Əsas səhifə

Ağabağı kəndi

  Ağabağı kəndi Kür sahilində, rayon mərkəzindən 19 kilometr cənub-şərqdə, Şıxbağı kənd inzibati ərazi dairəsinin tərkibində yerləşir, ərazisi 799 hektardır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, pambıqçılıq, taxılçılıq, yemçilik, meyvəçilik, baramaçılıq, quşçuluq, bostançılıq və balıqçılıqdır.
  XIX əsrin ikinci yarısından etibarən Kür sahilindəki  740 desyatin tut bağları əhali arasında bölüşdürülmüş və bir çox ailələr Zərdab kəndini tərk edərək bu bağlarda məskunlaşmışdılar. Nəticədə yeni  yaşayış məskənləri yaranmışdı. İndiki Ağabağı kənd ərazisi Ağa adında bir şəxsə verilmişdir. Bağ sahibinin adına müvafiq olaraq yaşayış məskəni Ağabağı adlandırılmışdır, mənası «Ağaya məxsus bağ» deməkdir. Bir çox mənbələr bağ sahibinin adının Ağalı bəy olduğunu bildirir. Nazim Tapdıqoğlu bəzi sənədlərdə yaşayış məskənini Ağalıbəy, Ağalıbağı kimi də göstərildiyini yazır.
   XIX əsrin sonlarında Göyçay qəzasının tərkibində kənd icmaları və oba birlikləri yaradılmışdır. İndiki Ağabağı kəndinin əraziləri III Zərdab (Gəndəbil) kənd icmasının tərkibinə daxil edilmişdir. Yaşayış məntəqəsi 1917-ci ildə Zərdab Ağabağı kəndi adlandırılmış və Göyçay qəzasının Bərgüşad inzibati ərazisinə daxil edilmişdir. Kənddə 1917-ci ildə 8 ev, 1921-ci ildə isə 26 ev olub. Ağabağı 1926-1929-cu illərdə Göyçay qəzasında yaradılan Zərdab bölgəsinin, 1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun tərkibinə daxil edilib. Sənədlərə əsasən, 1933-cü ildə yaşayış məntəqəsinin 37 təsərrüfatında 178 nəfər əhali yaşayıb.
   Zərdab rayonu yaradılandan sonra Şıxbağı sovetliyinə daxil edilən Ağabağı kəndi, hazırda da bu inzibati ərazinin tərkibində yerləşir.
   Kür sahilində yerləşən yaşayış məntəqəsinin ərazisi illər boyu daşqınlara məruz qalıb. Həsən bəy Zərdabi  06 iyun 1882-ci il tarixdə “Kaspi” qəzetində yazdığı məqaləsində də Ağabağı kəndinin su altında qaldığını bildirir. 2010-cu ilin may ayında növbəti güclü leysan yağışları və sel suları Ağabağı kənd ibtidai məktəb binasında qəza vəziyyət yaratdı. Həmin il kənddə yeni məktəb binası inşa edildi.
   Uzun illər boyu Zərdabda və eləcə də Şirvanda yaşayan əhali Kür çayındakı bərələr vasitəsilə Qarabağa gediblər. Kür çayı üzərində hərəkət edən bu bərələrdən biri də Ağabağı kəndi ərazisində fəaliyyət gostərirdi.
   Kənd ərazisində yerləşən gölə el arasında «Məhəddin axmazı» deyilir. Axmazın yanında tənha bir qəbir var. Dövrünün nüfuzlu şəxslərindən olan Məhəddin bəy 1937-ci ildə həbs edilib, bütün əmlakı müsadirə olunub və həbsxanada vəfat edib. Övladları da repressiya olunub. Həyat yoldaşı Sona xanım əri və uşaqları repressiya olunduğuna görə qəbirstanlıqda deyil, “Məhəddin axmazı” adlanan Ağabağı axmazı sahilində, tək-tənha dəfn edilib.
   Kənd qəbiristanlığında Türkiyədən gələn bir şəxsin qəbri var. 1918-ci ildə Bakını bolşevik-daşnak qüvvələrinin işğalından azad etmək üçün Nuru Paşanın komandanlığı ilə Azərbaycana gələn türkiyəli əsgərlərin ikisi döyüşlərdə yaralanmış və dəstələrindən ayrı düşmüşdülər. Qaçaqlara qoşularaq bolşeviklərə qarşı mübarizə edən bu əsgərlərin biri, sonralar ailə quraraq Ağabağı kəndində yaşayıb və vəfat etdikdən sonra kənddə dəfn olunub.
  1988-ci ildə kənddə daha bir maraqlı hadisə baş verib. Kənd sakini Məhərrəm kişi biçin zamanı otların arasında gizlənən canavar balasını bilmədən öldürür. Elə həmin gecə canavar ailəsi qisas üçün 30 kilometrlik yolu qət edərək, kənd sakininin həyətinə soxulub və təsərrüfatda olan bütün qoyunları tələf edib.
   Kənd sakini Heydərov Sərvan Qarabağ müharibəsində şəhid olub.
  Toponimindəki “ağa” sözü dilimizdə müxtəlif mənalarda, hakim siniflərə məxsus mülkədar, bəy, zadəgan, sahibkar mənasında, seyidlərə, ruhanilərə, yaxud yaşlı və hörmətli adamlara verilən ləqəb mənasında, hər hansı bir yerin sahibi, yiyəsi, hakimi mənasında və eləcə də böyük qardaş mənasında da işlənir. Azərbaycanda, Türkiyədə, İranda və digər ölkələrdə “ağa” sözü ilə əlaqədar onlarla yer, məkan adları var. İmişli rayonunda Ağamalı, keçmiş Ağdərə rayonunda Ağabəyələnc, Ağcabədi rayonunda, Sabirabad rayonunda Ağacanlı kəndləri, Kəlbəcər rayonunda Ağababa dağı, Biləsuvar rayonunda Ağabəylər çayı, Tovuz rayonunda Ağabulağı dərəsi var.

     <<< Geriyə


 
Создайте подобный сайт на WordPress.com
Начало работы