Əsas səhifə

Gəndəbil kəndi

   Gəndəbil (Kəndəbil) kəndi rayon mərkəzindən 18 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir, ərazisi 956,01 hektardır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, pambıqçılıq, yemçilik, quşçuluq, bostançılıq, baramaçılıq, tərəvəzçilik və balıqçılıqdır.

   Yaşayış məntəqəsi  Zərdab kəndindən çıxmış ailələr tərəfindən Gülərli bağı adlanan bağ sahəsində salınıb. Hazırda Gülərli bağının ancaq adı qalıb. Deyilənlərə görə sahəsi 20 hektara yaxın olan bu bağda, müxtəlif meyvə ağacları ilə yanaşı söyüd, çinar, qovaq ağacları da olub. Uzun illər Gəndəbil (və ya  Zərdab Gəndəbil) adlanan yaşayış məntəqəsinin adının Kəndəbil ilə əvəz edilməsi yerli sakinlərin əksəriyyətinin narazılığına səbəb olub. Yerli əhali və bir çox mütəxəssislər Gəndəbil adını daha düzgün hesab edirlər. Azərbaycanda və ümumən türk dünyasında yer, məkan bildirən adlarda, adətən sonluqda işlədilən “kənd” sözü, ön şəkilçisi kimi nadir hallarda işlədilib. Ağsu rayonunun Kəndoba kəndi də bu qisimdə olan adlardan biridir. Əlyazmalar İnstitunun “Fiologiya məsələləri” toplumunun 3-cü sayında İran ərazisindəki Azərbaycan toponimlərinə aid nümunələr arasında Kəndəbil adlı toponimin də adı çəkilir. Kəndəbil sözünün mənası “Əbilin kəndi” anlamında izah olunur. Mütəxəssislər “kəndə” sözünü farsca “qazılmış” yer, “bil” sözünün isə ərəbcə “ilə” mənasını verdiyini də yazırlar.
   Bir çox mənbələr “Gəndəbil” toponimini  kəndin ərazsinidə yerləşən gölməçənin adı ilə bağlayırlar və bildirirlər ki, “Gəndəbil” coğrafi adı gənd (pis, qoxulu, iyli) və bil (bataqlıq, gölməçə) komponentlərindən düzəlib, “pis qoxulu gölməçə” mənasını verir. Lakin bir məsələ var ki, XIX əsrdə Zərdabda yurd, məskən salmaq üçün kifayət qədər əlverişli torpaq sahələri olub və əhalinin pis qoxu verən ərazidə məkunlaşmaları inandırıcı görünmür. Kənd sakini Abdul Qasımovun bildirdiyinə görə, yaşayış məntəqəsinin adı “gəndə, bir qədər kənarda bulunan yer” mənasındadır. Əslən Gəndəbil kəndindən olan Qızxanım Salmanova isə, bir zamanlar yaşayış məntəqəsində Dəbil əmirliyinin mərkəzi olan Dəbil şəhərindən gələn insanların məskunlaşdığını və bu səbəbdən kəndin “uzarda olan Dəbil” mənasını verən Gəndəbil adlandırıldığını bildirir.
   Rus işğalından sonra Azərbaycan ərazisi Kaspi (Xəzər) vilayətinə daxil edilmişdir. 1846-cı ildə vilayət ləğv edilmiş, əvəzində quberniyalar yaradılmışdır. Müasir Kəndəbil kəndinin ərazisinin də daxil olduğu Zərdab bölgəsi Şamaxı (Bakı) quberniyasının tərkibində yerləşirdi. 1879-cu ildə 17 məntəqədən ibarət olan Zərdabın ən böyük yaşayış məntəqələrindən biri də Gəndəbil kəndi idi. Kəndin 363 təsərrüfatında 897 nəfər kişi, 782 qadın olmaqla, 1679 nəfər əhali qeydə alınmışdır.
   XIX əsrin ikinci yarısında Zərdab kəndinin də daxil edildiyi Bakı quberniyasının Göyçay qəzasında kənd icmaları yaradılmışdı. Zərdab  I, II və III olmaqla üç icmaya bölünmüşdür. III Zərdab kənd icmasının mərkəzi Gəndəbil kəndi idi və icma eyni zamanda Gəndəbil kənd icması da adlanırdı. Gəndəbil icmasına indiki Kəndəbil, Nəzəralı, Ağabağı, Şıxbağı kəndləri ərazilərində yerləşən yaşayış məntəqələri daxil edilmişdir. İcmanın mərkəzi Göyçay qəza mərkəzindən 65 verst, Ucar dəmiryol stansiyasında yerləşən pristav idarəsindən 49 verst məsafədə yerləşirdi. Həsən bəy Zərdabi 1882-ci ildə Gəndəbilin 100 evdən ibarət bir kənd olduğunu və yaşayış məntəqəsinin Zərdabdan ayrılıb gələn əhali tərəfindən bina edildiyini yazmışdır. Bəyin yazdığına görə, sonralar kəndin bir çox sakinləri doğma yerlərinə, Zərdab kəndinə qayıtmış və kənd əhalisinin sayı xeyli azalmışdır. 1886-cı ildə Gəndəbil icmasının 214 təsərrüfatında  585 nəfər kişi, 516 nəfər qadın olmaqla, 1101 nəfər əhali qeydə alınmışdır. 
   1890-cu ildə icmanın torpaq sahəsi İvanovka kənd icmasının qışlaq sahəsi ilə birlikdə 3573 desyatin idi. İcmada 206 ev, 1077 nəfər əhali qeydə alınmışdır. 1902-ci ildə kənd icmasının 235 təsərrüfatında 870 nəfər kişi, 842 nəfər qadın olmaqla, 1712 nəfər əhali yaşadığı yazılır. 1911-ci ildə icmada 250 təsərrüfat, 1 məscid, 1009 nəfəri kişi, 952 nəfəri qadın olmaqla, cəmi 1961 nəfər əhali qeydə alınmışdır. Bu dövrdə icmada 30 nəfər təhsilli şəxs yaşayıb ki, onların 3 nəfəri rus dilini bilirdi.
   1918-1929-cu illərdə də Göyçay qəzasının tərkibinə daxil olan kənddə, 1921-ci ildə 59 ev qeydə alınmışdır. Yaşayış məntəqəsi Azərbaycanın rayonlaşdırılmasından sonra, 1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun tərkibinə daxil edilib. Sənədlərə əsasən 1933-cü ildə kəndin 72 təsərrüfatında 378 nəfər əhali yaşayıb. Təsərrüfatların demək olar ki, hamısı (69 təsərrüfat) ümumiləşdirilmiş təsərrüfat idi.
   Gəndəbil kəndi uzun müddət ətrafdakı yaşayış məntəqələrinin inzibati mərkəzi olmasına baxmayaraq, sovetlər dönəmində diqqətdən kənarda qalıb. Bəlkə də bu düşünülmüş bir addım idi. Necə ki, indiki Zərdab rayonu ərazisindəki qədim orta əsrlər şəhərlərinin, Qətran qalasının qalıqları yox edilmiş, Üçtəpə yaşayış yerinin bir hissəsi təsərrüfat işləri adı altında dağıdlmış, digər inzibati mərkəzlər, Gəlmə və Xələc kəndləri digər ərazilərə küçürülmüş, Ülviyyən, Gur-gur və digər kəndlərin sakinləri repressiya edilmiş, bir çox yaşayış məntəqələrinin adları isə dəyişdirilmişdir. Sovet dövründə ətrafdakı kəndlərin inzibati mərkəzi Şıxbağı kəndi olub və Gəndəbil kəndi də bu inzibati əraziyə daxil edilmişdir. Kənd hazırda da Zərdab rayonu Şıxbağı kənd inzibati ərazi dairəsinin tərkibindədir.
   Kənd ərazisində əsasən qovaq, söyüd və yurğunluqlardan ibarət meşə zonası var. Yaşlı əhalinin dediklərinə görə bir vaxtlar yaxın ərazilələrdə yaşayan insanlar bu meşəyə istirahətə gələrdilər. Müxtəlif ərazilərdən gələn insanların bu meşədə istirahət etdikləri üçün, meşə əhali arasında Ellər meşəsi adlandırılmışdır.
   Kür sahilində yerləşən kənd ərazisində uzun illər boyu bərə fəaliyyətdə olub. Kürün hər iki sahilində yaşayan əhali üçün bu bərə əsas nəqliyyat vasitəsi idi.
   Kənd sakinləri Hacıyev Elçin Ramazan oğlu, İsmayılov Dəyanət İsmayıl oğlu, Qasımov Çingiz Mehdi oğlu, Musayev Vüsal Namizəd oğlu, Qasımov Namiq Qasım oğlu, Abdullayev Vüqar Əli oğlu Qarabağ müharibəsində şəhid olublar.

     <<< Geriyə


 
Создайте подобный сайт на WordPress.com
Начало работы