Əsas səhifə

Dəli Quşçu kəndi

   Dəli Quşçu kəndi  rayon mərkəzindən 3 kilometr məsafədə, Zərdab-Mollakənd yolunun kənarında yerləşir, ərazisi 2214 hektardır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, yemçilik, taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik, baramaçılıq, quşçuluqdur.
   Kənd ərazisində qədim yaşayış məskənləri olmuşdur. XX yüzilliyin 70-ci illərində görülən meliorasiya işləri zamanı Dəli Quşçu kənd ərazisindən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, çini və saxsı qablar, Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qədim bəzək, məişət və mədəniyyət əşyaları tapılmışdır. Bunların bir çoxu Zərdab Tarix Diyarşünaslıq Muzeyində qiymətli eksponat kimi nümayiş etdirilir.
   Kənd ərazisində kütləvi qəbiristanlıq, “Ağtəpə” adlanan kurqan bu gün də mövcuddur. Bu kütləvi məzarlığın tarixi barədə konkret bilgi yoxdur, burada əsaslı tədqiqat işləri aparılmamışdır. Tarix üzrə fəlsəfə doktoru Taleh Əliyev Ağtəpənin kurqan deyil, ilk orta əsr yaşayış yerinin, Üçtəpənin bir hissəsi olduğunu yazır və təpələrin üzərində sonradan müsəlman qəbirlərinin salınmasını bildirir.
deliquscu
   Müasir Dəli Quşçu kəndinin ərazisində, XIX əsrin 70-ci illərindən sonra Lələ Əhmədli obasının ailələri daimi məskunlaşmışdılar. Quşçu tayfasının dəliquşçu tirəsinə mənsub olan Lələ Əhmədli ailələri Zərdabın indiki Dəli Quşçu, Xanməmmədli, Hüseynxanlı, Dəkkəoba, Qoşaoba və eləcə də bir zamanlar ərazidə mövcud olan Vəlixanlı, Nəcəfalı Obası kəndlərində məskən salmışdılar.
   Quşçu qədim türk tayfasıdır. Quşçu oykonimi öz arealının genişliyinə görə diqqəti cəlb edir, türkdilli əhalinin yaşadığı ərazilərdə bu etnotoponim geniş yayılmışdır. XIX əsrdə Qafqazda quş, quşi və quşçu komponentli 38 toponim qeydə alınmışdır. Ermənistan adlanan keçmiş Azərbaycan ərazilərində, o cümlədən Dərələyəz, Sürməli mahallarında, Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasında, İrəvan əyalətinin Məzrə və Karbi nahiyələrində Quşçu adlanan kəndlər olub. Tovuz rayonunda Donqar Quşçu və Aşağı Quşçu, Dəvəçi rayonunda Dağ Quşçu, Daşkəsən və  Şamaxı  rayonlarmda  Quşçu,  Qəbələ rayonunda  Quşlar,  ayrıca Kürdəmir rayonunun Carlı, Yevlax rayonunun Xandan, Şuşa rayonunun Malıbəyli, Laçın rayonunun Mirik bölgəsində də Quşçu tayfasının adı ilə ilgili kəndlər var.
   «Quşçu» toponim hun qəbilələrindən olan quşanların (qara hunların) adı ilə bağlıdır. E.Hüseyinzadənin  bildirdiyinə  görə, Quşçuların  Azərbaycana gəlməsi, monqolların Cənubi Qafqaza yürüşünə təsadüf edir. Mənbələrin bildirdiyinə görə, Quşçular hələ XIII əsrin əvvəllərində Borçalıda yaşayıblar.
    Bəzi tədqiqatçılar isə söz birləşməsindəki “dəli” sözünün “vurğun”, “bir şeyin düşkünü”, “həddindən artıq həvəskar” mənasını qabardaraq, “dəliquşçu” etnoniminin “ovlayan quşla məşğul olan” anlamında olduğunu yazırlar və tirənin, nəslin ovçu quşlarla məşğul olduqlarını bildirirlər. Quşçu toponimlərinin, quşçu tayfa, tirə adlarının geniş areala malik olması sübut edir ki, bu adların ov quşu ilə heç bir bağlılığı yoxdur. “Dəli” sözü isə dilimizdə müxtəlif mənalarda, o cümlədən həm tayfa  adı,  həm  də  “igid,  savaşçı, qoçaq,  cəsur, qəhrəman” anlamlarında işlənmişdir. “Dəli” sösünü  Tələ (tele) tayfası ilə də bağlayırlar. Mənbələrə görə, Tələ (Tele)  tayfası  VI-VII əsrlərdə  Azərbaycan  və Azərbaycan yaxınlığında yaşayıblar. Tarixi mənbələrin verdiyi  bilgilərə  görə,  Tələlər  əski dönəmdə Balkaş gölü ətrafında yaşamış və  Hun birləşmələrinə  daxil  olmuşdur.  Tələ  tayfası  VI əsrin  ortalarında Dağıstana qədər uzanan Batı Türk Xaqanlığının tərkibinə daxil olmuş, əsasən Xəzər dənizi sahillərində yaşamışdılar.  Sonradan “Tələ” sözü “dələ”,  “dəli ” şəklini alaraq və “Dəli tayfası ”,  “igid və döyüşçü tayfa” anlamını vermişdir.
  Müasir Dəli Quşçu kəndi XX əsrin 20-ci illərinə qədər Lələ Əhmədli adlandırılmışdır. Deyilənlərə görə, dövrünün ən nüfuzlu şəxslərindən biri olan Lələ Əhməd XVI əsrdə yaşamışdır. Lələ sözü keçmişdə birinci variantda kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəsi ilə məşğul olan adama verilən titul kimi, ikinci variantda isə böyüyə, yaşlı kişilərə müraciət zamanı işlədilmişdir.
  Lələ Əhmədli obasının adı Şirvan (Şamaxı) xanlığından bəhs edən sənəd və əsərlərdə çəkilir. Lələ Əhmədli obası Şamaxı xanlığının bəylərdən təyin olunmuş naiblərin idarə etdiyi Xançoban mahalının tərkibinə daxil idi. Şamaxı xanlığının 17 mahalından biri olan Xançoban mahalı əsasən, müasir  Şamaxı, Ağsu, Kürdəmir və İsmayıllı rayonlarının ərazilərini əhatə etmişdir.
   Lələ Əhmədli yaşayış məntəqəsi rus işğalından sonra, 1840-cı ilədək Şirvan (Şamaxı) əyalətinin, 1840-1846-cı illərdə Kaspi vilayətinin və 1846-1859-cu illərdə isə Şamaxı quberniyasının Şamaxı qəzasının Xançoban bölgəsinin eyniadlı mahalının tərkibinə daxil edilmişdir. 1859-cu ildə Şamaxı quberniyası Bakı quberniyası adlandırılmışdır. Lələ Əhmədli 1867-ci ildən Bakı quberniyasının tərkibində yaradılmış Göyçay qəzasının yaşayış məntəqəsi idi.
    Lələ Əhmədli obası 1870-ci ildə qəza mərkəzindən 60 verst məsafədə yerləşmişdir. Məsafəyə görə bu ərazi Lələ Əhmədli (indiki Dəli Qusçu) kəndinin hazırda yerləşdiyi ərazidən fərqlənir. 1870-ci illərdə Çar imperiyasının atlasında da Lələ Əhmədli yaşayış məntəqəsi indiki Dəli Quşçu kənd ərazisində qeyd olunmamışdır. 1870-ci ildə obanın 133 təsərrüfatında 306 nəfər kişi, 240 nəfər qadın olmaqla, 546 nəfər əhali qeydə alınmışdır.
    Aparılan islahatlardan sonra Göyçay qəzasında yaradılan kənd icmalarından biri də Lələ Əhmədli kənd icması idi. İcmaya Lələ Əhmədli kəndi və Qaravəlli Xanlıq obası daxil edilmişdir. 1879-cu ildə Lələ Əhmədli kəndində 131 ev  və 336 nəfər kişi, 275 nəfər qadın olmaqla, 611 nəfər əhali qeydə alınmışdır. 1886-cı ildə icmanın 236 təsərrüfatında 628 nəfər kişi, 499 nəfər qadın olmaqla, 1127 nəfər əhali, Lələ Əhmədli kəndinin isə 188 təsərrüfatında 441 nəfər kişi, 373 nəfər qadın olmaqla, 814 nəfər əhali qeydə alınmışdır. 1886-cı ildə Lələ Əhmədli kəndinin qəza mərkəzindən məsafəsi 45 verst göstərilmişdir. Belə ki, 1886-cı ildə Lələ Əhmədli obaları artıq indiki Dəli Quşçu (keşmiş Lələ Əhmədli) kəndinin ərazilərində yaşayırdılar.
   1890-cı ildə torpaq sahəsi 4440 desyatin olan icmanın 237 təsərrüfatında (228-si kəndli təsərrüfatı) 585 nəfər kişi, 483 nəfər qadın olmaqla, 1068 nəfər əhali qeydə alınıb. 1902-ci ildə Lələ Əhmədli kənd icmasının 181 təsərrüfatında 460 kişi, 473 qadın olmaqla, 933 nəfər əhali, 1911-ci ildə isə 182 təsərrüfatında 670 nəfər kişi, 469 nəfər qadın olmaqla, 1139 nəfər əhali yaşadığı bildirilir. Sənədlərdə 1911-ci ildə Lələ Əhmədli kəndinin qəza mərkəzindən 45 verst məsafədə, pristav idarəsindən 29 verst məsafədə yerləşdiyi qeyd olunub.
   Azərbaycan Cümhiriyyəti dövründə də Lələ Əhmədli kəndi Göyçay qəzasının tərkibində yerləşirdi. Sovet dövründə Lələ Əhmədli kəndinin adı dəyişdirilmiş və Dəli Quşçu adlandırılmışdır. 1926-cı ildə Göyçay qəzası 7 bölgəyə bölünüb, Dəli Quşçu kəndi qəza mərkəzindən 53 km məsafədə yerləşən Zərdab bölgəsinə daxil edilib. Göyçay qəzası 1929-cu ildə Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq ləğv edildikdən sonra, Dəli Quşçu kəndi 1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonuna tərkibində yerləşib. Dəli Quşçu kəndində 1917-ci ildə 47 ev, 1921-ci ildə isə 40 ev qeydə alınmışdır. Kənddə evlərin, təsərrüfatların azalmasının səbəbi, indiki Zərdab rayonunun müxtəlif yerlərində yaşayan Lələ Əhmədli ailələrinin yaşayış məntəqələrinə ayrıca kənd statusunun verilməsi idi. 1933-cü ildə kənddə artıq kollektivləşmə başlamış, 43 təsərrüfatından 16-sı ümumi təsərrüfatda birləşmişdir. Kənd kolxozu əvvəl “Partiyanın XVIII qurultayı”, sonradan isə “Bakı fəhləsi” anlandırılıb. 1933-cü ildə kənddə 120 nəfər kişi, 112 nəfər qadın olmaqla, 232 nəfər əhali qeydə alınıb.
   Dəli Quşçu kəndi 1961-ci ildə İsaqbağı kənd sovetliyinin tərkibində idi. 1977-ci ildə Dəli Quşçu kənd sovetliyi yaradılmış və sovetliyin tərkibinə Dəli Quşçu və Dəkkəoba kəndləri daxil edilmişdir. 05 iyul 2000-ci il tarixdə Dəkkəoba kəndi, Dəli Quşçu kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılmış və Dəkkəoba kənd inzibati ərazi dairəsi yaradılmışdır.
   Kənd ərazisindəki Üçtəpənin Ağtəpə adlı hissəsindəki kiçik xatirə daşı var. Sakinlər bu daşın 1918-ci ildə Qafqaz-İslam ordusu tərəfindən qoyulduğunu söyləyirlər. Yerli əhali bu ərazilərdə, 1918-ci ildə erməni daşnakları ilə müharibədə həlak olunan türk və yerli əsgərlərin, eləcə də ermənilər tərəfindən qətlə yetirilmiş əhalinin dəfn olunduğu bildirirlər. Taleh Əliyev kənd ərazisində kütləvi qəbiristanlıq, “Ağtəpə” adlanan kurqan barədə yazır: “Dəli Quşçu kəndi yaxınlığında yerləşən Üçtəpə yaşayış yeri Ağtəpə və Qaratəpə hissələrindən ibarət olub. Təəssüflər olsun ki, digər bir təpəlik Sovet hakimiyyəti illərində təsərrüfat işləri zamanı dağıdılmışdır…  Üçtəpə abidəsi ilk orta əsr yaşayış yeri olmuş, orta əsrlərdə isə üzərində müsəlman qəbirləri salınmışdır. Tədqiqatlar Üçtəpə yaşayış yerinin Azərbaycan (Qafqaz) Albaniyasının Əcəri vilayətinin ən iri yaşayış məntəqələrindən biri olduğunu göstərir”.
   Kənd qəbiristanlığının da tarixi qədimdir, 500 illik tarixi var. Dəli Quşçu kəndinin yaxınlığından bir zamanlar Şamaxıya, xanın iqamətgahına gedən və Şah yolu adlanan qədim yol da keçmişdi.
   Dəli Quşçu və Bəyimli yaşayış məskənləri arasında bir zamanlar geniş meşə ərazisi olub. Bu meşə, XX əsrin ortalarına qədər çoxlu sayda ceyranlar yaşadığı üçün “Ceyranlı meşə” adlanırdı.
  Kənd sakinləri Mehralıyev İdris Səftər oğlu, Səlimov Fuad Etibar oğlu, Şirinov Seyran Şahmurad oğlu Qarabağ müharibəsində şəhid olublar.

     <<< Geriyə


 

Создайте подобный сайт на WordPress.com
Начало работы