Əsas səhifə

Hüseynxanlı kəndi

   Hüseynxanlı kəndi rayon mərkəzindən 6 kilometr şimal-qərbdə, Zərdab — Ağcabədi şose yolunun 2 kilometrliyində, Qarasu (Türyançay) çayının sahilində yerləşir, ərazisi 623 hektardır. Əhali əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq, yemçilik, quşçuluq, baramaçılıq ilə məşğul olur.
   Kəndin ilk sakini Hüseynxan, onun ailəsi, xidmətçiləri olublar və bu səbəbdən yaşayış məntəqəsi Hüseynxanlı adlandırılmışdır. Hüseynxan məşhur Lələ Əhmədin nəslindəndir. Lələ Əhmədli ailələri qədim Quşçu tayfasının nümayəndələridir, müasir Zərdabın Dəli Quşçu (Lələ Əhmədli), Dəkkəoba (Məscidli oba), Qoşaoba (Vəlixanlı, Nəcəfalılı, Hacılı), Xanməmmədli və Hüseynxanlı kəndlərini əhatə edən ərazilərdə məskunlaşmışdılar. Lələ Əhmədli ailələrinin Hüseynxanlı yaşayış məskənində XIX əsrin sonlarında daimi məskən salmaları ehtimal olunur.
   Hüseynxanlı kəndində 1917-ci ildə 22 ev, 1921-ci ildə isə 20 ev qeydə alınıb. Sənədlərə əsasən 1933-cü ildə yaşayış məntəqəsinin 24 təsərrüfatında (15-i ümumiləşdirilmiş təsərrüfat idi) 105 nəfər (54 kişi, 51 qadın) əhali yaşayıb. Hüseynxanlı yaşayış məntəqəsinin ərazisi 1926-cı ilədək Bakı quberniyasının, Azərbaycan Cümhiriyyətinin, Azərbaycan SSR-nin Göyçay qəzasının Zərdab kənd icmasının, 1926-1929-cu illərdə Göyçay qəzasının Zərdab bölgəsinin, 1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun tərkibində yerləşib.
   Hüseynxanlı kəndi sovet dövründə, eləcə də müstəqilliyimizin ilk illərində Gəlmə, Xanməmmədli, Salahlı, Əlibəyli, Allahqulubağı, Yediyarlı kəndləri ilə birlikdə eyni inzibati ərazinin və kolxozun tərkində olub. Hüseynxanlı, Xanməmmədli kəndləri 17 iyun 2003-cü il tarixdə Gəlmə kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılıb və Hüseynxanlı mərkəz olmaqla yeni kənd inzibati ərazi dairəsi yaradılıb.
   11 dekabr 2017-ci il tarixdə Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən «Sosial-iqtisadi inkişaf fəaliyyəti» layihəsi (SEDA) çərçivəsində Zərdab rayonunun Hüseynxanlı kəndində yem emalı müəssisəsi fəaliyyətə başlayıb.
   Kənd ziyalısı Cəlil Bəşirov qonşu Xanməmmədli kəndinin ərazisindən çoxsaylı arxeoloji tapıntılar toplamışdır və bu tapıntılar əsasında dərs dediyi Hüseynxanlı kənd məktəbində zəngin tarix kabineti yaratmışdır.
   Hüseynxanlı kəndində anadan olan Abbasov Ağaqardaş İlham, Əliyev Nurəmir Nurəddin oğlu Qarabağ müharibəsində şəhid olublar. Abbasov Ağaqardaş İlham «Vətən uğrunda», «Füzulinin azad olunmasına görə» medalları ilə, Əliyev Nurəmir Nurəddin oğlu “Hərbi xidmətə görə” medalı ilə təltif ediliblər.

     <<< Geriyə


         
Создайте подобный сайт на WordPress.com
Начало работы