Əsas səhifə

Dəkkəoba kəndi

    Azərbaycanda qohum olan ailələrin bir-birinə yaxın yerlərdə yurd salıdığı yaşayış məskənləri, müxtəlif bölgələrdə məhlə, oba, oymaq, şenlik, dəkkə, dingə, qışlaq, dəngə, yaylaq, tirə, koma, basalaq və sairə adlarla tanınmışdır. “Dəkkə” sözü bəzi alınma sözlər kimi çoxmənalılıq qazanmışdır. Uyğur dilindən alınan fars mənşəli “dəkkə” sözü “zərbə, kobud münasibət” mənasını da verir. “Ərəb və fars sözləri lüğəti”ndə “dəkkə” sözü “dağ keçisi”, “vəhşi keçi”, “səki”, “pəyə”, “tövlə” anlamındadır. “Dəkkə” sözü iri heyvanların aşığı, maçası mənasında da işlədilir. “Dəkkə” adlanan milli papaq növü də olub.

  Hazırda Zərdab rayonu ərazisində “dəkkə” toponimi ilə bağlı Böyük Dəkkə və Dəkkəoba kəndləri var. Bala Dəkkə adlanan yaşayış məskəni isə artıq bir kənd kimi mövcud deyil, təbii inkişaf nəticəsində Təzəkənd kəndi ilə birləşmişdir.

   Dəkkəoba kəndi “dəkkə” və “oba” sözlərinin birləşməsindən yaranmışdır. Oba kiçik yaşayış məskənlərinə verilən addır. Daimi yaşayış məskənindən aralı salınan obada adətən qohum ailələr məskunlaşırdı. Otlaqlardan səmərəli istifadə etmək məqsədilə həm yaylaqlarda, həm də qışlaqlarda obalar xırda vahidlərə, dəngələrə bölünürdülər. Xalq “oba” sözünü oykonimlərdə yaşada bilmişdir. Ayrı-ayrı bölgələrdə mövcud olmuş belə obalar kəndə çevrilərkən, bəzən kənd adlarında “oba” komponentini də saxlayırdı. Zərdab rayonu ərazisindəki Otmanoba, Qoşaoba, Dəkkəoba yaşayış məntəqələri də bu tip oykonimlərdəndir.

    Dəkkəoba kəndi Kür çayının sol sahilində, rayon mərkəzindən 5 kilometr şərqdə yerləşir, ərazisi 1838 hektardır. Kənd əhalisi əsasən maldarlıq, əkinçilik, baramaçılıq, quşçuluq, balıqçılıq ilə məşğul olur.
    Dəkkəobanın ilk sakinlərinin XIX əsrdə indiki Böyük Dəkkə kəndindən ayrılıb gələn ailələrin olduğu bildirilir. Əvvəllər Kiçik Dəkkə, Məscid oba və ya Məscidli oba kimi tanınan yaşayış məntəqəsi, sonralar “dəkkəlilərə məxsus oba” mənasında Dəkkəoba adlandırılmışdır. Tanınmış tətqiqatçı-jurnalist Əjdər Fərzəli isə Dəkkəobanın “onuncu oba” mənasını verdiyini bildirir. Əjdər bəy “Dədə Qorqud yolu” kitabında indiki Zərdab ərazisindəki Dəkkəoba kəndinin adı ilə bağlı yazır ki, “dəkkə” sözü “dək”, “dekabr”, “dekada”, “deka-meron” sözlərindən götürülüb. Dekabr qədimdə onuncu ay məzmunu daşıyıb, necə ki, dekada, ongünlük deməkdir.
   XIX əsrin sonlarında Dəkkəoba ərazisində Quşçu tayfasının  Lələ Əhmədli nəslinin nümayəndələri məskunlaşdıqdan sonra, yaşayış məntəqəsi tədricən böyümüşdür. Quşçu qədim türk tayfasıdır,  öz arealının genişliyinə görə diqqəti cəlb edir. Türkdilli əhalinin yaşadığı ərazilərdə bu etnotoponim geniş yayılmışdır. Tədqiqatçılardan bəzilərinin fikrincə bu toponim hun qəbilələrindən olan quşanların (qara hunların) adı ilə bağlıdır. Lələ Əhmədli qədim Quşçu tayfasının bir ailə sülaləsidir. Lələ Əhmədli oba ailələri müasir Zərdab ərazisində, Dəkkəoba, Dəli Quşçu, Xanməmmədli, Hüseynxanlı kəndlərində və eləcə də Vəlixanlı, Nəcəfalılı (indiki Qoşaoba) yaşayış məntəqələrində daimi məskunlaşmışdılar.
  Lələ Əhmədli Dəkkəoba adlanan kənddə 1917-ci ildə 54 ev, 1921-ci ildə 60 ev qeydə alınmışdır. Azərbaycanda Sovet hakimiyyəti quruldduqdan sonra, Dəkkəoba Göyçay qəzasının Zərdab bölgəsinin, Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun kəndi oldu.  1933-cü ildə kənddə kollektivləşmə aparılmamış, 33 fərdi təsərrüfatda 249 nəfər əhali qeydə alınmışdır. Kənd ötən əsrin 60-cı illərində İsaqbağı kənd sovetliyinin, 70-ci illərdən sonra Dəli Quşçu kənd sovetliyinin, müstəqilliyimiz ilk illərində isə Dəli Quşçu kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olub. 05 iyul 2000-ci il tarixdə Dəli Quşçu kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, Dəkkəoba kənd inzibati ərazi dairəsi yaradılıb.
   Dəkkəoba kənd sakinləri Eyvazov Söhrab Nadir oğlu, Şıxəliyev Elşad Əlişad oğlu Qarabağ müharibəsində şəhid olublar.

     <<< Geriyə


           
Создайте подобный сайт на WordPress.com
Начало работы