Əsas səhifə

Gəlmə kəndi

    Gəlmə kəndi  rayon mərkəzindən 3 km qərbdə, Türyançayın qolu olan Qarasu çayının sahilində yerləşir, ərazisi 1407,20 hektardır. Kəndi rayon mərkəzindən ayıran çayın üzərindən avtomobil və piyada körpüləri tikilmişdir. Adının mənası  “gəlmələr”, “digər yerlərdən gələnlər” mənasında olan yaşayış məntəqəsi Zərdab Gəlmə və Gəlməkənd də adlandırılmışdır. Əhalinin əsas məşğuliyyəti quşçuluq, tərəvəzçilik, əkinçilik, yemçilik, baramaçılıq, balıqçılıqdır. Sakinlər rayon mərkəzində yerləşən idarə və təşkilatlarda da çalışırlar.

   Kənd bəzi tarixi sənədlərdə Böyük Gəlmə kəndi adlandırılmış, əvvəllər Zərdabın Lələağacı kəndinin şərqində, Kür çayının sahilində yerləşmişdir. Bir vaxtlar müxtəlif tayfaların nümayəndələrinin yaşadığı  Köhnə Gəlmənin yeri bu gün də “yurd yeri” adı ilə tanınır. Bu “yurd yeri”nin hətta qədim və orta əsrlərdə insan məskənləri olması barədə məlumatlar var. Kənd əhalisinin XVIII əsrin sonlarında, Qarabağdan və Ağsu kəndlərindən, hətta Yaxın və Orta Şərqdən də gəldikləri bildirilir. Yerli sakinlərin məlumatlarına görə isə kəndin tarixi daha qədimdir.
   Gəlmə adına XIX əsr sənədlərində rast gəlinir. XIX əsrdə Zərdab kəndindən gələn ailələrin də burada məskunlaşmasından sonra yaşayış məntəqəsinin ərazisi genişlənmişdir. Həsən bəy Zərdabi məktublarında, Kürün hər iki sahilində 50 verstlik məsafədə uzanan Zərdab kəndini, rusların gəlişinədək bir tam yaşayış məntəqəsi olduğunu bildiririr. Həsən bəy yazır ki, bəylərin asılılığından azad olan kəndlilər bağlara dağılışdılar, sonradan əhalinin çoxu Zərdaba qayıtdı. Zərdabinin bildirdiyinə görə bu dövrdə Gəndəbil və Gəlmə 100-dən artıq evi birləşdirən kəndlərə çevrilmişdilər.
  1879-cu ildə Zərdab 17 məntəqədən ibarət olub, bunlardan da ən irisi Zərdab, Gəndəbil və Gəlmə kəndləri idi. 182 evdən ibarət olan Gəlmə kəndində 435 nəfər kişi, 365 nəfər qadın olmaqla, cəmi 800 nəfər əhali qeydə alınmışdır.
   XIX əsrin ikinci yarısında çar höküməti yerlərdə kənd icmaları və oba birlikləri yaratmışdır. 1886-cı ildə Zərdab-Gəlmə adlanan kənd Göyçay qəzasının Zərdab kənd icmasına daxil edilmişdir. Qəzanın ən iri kəndlərindən biri olan yaşayış məntəqəsinin 229 təsərrüfatında 584 nəfər kişi, 504 nəfər qadın olmaqla, cəmi 1088 nəfər əhali qeydə alınmışdır.
   Sonrakı illərdə mərkəzi Gəlmə kəndi olan II Zərdab (Gəlmə) kənd icması yaradılmışdır. Qəza mərkəzindən 55 verst, Ucar dəmiryol pristav idarəsindən 40 verst məsafədə yerləşən icmanın torpaq sahəsi 1889 desyatin idi. Tərkibinə indiki Lələağacı, Yarməmmədbağı, Pərvanlı, Məmmədqasımlı, Sarıqaya, Qoruqbağı kəndlərinin əraziləri daxil edilmişdir. 1890-cı ildə icmanın 224 təsərrüfatında 593 nəfər kişi, 516 nəfər qadın olmaqla, cəmi 1109 nəfər əhali qeydə alınmışdır. 1902-ci ildə icmanın 264 təsərrüfatında 774 nəfər kişi, 700 nəfər qadın olmaqla, cəmi 1474 nəfər əhali,  1911-ci ildə isə 238 təsərrüfatında 936 nəfər kişi, 878 nəfər qadın olmaqla, cəmi 1814 nəfər əhali yaşadığı yazılır.
    Gəlmə kəndi 1918-ci ilədək Bakı quberniyasının, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhiriyyətinin və 1920-1929-cu illərdə Azərbaycan SSR-nin inzibati ərazisi olan Göyçay qəzasının tərkibinə daxil idi. Zərdab Gəlmə adlanan kənddə 1917-ci ildə 68 ev, 1921-ci ildə isə 99 ev qeydə alınıb. Ərazini tez-tez su basdığından kənd sakinləri indiki Gəlmə kəndinin ərazisinə köçüblər. Bir müddət Köhnə Gəlmə, Yeni Gəlmə kəndi ilə bərabər mövcud olub, sonralar Köhnə Gəlmənin digər sakinləri də kəndi tamamilə tərk ediblər. 1929-cu ildə, Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq qəzalar ləğv edilib, yaşayış məntəqəsi 1935-ci ilədək Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılmış Zərdab rayonunun tərkibinə daxil edilib.
   Sovet hakimiyyətinin ilk illərində Gəlmə kəndinin bütün əhalisi hələ də yeni yurd yerinə köçməmişdi. 1933-cü ildə Köhnə Gəlmə kəndinin 30 təsərrüfatında 92 nəfər kişi, 80 nəfər qadın olmaqla, cəmi 172 nəfər əhali, Yeni Gəlmə kəndinin 115 təsərrüfatında (bunlardan 44-ü ümumi, 71-i fərdi) isə 345 nəfər kişi, 273 nəfər qadın olmaqla, cəmi 618 nəfər əhali yaşadığı bildirilir. Keçən əsrin 50-ci illərində kənd əhalisinin bir hissəsi Ağsu rayonuna köçsə də, sonradan geriyə qayıdıblar.
   Zərdab rayonunun ən iri inzibati ərazi dairələrindən biri olan Gəlmə kəndi sovet dövründə 7 kəndin inzibati mərkəzi olub. Əsrin əvvəllərində inzibati ərazinin tərkibinə Gəlmə, Hüseynxanlı, Xanməmmədli, Salahlı, Əlibəyli, Allahqulubağı, Yediyarlı kəndləri daxil idi. Əlibəyli, Allahqulubağı kəndləri 05 iyul 2000-ci il tarixdə, Hüseynxanlı, Xanməmmədli kəndləri isə 17 iyun 2003-cü il tarixdə Gəlmə kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılıb. Yediyarlı kəndi isə artıq rəsmi olaraq bir kənd kimi mövcud deyil.
  Zərdab rayonunun iri məscidlərindən biri də kənd ərazisindədir. Məscid 1902-ci ildə yerli əhali tərəfindən tikilmişdir. Məscidin tikintisində o zaman Cənubi Azərbaycandan Zərdab rayonuna köçüb gələn ustalar iştirak edib. Sakinlərin məlumatlarına görə, həmin ustalar sonradan kənddə qalıb yaşamışdılar. Məscid bir müddət xəstəxana, uşaq bağçası, mehmanxana, sex kimi fəaliyyət göstərmişdir. 1990-cı illərin əvvəllərində isə məscid kənd ağsaqqalı Mirzağa İsgəndərovun təşəbbüsü ilə bərpa edilərək, yenidən kənd əhalisinin ixtiyarına verilmişdir.
   Keçən əsrdə Zərdab rayonu ərazisndə baş verən ən böyük faciələrdən biri Gəlmə kəndi ilə əlaqədardır. 01 iyul 1967-ci il tarixdə pambıqçıları tarladan evə gətirən maşın bərədən Kür çayına aşmış və nəticədə 7 nəfər (5 qadın və 2 uşaq) Gəlmə sakini faciəli surətdə həlak olmuşdur. Kür sahilində olan Zərdab sakinlərinin fədakarlığı, faciənin daha böyük olmasının qarşısını almışdır.
  Kənd sakinləri Hüseynov Rəhim Qədir oğlu, Hüseynov Hüseyn Məhəmməd oğlu, İsgəndərov Xəzani Nizami oğlu, Qocayev Elman Yasin oğlu, Kərimov Elşən Kərim oğlu (Yediyarlı kəndi) Qarabağ müharibəsində şəhid olublar.

     <<< Geriyə


 

Создайте подобный сайт на WordPress.com
Начало работы