan yaşayış məntəqələri qeydə alınıb. Bu məntəqələrdə hələ də kollektivləşmə aparılmamışdır. Birinci yaşayış məntəqəsinin 54 fərdi təsərrüfatında 267 nəfər əhali, ikinci məntəqənin 78 fərdi təsərrüfatında 434 nəfər əhali, üçüncü məntəqənin isə 34 fərdi təsərrüfatında 187 nəfər əhali qeydə alınmışdır.
   1961-ci ildə Zərdab rayonunda 9 sovetlik fəaliyyət göstərib. Qoruqbağı kəndi Məlikli, Burunlu və Sarıqaya kəndləri ilə birlikdə Məlikli kənd sovetliyinin tərkibində yerləşib. 1977-ci ildə Zərdab rayonunda 14 sovetlik olub və Qoruqbağı kəndi Yarməmmədbağı, Lələağacı, Sarıqaya və Pərvanlı kəndləri ilə birlikdə Yarməmmədbağı kənd sovetliyinə daxil idi. Keçən əsrin sonlarında mərkəzi Qoruqbağı olmaqla inzibati ərazi vahidliyi yaradılmış, bu inzibati əraziyə Qoruqbağı və Sarıqaya kəndləri daxil edilmişdir. 17 iyun 2003-cü il tarixdə Sarıqaya kəndi Qoruqbağı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılmış və Sarıqaya mərkəz olmaqla kənd inzibati ərazi dairəsi yaradılmışdır.
   Kənd ərazisində Qoruqbağı meşəsi adlanan hektarlarla meşə sahəsi var. Taleh Əliyev T.C.Rəsulova istinad edərək yazır ki, Qoruqbağı meşəsi Kür çayının sağ sahilində Qaradolaq tayfasının məskunlaşdığı Qaradolaq bəylərindən olan Nəcəfqulu bəyin adı ilə adlanan Nəcəfqulubəyli kəndinin ərazisində yerləşmişdir. Kür çayı sahilində süni üsulla düzləndirmə işləri aparılmış və çayın sahilində qalan meşənin bir hissəsi Şirvan ərazisinə qatılmışdır.
   Kür çayının axın istiqaməti Qoruqbağı ərazisində də bir-neçə dəfə dəyişdirilmiş və nəticədə kənd ərazisində göllər, axmazlar yaranmışdır. Ərazidə yerləşən bu axmazlar Qoruqbağı axmazı adlanır.
   XIX əsrin 60-cı illərində Qoruqbağı yaxınlığında, Zərdab kəndindən təxminən 2 ağac yarım məsafədə Axmaz və ya Gözəl-Çuxur-Axmaz limanı olub. Bu limanın adına Çar imperiyasının atlaslarında və eyni zamanda səyyahların qeydlərində rast gəlinir.
   Qoruqbağı kənd sakinləri, eləcə də digər ərazilərdən gələnlər bir vaxtlar bərələr vasitəsilə Kür çayını keçib Qarabağa gedərdilər. Bu su nəqliyyat vasitəsindən istifadə zamanı dəfələrlə insan tələfatları olurdu. 1985-ci ildə Qoruqbağı kəndi ərazisində, həm Qarabağ, həm də Şirvan əhalisi üçün müstəsna əhəmiyyəti olan, Zərdab və Ağcabədi rayonlarını birləşdirən körpü salınmışdır. Bu körpünün salınmasında o dövrdə müxtəlif məsul vəzifələrdə çalışmış İnqilab Nadirovun xüsusi xidmətləri olub və el arasında bu körpüyə “İnqilab” körpüsü də deyilir. Hazırda Ucar-Zərdab-Ağcabədi şossesi yenidən qurulub və bu körpünün yanında yeni, müasir tipli körpü salınıb.
   Qoruqbağı kəndində anadan olan İmanov Yavər Həsən oğlu və İsmayılov Babək Mehdi oğlu Qarabağ uğrunda döyüşlərdə şəhid olublar. Zərdab şəhəri ərazisindəki küçələrdən biri Babək İsmayılovun adını daşıyır.

     <<< Geriyə


 

Создайте подобный сайт на WordPress.com
Начало работы