Əsas səhifə

Birinci Alıcanlı kəndi

   Alıcanlı yaşayış məntəqələrinin yerləşdiyi ərazilər qədim yaşayış məskənləri olub, küp qəbirləri mədəniyyətinin yayıldığı ərazilərdəndir. Yaşayış məntəqələrinin daxil edildiyi Əlican və Türyançay hövzəsində tapılan küp qəbirlər həm antik, həm də ilk orta əsr dövrlərinə aid edilmişdir.
   Əvvəllər Əlicanlı, son dövrlərdə Alıcanlı adlanan yaşayış məntəqələri Şahsevən elinə, tayfa birliyinə daxil olan ilxıçıların bir qrupuna başçılıq edən Əlican adlı şəxs və onun yaxın ətrafı tərəfindən salınmışdır. Şahsevən eli Şah I İsmayıl Səfəvinin hakimiyyəti dönəmində türk tayfalarının birləşməsi nəticəsində yaranmışdı. Elin yaranmasında oğuz kökənli qızılbaş tayfalarından avşar və bəydililərin böyük rolu olub. Şahsevənlər xüsusi qəbilə və tayfa birliyi olmamışdır, qəbilə və oymaqlardan ayrılan icma qruplarının birləşməsi nəticəsində əmələ gəlmişdi.
  Şamaxı xanlığının, eləcə də Şamaxı quberniyasının Xançoban mahalında Əlicanlı, İlxıçı-Əlicanlı yaşayış məntəqələri qeydə alınmışdır. Müasir Ağsu rayonunun İlxıçı kəndi keçmişdə İlxıçı Əlicanlı adlandırılmışdır. Xançoban mahalında yaşayan Əlicanlı oba ailələri Qarasubasar mahalında da otlaq ərazilərinə sahib idilər.
   Əlicanlı bəylərinin Şamaxı xanları ilə qohumluq əlaqələri olmuşdur. Yerli bəylərdən olan Məlik Məmməd bəy, Şamaxı xanlarının nəslindən olan Xanım bəyim ilə ailə qurmuş və Əlicanlı kəndində yaşamışdılar. Onların Ağalar bəy, Məhəmməd şah, Züleyxa xanım adlı övladları olub.
   09 dekabr 1867-ci il tarixli çar fərmanı əsasında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldıqdan sonra, qəzanın tərkibində, müasir Zərdab rayonu ərazisində, indiki Alıcanlı (Əlicanlı) kəndlərinin yerləşdiyi  ərazilərdə II Əlicanlı (Əlicanbəyli) və İlxıçı Əlicanlı obaları qeydə alınmışdır. Bu obalarda Əlicanlı ailələrinin üzvləri olan ilxıçıların, maldarların yaşadığı bildirilir.
   Əlicanlı kəndləri 1918-1920-ci illərdə Azərbaycan Cümhiriyyətinin, 1920-1929-cu illərdə isə Azərbaycan SSR-nin inzibati ərazisi olan Göyçay qəzasının tərkibində yerləşiblər. 1929-cu ildə Azərbaycanın rayonlaşdırılmasından sonra, yaşayış məntəqələri Göyçay rayonunun, 1935-ci ildə isə yeni yaradılan Zərdab rayonunun tərkibinə daxil edilmişdir.  
   1911-ci ildə, qəza mərkəzindən 70 verst məsafədə Əlicanlı obası da qeydə alınıb. Yaşayış məntəqəsinin 28 təsərrüfatında 176 nəfər kişi, 135 nəfər qadın olmaqla, 311 nəfər əhali yaşayıb.

xerite 123

   Birinci Alıcanlı kəndi rayon mərkəzindən 20 kilometr şimal-qərbdə yerləşir, ərazisi 2301 hektardır. Heyvandarlıq, taxılçılıq, yemçilik, baramaçılıq, pambıqçılıq, quşçuluq, meyvəçilik əhalinin əsas məşğuliyyət sahələridir.
   «Birinci» komponenti eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur. Yaşayış məntəqəsi Ağsu rayonunun indiki İlxıçı yaşayış məntəqəsindən çıxan ailələr tərəfindən salınıb və əvvəllər İlxıçı-Əlicanlı, Əlicanlı Birinci-İlxıçı adı ilə də qeydə alınıb. Kənd Təklə Alıcanlısı adı ilə də tanınır. Yaşayış məntəqəsinin belə adlandırılması, Ağsu rayonundakı Təklə kəndindən gələnlərin də burada məskunlaşması ilə izah edilir. Əlicanlı ailələrinin daxil olduğu Şahsevən elinin tayfalardan biri də təklə tayfası olub ki, bu tayfanın nümayəndələri Azərbaycan ərazilərində də yaşamışdılar. Əlicanlı oba ailələrinin təklə tayfasının nümayəndələri olduğunu və Təklə Alıcanlısı (Əlicanlısı) adının buradan qaynaqlandığını da ehtimal etmək olar.
   İlxıçı Əlıcanlı obası 1870-ci ildə müasir Zərdab ərazisində, Göyçay qəza mərkəzindən 43 verst məsafədə, Çallı və Xələc kəndlərindən cənubda məskən salmışdır. Obanın 25 təsərrüfatında 64 nəfər kişi, 38 nəfər qadın olmaqla, cəmi 102 nəfər əhali qeydə alınmışdır. Sonrakı illərdə oba şimala doğru yerini dəyişmişdi. 1879-cu ildə İlxıçı-Əlicanlı yaşayış məntəqəsinin 23 təsərrüfatında 75 nəfər kişi, 45 nəfər qadın olmaqla, cəmi 120 nəfər əhali, 1893-cı ildə isə 35 təsərrüfatında 90 nəfər kişi, 82 nəfər qadın olmaqla, cəmi 172 nəfər əhali qeydə alınmışdır. 1886-cı ildə İlxıçı Əlicanlı icmasının tərkibinə 3 yaşayış məntəqəsi, II Əlicanlı (Əlicanbəyli), İlxıçı Əlicanlı və Qaravəlli Ağaməmməd yaşayış məntəqələri daxil idi. İcmanın mərkəzi Əlicanbəyli kəndi idi və qəza mərkəzindən 35 verst məsafədə yerləşirdi. 1902-ci ildə İlxıçı Əlicanlı obasının 30 təsərrüfatında 100 nəfər kişi, 86 nəfər qadın olmaqla, cəmi 186 nəfər əhali qeydə alınmışdır. 1911-ci ildə İlxıçı Əlıcanlı obası Əlıcanlı kənd icmasına daxil idi və qəza mərkəzindən 35 verst, Ucar dəmiryol stansiyasında yerləşən pristav idarəsindən isə 20 verst məsafədə məskən salmışdır. Obada 1 məscid fəaliyyət göstərmiş, 32 təsərrüfatında 164 nəfəri kişi, 103 nəfəri qadın olmaqla, cəmi 267 nəfər əhali qeydə alınmışdır. 1917 və 1921-ci illərdə Bərgüşad bölgəsinə daxil edilən və  Əlicanlı Birinci — İlxıçı adlanan kənddə, 1917-ci ildə 61 ev, 1921-ci ildə isə 45 ev olub.
   1933-cü ildə Kürdəmir və Zərdab ərazilərində də Əlıcanlı adlanan kəndlər qeydə alınmışdır. Müasir Zərdab rayonu ərazisində yerləşən, Göyçay rayonunun tərkibinə daxil olan Əlıcanlı kəndinin 108 təsərrüfatında 726 nəfər əhali yaşadığı bildirilir. 35 təsərrüfat ümumilləşdirilmiş, 73 təsərrüfat isə fərdi idi. 1961 və 1977-ci illərdə I Əlicanlı adlanan kənd Çallı kənd sovetliyinin tərkibinə daxil edilmişdir. Sonradan Əlicanlı inzibati ərazi vahidliyi yaradılmış və Zərdab ərazisindəki üç Əlicanlı kəndi bu inzibati əraziyə daxil edilmişdir.
   Professor, 112 elmi əsərin müəllifi Nuriyev Məhəmmədəli, tanınmış ifaçı Sakif Məmmədov, Qarabağ müharibəsi şəhidləri Faiq Vəlizadə, Müsəllim Ağayev, Sərdar Əsədov, İbrahimxəlil Xəlilov, Mahir İsmayılov, Habil Musayev, Elsevər Yunusov Alıcanlı kəndlərində anadan olublar.
   Alıcan türk mənşəli “alı” və fars mənşəli “can” sözlərindən düzəlib. Əziz, doğma adam mənasındadır. Türk mənşəli Alcan sözü gözəl, cəsur, ürəkli mənasını verir. “Əlican”  sözü isə cana yaxın, qanı isti, candan mənasındadır.

     <<< Geriyə


Создайте подобный сайт на WordPress.com
Начало работы