Əsas səhifə

Çallı kəndi

   Çallı kəndi rayon mərkəzindən 12 kilometr şimalda, Ucar-Zərdab şose yolunun kənarında, Ucar rayonu ilə sərhəddə yerləşir. Ərazisi 3213,06 hektar olan kənd rayonun ən böyük kəndlərindən biridir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, yemçilik, taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik, baramaçılıq, quşçuluq, arıçılıqdır.
Çallı kəndi
   Kəndin adının mənşəyi ilə bağlı müxtəlif fikirlər var. Ehtimallar sözün kökü ilə əlaqədardır. Yaşayış məskəni ilkin mərhələdə boz, çal ərazidə salındığı üçün, yerlli əhali kəndin adını əvvəllər yerləşdiyi boz (çal) ərazi və Çal (Çalı) piri ilə əlaqələndirirlər. Çallı yaşayış məntəqəsi əvvəllər boz sahədə, Çalı piri adlanan yerin yaxınlığında salınmış, sonralar isə indiki əraziyə köçürülmüşdür.
   Digər ehtimal 26 alban tayfasından biri olan türkdilli çullar (çol-çal) ilə bağlıdır. Çul tayfası Qafqaz Albaniyasının (bu günkü Azərbaycan Respublikasının əraziləri) şimal-şərqində yaşamışdır. “Çul” etnonimi öz varlığını bu gün Azərbaycanda mövcud olan Çullu (Ağdam, Cəbrayıl), Çorbinə (Balakən), Tahirçal (Qusar), Çallı (Zərdab) və sairə kəndlərin adında saxlamışdır. Professor H.Mirzəyev müxtəlif elmi faktlara istinadla “çul” sözünün qədim türk tayfasının adı olduğunu təsdiqləyir.
   Kənd ərazisində yerləşən Adsız təpədə müxtəlif tarixi dövrlərə aid edilən məişət, bəzək və əmək alətləri, Ağayar adlanan ərazidən küp qırıqları və başqa gil qablar tapılıb. Kənd sakini Əyyub Əzizov bildirir ki, bu ərazi əvvəllər Ağayır adlanırdı, əslində isə adı Ağa yığ olmalıdır. Əvvəllər Kür daşqınlarında o ərazini su basardı və insanları seldən qorumaq üçün Ağayığ təpəliyinə çağırardılar.
  Çallı yaşayış məntəqəsinin adına Şamaxı xanlığına aid sənədlərdə rast gəlinir. Kənd xanlıqlar dövründə Şamaxı xanlığının Qarasubasar mahalının tərkibinə daxil edilmişdir. Mahalın əhalisi əsasən əkinçiliklə və maldarlıqla məşğul olurdu. Şamaxı xanlığının statusu ləğv ediləndən sonra, 1840-cı ilə qədər, müasir Zərdab ərazisi, eləcə də Çallı kəndi  Şirvan əyalətinin tərkibinə daxil edilmişdir. Çallı 1840-1846-cı illərdə Kaspi vilayətinin, 1846-1859-cı illərdə isə Şamaxı quberniyasının inzibati ərazisi olan Şamaxı qəzasının Bərgüşad bölgəsinin Qarasubasar mahalının kəndi idi. 1859-cu ildən Şamaxı quberniyası Bakı quberniyası adlandırılmışdır. Aparılan çar islahatlarından sonra, 09 dekabr 1867-ci il tarixdə Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı və Çallı müasir Zərdab ərazisindəki bir çox kəndlər ilə birlikdə qəzanın tərkibinə daxil edildi. Çallı kəndi qəza mərkəzindən 35-38 verst, Ucar dəmiryol idarəsində yerləşən pristav idarəsindən isə 20 verst məsafədə yerləşmişdir. 1870-ci ildə kəndin 36 təsərrüfatında 102 nəfər kişi, 72 nəfər qadın olmaqla, cəmi 174 nəfər əhali, 1879-cu ildə isə 57 təsərrüfatında, 160 nəfər kişi, 109 nəfər qadın olmaqla, cəmi 269 nəfər əhali qeydə alınmışdır.
  Növbəti Çar islahatlarından sonra Göyçay qəzasında kənd icmaları və oba birlikləri yaradılmış, Çallı, Xələc kəndləri və Qaravəlli Tapdıq obası Xələc kənd icmasının tərkibinə daxil edilmişdir. Uzun müddət müasir Zərdab ərazisində yerləşən Xələc kəndinin sakinləri, XX əsrin ortalarından başlayaraq indiki Ucar ərazisinə köçürülmüşdür. 1879-cu ildə Kür sahilində, Zərdabın indiki Lələağacı kəndinin yaxınlığında yaşayan Qaravəlli Tapdıq obasının ailələri isə, sonradan Çallı kəndinin yaxınlığına köçüb yurd salmışdılar. XX əsrin əvvəllərində bu oba ailələri digər əraziyə (çox güman ki, Zərdabın indiki Qoşaoba kəndinə) köçürülmüşdür.
  1886-cı ildə Çallı kəndinin 95 təsərrüfatında 253 nəfər kişi, 192 nəfər qadın olmaqla, 445 nəfər əhali, 1902-ci ildə 116 təsərrüfatında 278 nəfər kişi, 238 nəfər qadın olmaqla, 516 nəfər əhali, 1911-ci ildə isə 118 təsərrüfatında 300 nəfər kişi, 235 nəfər qadın olmaqla, 535 nəfər əhali qeydə alınmışdır.
  1870-ci ildə kəndin yaxınlığında Bayat tayfasının Boyat-Nəzir Hüseyn bəy oba ailələrinin yaşadıqları qışlaq ərazisi də olub.
   Çallı kəndi Azərbaycan Xalq Cümhiriyyətinin dövründə və Azərbaycan SSR-nin ilk illərində də Göyçay qəzasının tərkibində yerləşib. 1926-cı ildə Göyçay qəzası, Zərdab, Qaraməryəm, Kürdəmir, Mollakənd, Müsüslü, Suraxanı (İsmayıllı), Ucar olmaqla, 7 bölgəyə bölünmüşdür. Çallı kəndi Zərdab bölgəsinə daxil edilmişdir. Göyçay qəzası Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq 1929-cu ildə ləğv edilmişdir. Çallı kəndi bir müddət Göyçay rayonunun tərkibində yerləşib və 1935-ci ildə yeni yaradılan Zərdab rayonuna daxil edilib.
   Sovet hakimiyyəti illərində ilk kollektivləşmə aparılan kəndlərdən biri də Çallı kəndi olub. 1933-cü ildə kənddə 442 nəfər kişi, 377 nəfər qadın olmaqla, cəmi 819 nəfər əhali qeydə alınmış və 135 təsərrüfatından 37-si ümumilləşdirilmiş təsərrüfatda birləşmişdir. 1930-cu illərin əvvəllərində  kənd əhalisinin sayına görə, Zərdab bölgəsinin ən böyük yaşayış məntəqəsi idi. Çallı kolxozu da rayonun ən böyük kolxozlarından biri olmuşdur.
   1961-ci ildə Zərdab rayonunun 9 sovetliyindən biri olan Çallı kənd sovetliyinə 5 kənd, Çallı, Məlikumudlu, I Əlicanlı, II Əlicanlı və Xələc kəndləri, 1977-ci ildə isə rayonun 14 sovetliyindən biri olan kənd sovetliyinə Çallı, Məlikumudlu, Cilovxanlı, I Alıcanlı və II Alıcanlı kəndləri daxil idi. Sonralar Alıcanlı kəndlərinin daxil edildiyi Alıcanlı inzibati ərazi vahidliyi yaradılıb. 14 iyul 1998-ci il tarixdə isə Məlikumudlu kəndi Çallı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılıb və yeni kənd inzibati ərazi dairəsi yaradılıb.
   Çallı və Məlikumudlu kəndləri ilə Ucar rayonu arasında “paklıq”, “təmizlik” anlamını verən Qızlıq düzü yerləşir. Kənd ərazisində yerləşən göl kəndin adı ilə əlaqədar Çallıgöl adlanır. Deyilənlərə görə bir zamanlar kəndin ərazisində canavarların sayı çox olub və bu canavarların adətən toplandıqları dərə Qurd dərəsi adlanır.
   “Çal” sözü başqa rənglə qarışıq boz rəng (açıq-boz və ya tünd-boz), “ağarmağa başlamış, dən düşmüş”, “bitkisi az olan və ya heç olmayan”, “dağ döşü, yamac” mənalarınında işlədilir. Keçmişdə “böyük, başçı” anlamında da işlədilib. “Çal” sözü qədim türk dilində “təpə” mənasını da verir. Bolnisi rayonundakı Aşağı Qoşakilsə kəndi yaxınlığında “Uzun çal” (uzun təpə), Başkeçid (Dmanisi) rayonundakı Yırğançay kəndi yaxınlığında “Yumru çal” (yumru təpə) adlı yerlər var.
   Qarabağ bölgəsində, Xocavənd rayonunda «dağın kol-kosu olan aşağı hissəsi» çallar, bu ərazidə yerləşən göl Çallıgöl adlanır. Gədəbəy rayonunda «boz rəngli çıxıntı» mənasını verən  Çalburun və «boz daşlıq» mənasını verən Çaldaş kəndləri, Laçın rayonunda «boz rəngli dağ yamacı» mənasını verən Çalbair dağ silsiləsi, Tovuz rayonunda «boz dağ» mənasını verən Çaldağı, Oğuz və Qəbələ rayonları ərazisində «boz qaya» mənasını verən Çaldaş dağı, Kiçik Qafqaz dağlarında Çaldaş bulağı, Dəvəçi rayonunda Çallıq adlanan yer var.
  Türkiyənin Dənizli vilayətində Çal adlanan bölgə var. Bu bölgədə yaşayanlar çallılar adlanır və çox zəki (ağıllı) hesab olunurlar. Hətta barələrində maraqlı deyimlər var. Türklər çallılar haqqında “Kafalarında min dənə tülkü dolaşır, heç birinin quyruğu bir-birinə dəymir” söyləyirlər.
  Çallı kəndində anadan olan Mətanət Abdurrəhmanova SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü seçilib, “Əmək şöhrəti” ordeni ilə təltif olunub.
   Kənd sakinləri Eminov Zaur Surət oğlu, Məmmədov Aydın Cəlil oğlu, Vahidov Aqşin Sərdar oğlu, Vahidov Səyavuş Davud oğlu, Rəsulov Rafiq Nüsrəddin oğlu Qarabağ müharibəsində şəhid olublar.
<<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы