Əsas səhifə

Bıçaqçı kəndi               

   Bıçaqçı kəndi rayon mərkəzindən 31 kilometr qərbdə, Kür sahilində, Tuqay meşələri yaxınlığında yerləşir, ərazisi 2214,79 hektardır.  1824-cü ildə Pıçaxçı, XIX əsrin sonlarında və XX əsrin əvvəllərində isə Bıçaxçı variantlarında qeydə alınmışdır. Əslən Bıçaqçı kəndindən olan Qulu Zərdabi indiki yaşayış məntəqəsinin ilk sakinlərinin, zəlzələlərdən və gürcü çarı Dimitrinin basqınından sonra Gəncə ətrafından köçüb gəldiklərini yazır. Əhali əsasən heyvandarlıq, yemçilik, əkinçilik, balıqçılıq, quşçuluq, baramaçılıq, meyvəçilik ilə məşğul olur.
   Kəndin adının mənası haqqında müxtəlif mülahizələr var. Fikrimizcə, yaşayış məntəqəsi qıpçaqların, “ağ qıpçaq” qrupuna daxil olan pıçaqçıların (pıçaxçıların) şərəfinə belə adlandırılmış və sonralar təhrif edilmiş, Bıçaqçı kimi səsləndirilmişdir. Qıpçaqların əngərli, inanlı, baharlı, pıçaqçı, bayat, qaragözlü, qacar və sairə tayfa adları ilə tanınan əhalisinin dili türk dilidir. Qacar tayfasının Bıçaqçı (Pıçaqçı) qolu olduğu da tarixdən məlumdur. Hazırda İranda pıçaqçı etnik qrupu və Piçaqçı toponimi var. Pıçaqçılar Cənubi və Şərqi İranın dağ və yarımsəhra rayonlarında yaşayırlar.
    İndiki Bıçaqçı kəndinin əraziləri bir zamanlar Ərəş sultanlığının əraziləri olub. Sonralar Ərəş sultanlığı zəifləmiş və 1795-ci ildə mahal kimi Şəki xanlığına qatılmışdır. 1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşmüşdü. 1819-cu il iyulun 31-də Şəkidə xanlıq üsul-idarəsi ləğv edilmiş və Şəki əyaləti yaradılmışdı. Pıçaxçı adlanan yaşayış məntəqəsi Şəki əyalətinin 8 mahalından biri olan Ağdaş mahalına daxil edilmişdir. Pıçaxçı (Bıçaqçı) adına 1824-cü ildə Şəki əyalətində aparılan siyahıya alınma sənədlərində rast gəlinir. 1824-cü il siyahıya alınmasına görə mahalın 34 kəndindən biri olan Pıçaxçının 37 təsərrüfatında 151 nəfər əhali yaşayıb.
   1840-cı ildə Qafqazın yerli idarəetmə sistemində dəyişiklik edildi və Cənubi Qafqazda Kaspi (Xəzər) vilayəti təşkil olundu. Pıçaxçı Şəki əyalətinin ərazilərində yaradılan və vilayətin tərkibinə daxil edilən Şəki qəzasının kəndi oldu. Kaspi vilayətinin ləğv olunmasından sonra, Şəki qəzası 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil edildi və Nuxa qəzası adlandırıldı. 1859-cu ildə, Şamaxı zəlzələ nəticəsində dağıldıqdan sonra, quberniyanın mərkəzi Bakı şəhərinə köçürüldü. Pıçaxçı Nuxa qəzasının tərkibində Bakı quberniyasının kəndi oldu. Əslən Yuxarı Seyidlər kəndindən olan, jurnalist Sarvan Kərimovun yazdığına görə,  1863-cü ildə Bıçaxçı kəndinin 27 təsərrüfatında 81 nəfər kişi, 61 nəfər qadın olmaqla, cəmi 142 nəfər əhali yaşayıb.
   1867-ci ilin sonunda Nuxa qəzası Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edilmişdir. Bıçaxçı kəndi 1873-cü ilədək Yelizavetpol quberniyasının Nuxa qəzasının tərkibində yerləşib. 1873-cü ildə çar hökümətinin Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı və Bıçaxçı Ərəş qəzasının Ağdaş icmasının tərkibinə daxil edildi. Sarvan müəllimin bildirdiyinə görə, 1873-cü ildə kəndin 32 təsərrüfatında 124 nəfər kişi, 101 nəfər qadın olmaqla, cəmi 225 nəfər əhali yaşayıb. 1886-cı ildə kənd Ərəş qəzasının Körpükənd kənd icmasının tərkibinə daxil idi. 1886-cı ildə kəndin 61 təsərrüfatında 200 nəfər kişi, 190 nəfər qadın olmaqla, cəmi 390 nəfər əhali qeydə alınmışdır. Kənd sakinlərinin əsas gəlir mənbələrindən biri də balıqçılır olub. Kürün aşağı hissəsi ilə müqayisədə bu ərazilərdə balıq o qədər də çox olmurdu. Lakin buna baxmayaraq, əvvəlki illərdə olduğu kimi balıqçılıq sakinlərin ən gəlirli məşğuliyyətlərinin biri olaraq qalırdı. Əhali ya icmadan müəyyən haqq müqabilində ayrı-ayrı sahələri icarəyə götürürdülər, ya da özləri balıqçı olurdular. Sonuncu halda, balıqçılar tutulan balıqları əvvəlcədən müəyyən edilmiş qiymətə icarəçiyə satmağı öhdələrinə götürürdülər.  Demək olar ki, hər bir kənd sakininin qayığı var idi. Yerli sakinlər bu qayıqlara kulaz və ya gəmi deyirdilər. Qayıqlar, hər ağac üçün 3-5 manat pul ödəməklə, dövlət meşələrindən alınan qovaq ağaclarından hazırlanırdı. Bu qayıqlar adətən 2-4 il davam gətirirdi. Qayıqlar digər məqsədlər üçün də isrifadə olunurdu. Kürün sağ sahilindən tut yarpağı, ot gətirirdilər, bəzən isə qadağan olunmuş vaxtlarda balıq ovuna da çıxırdılar. Əhali həm də baramaçılıq ilə, qismən bağçılıq ilə də məşğul olurdular.
    Bıçaqçı kəndinin adına Həsən bəy Zərdabinin 1880-1890-cı illərdə «Zərdabdan məktublar» başlığı altında «Kaspi» qəzetində dərc etdirdiyi məqalələrdə də rast gəlinir.
    1917-ci ildə Ərəş bölgəsinin Kotavan kənd icmasına daxil edilən Bıçaxçı kəndində 55 ev, 1921-ci ildə isə 98 ev qeydə alınmışdır.
    Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 10 dekabr 1919-cu il qərarı ilə Ərəş qəzası Ağdaş qəzası adlandırılmışdı. 1926-cı ildə Ağdaş qəzası 4 bölgəyə bölünmüşdü və Bıçaqçı kəndi qəza mərkəzindən 12 km məsafədə yerləşən Ləki bölgəsinin tərkibinə daxil edilmişdir. Ağdaş qəzası 1929-cu ildə Azərbaycan SSR-nin rayonlaşdırılması zamanı ləğv edilmiş və Ağdaş rayonu təşkil olunmuşdur. 1935-ci ilədək Ağdaş rayonunun tərkibində yerləşən Bıçıaqçı, Körpükənd, Yuxarı Seyidlər, Siləyli yaşayış məntəqələri, 1935-ci ildə yeni təşkil edilmiş Zərdab rayonunun tərkibinə daxil edildi.
   Kollektivləşmədən sonra kənddə yaradılmış kolxoz Zərdabın ən böyük kolxozlarından biri olub. Kolxoz “Əli Bayramov”, “Qırmızı Oktyabr”, “Şirvan” kolxozu adlandırılmışdır. Bıçaqçı kəndi ötən əsrin 60-cı illərinə qədər 5 kəndi (Bıçaqçı, Seyidlər (Yuxarı Seyidlər), Sileyli (Siləyli), Körpükənd, Xasa) birləşdirən sovetliyin mərkəzi, əsrin sonralarına qədər isə üç kəndin (Bıçaqçı, Yuxarı Seyidlər, Siləyli) inzibati mərkəzi olub. 14 iyul 1998-ci il tarixdə Siləyli və Yuxarı Seyidlər kəndləri Bıçaqçı inzibati ərazi dairəsinin tərkibindən ayrılıb və Yuxarı Seyidlər mərkəz olmaqla yeni kənd inzibati ərazi dairəsi yaradılıb.
    Orta əsrlərdə müasir Zərdab ərazisində, Bıçaqçı kəndi yaxınlığında böyük və zəngin şəhər olub. Şəhər müxtəlif mənbələrdə Yarayız, Yarayıc və Yerağzı kimi adlandırılır. İndi də ətrafdakı kəndlərdə adamlar bir-birlərinə, «İndi ki, Yarayız şəhəri yoxdur ki, qaçıb orada gizlənəsən, səni də tapmaq mümkün olmaya» deyirlər. Ərazidə ciddi tərqiqat işləri aparılmamışdı və odur ki, şəhərin adı, yerləşdiyi məkan, nə vaxt, hansı səbəbdən dağıldığı dəqiq məlum deyil. Tarix üzrə fəlsəfə doktoru Taleh Əliyev yaşayış məntəqəsinin bir vaxtlar indiki Zərdab rayonu ərazisində mövcud olan qədim Bərdic şəhərinin qalıqları olduğunu ehtimal edir. Qulu Zərdabi bu qədim şəhərin Yarayıc adlandırıldığını, Bıçaqçı kəndinin ərazisində yerləşdiyini və şəhərdə hətta kanalizasiya sistemi də olduğunu yazır. Qulu bəy bildirir ki, bu ərazilərdə ərəblər və yerli əhali arasında müharibə olub və şəhər ərəblər tərəfindən dağıdılıb.
   Əlyazmalar İnstitutunun əməkdaşı olmuş Sarvan Kərimov yazır ki, köhnə Kür çayından 2 kilometrlik məsafədə, Türyançaya yaxın yerləşən bu qədim şəhər Yarayız adlandırılmışdır. Sarvan müəllim şəhərin tarixinin X əsrə və ondan da əvvələrə gedib çıxdığını və Yuxarı Seyidlər kəndinin ərazisində yerləşdiyini bildilir. 
   Kəndin yaxınlığında, Kür sahili boyunca el arasında Bıçaqçı meşəsi adlanan Tuqay meşələri var. Meşənin sahəsi təxminən 380 hektardır. Əvvəllər Bıçaqçı meşəsində rast gəlinən müxtəlif vəhşi heyvanların kökü demək olar ki, tamamilə kəsilmişdir. Kənd ərazisində köhnə Kür yatağı olan və Bıçaqçı axmazı adlanan göl də var. Bıçaqçı və Yuxarı Seyidlər kəndləri yaxınlığındakı bir məkanı sakinlər “Dərviş yeri” adlandırırlar. Yəqin ki, bir vaxtlar kəndlərə təşrif gətirən dərvişlər bu ərazidə məskən salıblar.
    Bıçaqçı kəndi ziyalıları və qəhrəmanları ilə tanınır. Bıçaqçı kəndinin şair oğlu, mədrəsələrdə təhsil almış Qədir Əfəndi şeirləri ilə Azərbaycanda məşhur olub. Görkəmli tədqiqatçı Salman Mümtazın 1928-ci ildə nəşr olunan «El şairləri» kitabında Qədir Əfəndinin “Şəltük”, “Alça”,  “Çust”, “Çeşmək”, “Şahpalıt” çap edilmişdir.
    Yaşlı sakinlərin dediklərinə görə erməni-türk davasında kəndin Məmmədsan, Məhəmməd, Aloslan, Məmmədkərim, Mustafa, Abbasəli, Məlik Zakiroğlu kimi igidləri Qafqaz türk islam ordusunun döyüşçülərinə qoşularaq vuruşublar. Rəsul adlı Bıçaqçı kənd sakini Acıdərə yaxınlığındakı döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdur. Bıçaqçılıların igidliyinə heyran qalan türk paşası və yüzbaşı bu kəndə gələrək kəndin cavanlarına hərbi təlim keçmişdilər.
    Bıçaqçı sakinləri Hacı Xəlil adını tez-tez xatırlayırlar. Hacı Xəlil kişi həmişə imkansızlara dayaq durub, əhd edərək Bıçaqçıdan həcc ziyarətinə piyada gedib. 1933-cü ildə Sovet hökuməti Hacı Xəlili də, 4 oğlunu və 3 qızını da sürgünə göndərib, ikimərtəbəli mülkünü əvvəl məktəb, sonralar uşaq bağçası ediblər. Digər oğlanları Aləşrəflə Əşrəf Kürü keçib o taya qaçanda güllələniblər. Hacı Xəlilin nəticəsi Qiyas yaşadığı Qırğızıstandan Qarabağ döyüşçülərinə və qaçqınlara dəfələrlə yardım edib.
   Sovet İttifaqı Qəhrəmanı, “Şöhrət”, “Qırmızı Bayraq”, 2 dəfə 1-ci dərəcəli “Vətən müharibəsi”, “3-cü dərəcəli Kutuzov”, “Lenin”, “Qızıl Ulduz” ordenləri və medallar ilə təltif edilmiş polkovnik Məlik Məhərrəmov, iqtisad elmləri namizədi, müxtəlif məsul vəzifələrdə çalışmış Şükür Məlikov, 300-dən çox şeir və məqalə müəllifi Səməd Səmədov, “Mingəçevir işıqları” qəzetinin müxbiri, bir neçə kitab müəllifi Qaraş İsmayıl, Qırğızıstan Respublikasının Əməkdar artisti, Qarabağ müharibəsi iştirakçısı Şahmar Tapdıqov Bıçaqçı kəndində anadan olublar. “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov əslən Bıçaqçı kəndindəndir. II Dünya müharibəsində onlarla Bıçaqçı kənd sakini qəhrəmanlıqla döyüşmüş, orden və medallar ilə təltif edilmişdir.
   Bıçaqçı kənd sakinləri Hacıyev Müşviq Zabit oğlu, Əliyev Qüdrət Səfər oğlu, Həsənov İlqar Hacıkərim oğlu, Məmişov Münasib Tacəddin oğlu, Rəhimov Etibar Rəhim oğlu, Salikov Kamil Hacırəhim oğlu, Şamilov Ceyhun Əlixan oğlu Qarabağ müharibəsində şəhid olublar. Əliyev Qüdrət Səfər oğlu Cəbrayıl rayonunda anadan olub və ailəsi ilə birlikdə qaçqın kimi Bıçaqçı kəndində məskunlaşmışdır. Hacıyev Müşviq Zabit oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
  İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhərində, Özbəkistan Respublikasının Səmərqənd vilayətinin Pastarqom rayonunda Bıçaqçı kəndləri var. İranın Kirman əyalətində yaşayan Oğuz boylarından biri Bıçaqçı eli adlanır. XV əsr məşhur təsəvvüfçülərindən, Bayramiyyə təriqətinin banisi Hacı Bayram Vəlinin xəlifələrindən biri olan Ömər Dədənin təxəllüsü Bıçaqçı olub. Orta əsr səyyahı İbn Battuta Anadoluda Sivas Əhməd Bıçaqçı adında bir əsilzadə haqqında yazıb.

     <<< Geriyə


Создайте подобный сайт на WordPress.com
Начало работы