Əsas səhifə

Böyük Dəkkə kəndi

   Azərbaycanda qohum olan ailələrin bir-birinə yaxın yerlərdə yurd salıdığı yaşayış məskənləri, müxtəlif bölgələrdə məhlə, oba, oymaq, şenlik, dəkkə, dingə, qışlaq, dəngə, yaylaq, tirə, koma, basalaq və sairə adlarla tanınmışdır. “Dəkkə” sözü bəzi alınma sözlər kimi çoxmənalılıq qazanmışdır. Uyğur dilindən alınan fars mənşəli “dəkkə” sözü “zərbə, kobud münasibət” mənasını da verir. “Ərəb və fars sözləri lüğəti”ndə “dəkkə” sözü “dağ keçisi”, “vəhşi keçi”, “səki”, “pəyə”, “tövlə” anlamındadır. “Dəkkə” sözü iri heyvanların aşığı, maçası mənasında da işlədilir. “Dəkkə” adlanan milli papaq növü də olub.
  Tanınmış tətqiqatçı-jurnalist Əjdər Fərzəli “Dədə Qorqud yolu” kitabında indiki Zərdab ərazisindəki Dəkkəoba kəndinin adı ilə bağlı yazır ki, “dəkkə” sözü “dək”, “dekabr”, “dekada”, “deka-meron” sözlərindən götürülüb. Dekabr qədimdə onuncu ay məzmunu daşıyıb, necə ki, dekada, ongünlük deməkdir.
  Zərdab ərazisində yerləşən kəndlərin adlarındakı “Dəkkə” sözünü, “hündür yer” mənasında da işlədilən  “dingə” sözü ilə bağlı olduğunu, yaşayış məntəqələrinin nisbətən hündür ərazidə salındığı üçün belə adlandırıldığını da bildirirlər.
  Hazırda Zərdab rayonu ərazisində “dəkkə” toponimi ilə bağlı Böyük Dəkkə və Dəkkəoba kəndləri var. Bala Dəkkə adlanan yaşayış məskəni isə artıq bir kənd kimi mövcud deyil, təbii inkişaf nəticəsində Təzəkənd kəndi ilə birləşmişdir.
   Böyük Dəkkə kəndi  Kür çayının sahilində, rayon mərkəzindən 7 kilometr şərqdə yerləşir, ərazisi 440,43 hektardır. Kənd İsaqbağı inzibati ərazi dairəsinin tərkibinə daxildir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, quşçuluq, taxılçılıq, meyvəçilik, baramaçılıq, bostançılıq, balıqçılıqdır.
  Obanın XIX əsrdə Hacıəsədli nəslinə mənsub ailələr tərəfindən salındığı bildirilir. Arxiv  sənədlərinə əsasən,  XIX əsrin sonlarında Böyük Dəkkənin 25 təsərrüfatında 138 nəfər əhali yaşayıb.
  Böyük Dəkkə 1929-cu ilədək Bakı quberniyasının, Azərbaycan Cümhiriyyətinin və Azərbaycan SSR-nin inzibati ərazisi olan Göyçay qəzasının, 1929-1935-ci illərdə Göyçay rayonunun tərkibində yerləşib. 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun tərkibinə daxil edilib. Böyük Dəkkə kəndində 1917-ci ildə 24 ev, 1921-ci ildə isə 30 ev qeydə alınmışdır. 1933-cü ildə Böyük Dəkkə kəndinin 33 fərdi təsərrüfatında 250 nəfər əhali yaşamışdır. Böyük Dəkkə kəndi Zərdab rayonu təşkil olunandan İsaqbağı inzibati ərazisinin tərkibində yerləşir.
  Böyük Dəkkə “böyük oba” mənasındadır. Böyük olduğuna və digər eyniadlı yaşayış məntəqələrindən, Kiçik Dəkkə (Dəkkəoba) və Bala Dəkkədən fərqləndirmək üçün belə adlandırılmışdır. Nazim Tapdıqoğlu “Dəkkə” sözünü dik, dəngə “sözü” ilə bağlayır və yaşayış məntəqəsinin adının Dikkə kimi yarandığını ehtimal edirlər.
  Dəkkəlilər yaxşı baramaçı və balıqçı sayılıblar. H.Zərdabi də XIX əsrin sonlarına yaxın Zərdabdakı Dəkkə kəndinin balıq vətəgəsini bir neçə illiyə icarəyə götürdüyünü və ov yerlərini pulsuz olaraq dəkkəlilərə verdiyini yazmışdır.
  XX əsrin ortalarına qədər kənd ərazisində balıqçıların ov yeri, göl olub. Gölü kəndin adına uyğun olaraq Dəkkə gölü adlandırıblar. Hazırda həmin gölün ancaq qurumuş çökəkliyi qalıb. Qonşu İsaqbağı və Böyük Dəkkə kəndləri arasında suyu duzlu olan göl də var. Suyun duzlu olması səbəbindən gölü el arasında Şorçala gölü adlandırırlar.
   Böyük Dəkkə kənd sakinləri Abdullayev Nurlan Rasim oğlu, İsayev Sahib Ağahüseyn oğlu, Məmmədov  Kamran Nurəddin oğlu, Məmmədov Namiq Aslan oğlu Qarabağ müharibəsində şəhid olublar.

     <<< Geriyə


 

 

Создайте подобный сайт на WordPress.com
Начало работы