Əsas səhifə

Xanməmmədli kəndi

     Xanməmmədli kəndi rayon mərkəzindən 7 kilometr şimal-qərbdə, Qarasu (Türyançay) çayının sahilində yerləşir, ərazisi 702 hektardır. Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, yemçilik, quşçuluq, arıçılıq, balıqçılıq və baramaçılıqla məşğul olur.
   Kənd Turyançay vadisində yerləşir. Min illərlə tarixə malik küp qəbirlərin, sikkələrin, məişət əşyalarının tapılması onu göstərir ki, kənd arazisində orta tunc dövründə də yaşayışı məskəni olub. Taleh Əliyev yazır ki, Qafqaz Albaniyasrnrn mühüm tərkib hissəsi оlmuş Əlican və Тüryапçау vadisinin Kür sahili boyu ərаziləri, уəni сənub hissəsi küp qəbirləri mədəniyyətinin yayıldığı ərаzilərdəndir. Xanməmmədli kəndinin ərazisində də qədim və orta əsrlər dövrlərinə aid olan tarixi memarlıq-mədəniyyət abidələri aşkar edilmişdir.
   Yaşayış məntəqəsi Quşçu tayfasına mənsub Lələ Əhmədli ailələri tərəfindən salınıb. Öz arealının genişliyinə görə diqqəti cəlb edən Quşçu qədim türk tayfasıdır. Tədqiqatçılardan bəzilərinin fikrincə bu toponim hun qəbilələrindən olan quşanların (qara hunların) adı ilə bağlıdır. Lələ Əhmədli qədim Quşçu tayfasının bir ailə sülaləsidir. Şamaxı xanlığının Xançobanı mahalında yaşayan Lələ Əhmədli oba ailələri XIX əsrin 70-ci illərindən etibarən Xançobanı mahalından Qarasubasar mahalına köçərək, müxtəlif ərazilərdə daimi yurd salmışdılar.
   Kəndin adı dövrünün nüfuzlu şəxslərindən biri olan Lələ Əhməd nəslinin nümayəndələsi Xanməmməd adlı şəxsin adı ilə bağlıdır. XIX əsrin sonlarında Xanməmməd ailəsinin üzvlərinin burada daimi məskunlaşmasından sonra, ərazidə yaşayış məntəqəsi formallaşmış və Xanməmmədli adlandırılmışdır. Yaşayış məntəqəsinin ərazisi XIX əsrin sonlarında, XX əsrin əvvəllərində Göyçay qəzasının Lələ Əhmədli kənd icmasının ərazisi olub.
   Xanməmmədli kəndində 1917-ci ildə 24 ev, 1921-ci ildə isə 25 ev qeydə alınmışdır. Sənədlrdə 1933-cü ildə kəndin 28 təsərrüfatında, 81 nəfəri kişi, 89 nəfəri qadın olmaqla 170 nəfər əhalinin yaşadığı yazılır. 1933-cü ildə kənddə hələ də kollektivləşmə aparılmamışdır.  
   Ötən əsrin əvvəllərinə qədər Xanməmmədli hazırki ərazidən 5 km qərbdə, “Duzlu axmaz” adlanan gölün ətrafında yerləsirdi. Böyük Vətən müharibəsi illərində bu qobu zərdablıların duza olan tələbatını ödəmişdir. Deyilənlərə görə əhali «axmaz şabalıdı» deyilən bitkidən qida kimi də istifadə ediblər. İçməli su problemi yarandığı üçün kənd 1948-49-cu illərdə indiki əraziyə köcürülüb.
   Xanməmmədli kəndi sovet dövründə, eləcə də müstəqilliyimizin ilk illərində Gəlmə, Hüseynxanlı, Salahlı, Əlibəyli, Allahqulubağı, Yediyarlı kəndləri ilə birlikdə eyni inzibati ərazinin və kolxozun tərkində olub. Hüseynxanlı, Xanməmmədli kəndləri 17 iyun 2003-cü il tarixdə Gəlmə kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılıb və Hüseynxanlı mərkəz olmaqla yeni kənd inzibati ərazi dairəsi yaradılıb.
   Keçən əsrin ikinci yarısında kollektorlar qazılarkən kənd ərazisində 1,5 m dərinlikdə küp qəbir aşkar olunmuşdu. F.Osmanov bu qəbri e.ə. II — I əsrlərə aid etmişdir. Küp qəbirdəki skelet yarımbükülü vəziyyətdə qoyulmuş, yanından serdolik muncuqlar, korroziyaya uğramış qısa xəncər, sadə naxışsız gil qablar tapılmışdır. Alın hissəsinə sikkə qoyulmuşdur. Sikkənin aversində Parfiya Arşakilərindən olan hökmdar I Orodun adı, reversində isə günəş təsvir olunmuşdur. Qəbirdən 1 m kənarda ocaq izləri də tapılmışdır. Ərazinin digər hissəsində üzərində ərəb əlifbası ilə yazı olan məişət qabları və çıraqlar da aşkar olunmuşdur. Müxtəlif torpaq işləri görülərkən Xanməmmədli və Salahlı kəndlərinin ərazisindən gildən düzəldilmiş çıraqlar, duz qablar da tapılmışdır. Bizim eramızın V-VI əsrlərinə aid edilən gil çıraq və duz qabları bu gün də Salahlı kənd məktəbində saxlanılır.
   Kənddə meliorasiya işləri zamanı tapılan küp qəbirlərin, sikkələrin, məişət əşyalarının mühafizəsi və tədqiqində «Əmək Şöhrəti» ordenli, Respublikanın Baş müəllimi Cəlil Bəşirovun böyük əməyi olub. Cəlil müəllim aşkar edilmiş küp qəbirləri nekropolu barədə rayonun «Pambıqçı» qəzetində məqalə yazmış, Moskvada dərc olunan «Arxeoloqireskaya otkritiya» jurnalına məlumat vermişdir. Cəlil müəllimin əməyinin nəticəsi olaraq ASE-nin 6-cı cildində Zərdab arxeoloji məntəqə kimi göstərilmiş, Azərbaycan Respublikası Nazirlər Kabineti tarixi tapıntını qeydiyyata almısdır. «Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli (N-132) qərarı ilə Xanməmmədli kəndində aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Cəlil müəllim bu tapıntılar əsasında Hüseynxanlı kənd məktəbində zəngin tarix kabineti də yaradıb.
   İqtisad elmləri doktoru, professor Damət  Bağırov, tibb elmləri namizədi Qocayev Tacı, peşəkar hüquqşünas Səlim Qocayev, II Dünya müharibəsi iştirakçıları professor Aslan Eyvazov, tanınmış ziyalı Əmiralı Əmirəliyev, tanınmış jurnalist Ənvər Əmirəliyev Zərdab rayonu Xanməmmədli kəndində anadan olublar.
   Kənd sakinləri Qocayev Arif Əlibala oğlu Qarabağ müharibəsində şəhid olub, Əmrəliyev Elxan Tərlan oğlu isə itkin düşüb.

     <<< Geriyə


 
Создайте подобный сайт на WordPress.com
Начало работы