Əsas səhifə

Qaravəlli kəndi               

    Qaravəlli kəndi rayon mərkəzindən 10 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir, ərazisi 1156,44 hektardır. Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, bostançılıq, baramaçılıq, meyvəçilik, balıqçılıqdır.

Qaravəlli kəndi

    Qaravəlli tayfası Azərbaycanın müxtəlif ərazilərində yaşayan türk əhalisidir, yaşı min ildən çoxdur. Qaravəlli tayfasının mənşəyi haqqında konkret elmi faktlar azdır, əksər məlumatlar rəvayət xarakterlidir və müxtəlifdir. Tarixi mənbələrə və araşdırmalara görə Oğuz xanın 6 oğlundan böyüyü Gün xanın dördüncü, sonbeşik oğlu Qaraevli adlanıb və onun nəslinə Qaraevlili deyiblər. Türk dilinin ahəng qanununa görə iki sait yanaşı tələffüz edilmədiyi üçün, Qaraevli sözündəki “a”-dan sonra gələn “e” səsi “v”-dən sonraya keçir, olub Qaravelli. Sonralar “a” saitinin təsiri altına düşən “e” saiti bir daha ahəngə tab gətirməyib “ə” səsinə əvəzlənib və beləliklə, nəslin nümayəndəlri “Qaravəllilər” adlandırılıb.
   Taleh Əliyev İbn əl-Əsirə istinad edərək, XI əsrdə Səlcuqların Cənubi Azərbaycan ərazisinə (Şəhrizor, Kirmanşah və Daquqa) gəlmələrindən yazır: “Hicri 495-ci ildə (miladi 1101-ci ildə) bu bölgənin mühüm bir qismi bir çox oğuz əmirləri kimi təkbaşına fəaliyyət göstərən Qara Beli adlı (yaxud ləqəbli) bir salur bəyi tərəfindən fəth olundu. Bu salur bəyinin özündən bir daha bəhs edilmədiyinə baxmayaraq sonralar mənbələrdə həmin ərazi Beyt ül-Qara Beliyyə (Qara Beli xanədanı) adı ilə XII əsr boyu qeyd olunur. Hətta əksər mənbələrdə bura Qara Beli ölkəsi adlanmış, Bağdaddan Marağaya gedən ana yolda, Dinavərlə Marağa arasındakı bir keçid də XII əsrin sonlarına qədər Qara Belinin adını daşımışdır. Beləliklə, məlum olur ki, Qaravəlli tayfası həmin mənbələrdə qeyd olunan Qara Beli vilayətinin əhalisinə verilmiş addır və Nadir şah dövründən sonra bu tayfa Qaravəlli adlanmışdır.”
   Qaravəllilər “Böyük köç” dövründə möhtəşəm döyüşlərdə savaşlar ediblər, tarix yazıblar, Güney Qafqazda, Anadoluda, Güney Azərbaycanda və digər ərazilərdə yurd salıblar. Mənbələr Şamaxı xanlığının Xançoban mahalında yaşayan Qaravəlli obaları haqqında məlumatlar verirlər. Qaravəlli tayfasının nümayəndələri Kür vadisinə XIX əsrdə həmişəlik gəlmiş və yarı oturaq, yarı köçəri həyat keçirmişlər. Xançobanı mahalında yaşayan Qaravəlli obalarının bir hissəsi sonradan Qarasubasar mahalına köç ediblər.
   Sənədlərdə Bakı quberniyasının Göyçay qəzasında yaşayan Qaravəlli obaları — Qaravəlli, Qaravəlli Xanlıq, Qaravəlli Tapdıq, Qaravəlli Qambaybəy, Qaravəlli Ağaməmməd obaları haqqında məlumatlar var. Bu obaların bəziləri müasir Zərdab rayonunun ərazilərində məskunlaşmışdılar. Zərdab ərazilərində məskunlaşan Qaravəlli Tapdıq, Qaravəlli Ağaməmməd, Qaravəlli Xanlıq obalarının Ağsudan gəldikləri bildirilir. Ərazidə yerləşən Qaravəlli obaları Kaspi (Xəzər) vilayətinə, Şamaxı, Bakı quberniyalarına, 1867-ci ildən isə Bakı quberniyasının Göyçay qəzasının tərkibinə daxil edilmişdilər.
    Zərdab ərazisində məskunlaşan Qaravəlli Xanlıq obası hazırda Qaravəlli adlanır. XIX əsrdə Şirvan xanı Mustafa xanın oğlu Cavad xana məxsus məntəqələr “Xanlıq” adlandırılmışdır. Lələ Əhmədli kənd icmasına daxil edilən Qaravəlli Xanlıq obası XIX əsrin sonlarında qəza mərkəzindən 65 verst, Kürdəmir pristav idarəsindən 90 verst məsafədə, müasir Zərdab ərazisində məskən salmışdır.
   1879-cu ildə Qaravəlli Xanlıq obasının 35 təsərrüfatında 162 kişi, 120 qadın olmaqla 282 nəfər əhali, 1886-cı ildə 48 təsərrüfatında 187 kişi, 126 qadın olmaqla 313 nəfər əhali, 1902-ci ildə 44 təsərrüfatında 172 kişi, 138 qadın olmaqla 310 nəfər əhali, 1911-ci ildə isə 43 təsərrüfatında 188 kişi, 173 qadın olmaqla 361 nəfər  əhali qeydə alınmışdır.
   Sovet hökuməti kolxozlar quranda, əvvəllər yarımköçəri maldarlıqla məşğul olan Qaravəlli tayfa nümayəndələri tamamilə oturaq həyata keçiblər. Yaylaqda yaşayanlar yaylaqda, qışlaqda yaşayanlar qışlaqda qalıblar. Beləliklə, Ağcabədidə, Ağsuda, Balakəndə, İmişlidə, Neftçalada, Zərdabda Qaravəlli, Gədəbəydə (Şınıxda), Şamaxıda Qaravəllilər kəndləri yaranıb.
   XX əsrin əvvəllərində hələ də Qaravəlli Xanlıq adlanan kənddə, 1917-ci ildə 84 ev, 1921-ci ildə isə 81 ev qeydə alınmışdır. 1929-cu ilədək Göyçay qəzasının tərkibində olan Qaravəlli kəndi, Azərbaycanın rayonlaşdırılmasından sonra, 1929-1935-ci illərdə Göyçay rayonunun tərkibində yerləşib. Kənd 1935-ci ildə yeni yaradılan Zərdab rayonunun tərkibinə daxil edilib. Sənədlərə əsasən 1933-cü ildə Zərdab bölgəsində yerləşən Qaravəlli kəndində 16-sı ümumi, 64-ü fərdi olmaqla 80 təsərrüfat olub, 228 nəfər kişi, 185 nəfər qadın olmaqla 413 nəfər əhali yaşayıb.
    Sovet dövründə və müstəqilliyimizin ilk illərində İsaqbağı inzibati ərazisinə daxil olan Qaravəlli kəndi, 17 iyun 2003-cü il tarixdə İsaqbağı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılmış və Qaravəlli kənd inzibati ərazi dairəsi yaradılmışdır.
   1878-ci ildə Qaravəllidə anadan olan Şeyx Əbdürrəhman Molla Tağı oğlu dövrünün mütərəqqi fikirli insanlarından olub, İranın Qum, Məşhəd şəhərlərində, İraqın Nəcəf şəhərində dini təhsil alıb, Şeyx kimi yüksək rütbəyə layiq görülüb. Bakıda Təzəpir məscidinin axundu olub, xeyriyyəçi kimi də tanınıb. Evinin birini atasız- anasız uşaqlara ayırıb, onları öz vəsaiti hesabına saxlayıb və təhsil verib. Qarəvəlli kəndinə yol çəkdirib, məscid və dəyirman tikdirib. Azərbaycanın görkəmli elm xadimləri və ziyalıları Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov, Mustafa bəy Topçubaşovla şəxsən tanış olub, onlarla dostluq edib. 1932-ci ildə Qaravəlli kəndində torpağa tapşırılıb.
   Zərdabın Qaravəlli kəndindən olan Əzizbəy Qasımov Sənaye-Tikinti bankında müxtəlif vəzifələrdə işləmiş, 1987-ci ildə isə idarə heyətinin sədri vəzifəsinə irəli çəkilmişdir. Bakı şəhər sovetinin sədri Ə.Ləmbəranski Ə.Qasımova müraciət edərək, “Əzizbəyov” (indiki “Koroglu”) ilə “Neftçilər” stansiyaları arasında yeni bir stansiya tikilməsinə kömək etməyi xahiş edir. Ə. Qasımov həmin stansiyasının tikilməsini ittifaq hökümətindən gizli, metronun ümumi smeta dəyəri hesabına maliyyələşdirir və şiddətli töhmət qazanır. Sonradan Ə. Qasımov Moskva Layihə İnstitutunun şəhərsalma qaydalarına riayət etmədiyini sübut edir və cəza onun üstündən götürülür.
   Tarix elmləri doktoru, 1 monoqrafiyanın, 1 dərsliyin, 1 dərs vəsaitinin, 3 metodik vəsaitin, 70-dən çox məqalənin müəllifi, professor Məmmədov İsmayıl Məhəmməd oğlu Zərdab rayonu Qaravəlli kəndində anadan olub.
   Qarabağ müharibəsi şəhidi Abdullayev Vüqar İsa oğlu 05 aprel 1971-ci ildə Qaravəlli kəndində anadan olub. 18 aprel 1993-cü ildə Kəlbəcər rayonu Başlıbel kəndində gedən döyüşlərdə, 113 gün mühasirədə qalan və kahalara sığınan mülki əhalini qəhrəmanlıqla müdafiə edərək şəhid olub, Kəlbəcər rayonu Şırran kahasında dəfn edilib.

     <<< Geriyə


 
Создайте подобный сайт на WordPress.com
Начало работы