Əsas səhifə

İkinci Alıcanlı kəndi

   Alıcanlı yaşayış məntəqələrinin yerləşdiyi ərazilər qədim yaşayış məskənləri olub, küp qəbirləri mədəniyyətinin yayıldığı ərazilərdəndir. Yaşayış məntəqələrinin daxil edildiyi Əlican və Türyançay hövzəsində tapılan küp qəbirlər həm antik, həm də ilk orta əsr dövrlərinə aid edilmişdir.
   Əvvəllər Əlicanlı, son dövrlərdə Alıcanlı adlanan yaşayış məntəqələri Şahsevən elinə, tayfa birliyinə daxil olan ilxıçıların bir qrupuna başçılıq edən Əlican adlı şəxs və onun yaxın ətrafı tərəfindən salınmışdır. Şahsevən eli Şah I İsmayıl Səfəvinin hakimiyyəti dönəmində türk tayfalarının birləşməsi nəticəsində yaranmışdı. Elin yaranmasında oğuz kökənli qızılbaş tayfalarından avşar və bəydililərin böyük rolu olub. Şahsevənlər xüsusi qəbilə və tayfa birliyi olmamışdır, qəbilə və oymaqlardan ayrılan icma qruplarının birləşməsi nəticəsində əmələ gəlmişdi.
  Şamaxı xanlığının, eləcə də Şamaxı quberniyasının Xançoban mahalında Əlicanlı, İlxıçı-Əlicanlı yaşayış məntəqələri qeydə alınmışdır. Müasir Ağsu rayonunun İlxıçı kəndi keçmişdə İlxıçı Əlicanlı adlandırılmışdır. Xançoban mahalında yaşayan Əlicanlı oba ailələri Qarasubasar mahalında da otlaq ərazilərinə sahib idilər.
   Əlicanlı bəylərinin Şamaxı xanları ilə qohumluq əlaqələri olmuşdur. Yerli bəylərdən olan Məlik Məmməd bəy, Şamaxı xanlarının nəslindən olan Xanım bəyim ilə ailə qurmuş və Əlicanlı kəndində yaşamışdılar. Onların Ağalar bəy, Məhəmməd şah, Züleyxa xanım adlı övladları olub.
   09 dekabr 1867-ci il tarixli çar fərmanı əsasında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldıqdan sonra, qəzanın tərkibində, müasir Zərdab rayonu ərazisində, indiki Alıcanlı (Əlicanlı) kəndlərinin yerləşdiyi  ərazilərdə II Əlicanlı (Əlicanbəyli) və İlxıçı Əlicanlı obaları qeydə alınmışdır. Bu obalarda Əlicanlı ailələrinin üzvləri olan ilxıçıların, maldarların yaşadığı bildirilir.
   Əlicanlı kəndləri 1918-1920-ci illərdə Azərbaycan Cümhiriyyətinin, 1920-1929-cu illərdə isə Azərbaycan SSR-nin inzibati ərazisi olan Göyçay qəzasının tərkibində yerləşiblər. 1929-cu ildə Azərbaycanın rayonlaşdırılmasından sonra, yaşayış məntəqələri Göyçay rayonunun, 1935-ci ildə isə yeni yaradılan Zərdab rayonunun tərkibinə daxil edilmişdir.  
   1911-ci ildə, qəza mərkəzindən 70 verst məsafədə Əlicanlı obası da qeydə alınıb. Yaşayış məntəqəsinin 28 təsərrüfatında 176 nəfər kişi, 135 nəfər qadın olmaqla, 311 nəfər əhali yaşayıb.

xerite 123

    İkinci Alıcanlı kəndi rayon mərkəzindən 22 kilometr şimal-qərbdə, Qarasu, Türyançay çayının sahilinə yaxın ərazidə yerləşir, ərazisi 1295 hektardır. Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, yemçilik, quşçuluq, baramaçılıq, bostançılıqla məşğul olur. «İkinci» komponenti eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur. Mənbələrdə Əlicanbəyli, Əlicanlı Sərənkova adı ilə də qeydə alınan kənd, Qarabağdan gəlmə ailələrin də burada məskunlaşması səbəbindən Qarabağ Alıcanlısı adı ilə də tanınır.
    1870-ci ildə II Əlicanlı obası Göyçay qəza mərkəzindən 45 verst məsafədə, Xələc və Çallı kəndlərinin yaxınlığında məskən salmışdır. Obanın 30 təsərrüfatında 93 nəfər kişi, 62 nəfər qadın olmaqla, cəmi 155 nəfər əhali qeydə alınmışdır. 1893-cı ildə II Əlicanlı (Əlicanbəyli də adlanıb) kəndi İlxıçı-Əlicanlı kənd icmasının mərkəzi olub, qəza mərkəzindən 35 verst, pristav idarəsindən 21 verst məsafədə yerləşib. 1886-cı ildə yaşayış məntəqəsinin 54 təsərrüfatında 165 nəfər kişi, 136 nəfər qadın olmaqla, cəmi 301 nəfər əhali qeydə alınmışdır. 1911-ci ildə qəza mərkəzindən 35 verst məsafədə yerləşən yaşayış məntəqəsi Əlicanlı kənd icmasına daxil edilmiş, 128 təsərrüfatında 356 nəfər kişi, 287 nəfər qadın olmaqla, cəmi 643 nəfər əhali yaşamışdı. Kənddə 1 məscid fəaliyyət göstərdiyi, 26 nəfər bəy ailəsi üzvü və 3 nəfər təhsilli şəxsin yaşadığı bildirilir. Əlicanlı kənd icmasına daxil edilən Qaravəlli Ağaməmməd obası da indiki Alıcanlı kəndlərinin yaxınlığında, Sərənkova adlanan düzənlikdə məskən salmışdır. 1917 və 1921-ci illərdə Bərgüşad bölgəsinə daxil edilən yaşayış məntəqəsi, yerləşdiyi düzənliyin adına uyğun olaraq Əlicanlı Sərənkova adlandırılmışdır. 1917-ci ildə Əlicanlı Sərənkova kəndində 70 ev, 1921-ci ildə isə 45 ev qeydə alınmışdır.
    1933-cü müasir Zərdab rayonu ərazisində yerləşən, Göyçay rayonunun tərkibinə daxil olan Əlıcanlı kəndinin 108 təsərrüfatında 726 nəfər əhali yaşadığı bildirilir. 35 təsərrüfat ümumilləşdirilmiş, 73 təsərrüfat isə fərdi idi. 1961 və 1977-ci illərdə II Əlicanlı adlanan kənd Çallı kənd sovetliyinin tərkibinə daxil edilmişdir. Sonradan Əlicanlı inzibati ərazi vahidliyi yaradılmış və Zərdab ərazisindəki üç Əlicanlı kəndi bu inzibati əraziyə daxil edilmişdir.
   Professor, 112 elmi əsərin müəllifi Nuriyev Məhəmmədəli, tanınmış ifaçı Sakif Məmmədov, Qarabağ müharibəsi şəhidləri Faiq Vəlizadə, Müsəllim Ağayev, Sərdar Əsədov, İbrahimxəlil Xəlilov, Mahir İsmayılov, Habil Musayev, Elsevər Yunusov Alıcanlı kəndlərində anadan olublar.
   Alıcan türk mənşəli “alı” və fars mənşəli “can” sözlərindən düzəlib. Əziz, doğma adam mənasındadır. Türk mənşəli Alcan sözü gözəl, cəsur, ürəkli mənasını verir. “Əlican”  sözü isə cana yaxın, qanı isti, candan mənasındadır.

     <<< Geriyə


Создайте подобный сайт на WordPress.com
Начало работы