Əsas səhifə

Zərdabda balıqçılıq

   Zərdabın təsərrüfat həyatında balıqçılıq üstünlük təşkil etmişdir. Uzun müddət Kür çayı sahillərində balıq vətəgələri fəliyyət göstərmiş, çaydan tutulan balıqlar müharibə illərində və digər çətin dövrlərdə də əhalini aclıqdan xilas etmişdir.
   Həsən bəy Zərdabi də məktublarında balıqçılıqla məşğul olduğunu, Zərdab kəndində 4 nömrəli vətəgəni icarəyə götürdüyünü yazırdı. Həsən bəy yazırdı ki, dövlət xəzinəsinə ödənilən haqq icarəçilər üçün çətinliklər yaradırdı. Kürdən tutulan balıqların kürüsü çox qiymətli hesab olunurdu. Tacirlər müntəzəm olaraq Əlvənd bazarından balıq kürüsü alıb aparardılar.
   Zərdabdakı balıq vətəgələrini xarici vətəndaşlar da icarəyə götürmüşdülər. 07 iyun 1891-ci ildə “Qafqaz” qəzetində Zərdab kəndlərinin də daxil olduğu Kür sahili vətəgələrin Hindistandan olan Sabro Maqundasov tərəfindən icarəyə götürülməsi haqqında məlumat dərc edilmişdir.
   Əvvəllər, eləcə də XIX, XX əsrlərdə Kür çayında balıq bol idi. XIX əsrdə “qırmızı balıq” hesab olunan balıqları ovlamağa icazə verilmirdi. Onları ovlamaq üçün heç də ücüz olmayan ödəniş edilməli idi. Ən qiymətli balıq nərə, kələmo və ağbalıq (sevryuqa) hesab olunurdu. Kür çayında naqqa (yayın balığı, som), çəki (sazan), ilanbalığı, xəşəm (xaşam) və digər balıqlar da bol olardı. Sakinlər balıqlardan həm azuqə kimi istifadə edər, həm də satardılar. Yerli əhali ilanbalığınının bir hissəsini ruslara və ermənilərə satar, qurudar və sonra evlərini işıqlandırmaq üçün şam kimi istifadə edərlər.
   1890-cı ildə Şərqi Zaqafqaziyanın 29 balıqçılıq məntəqəsinin üçü Yelizaveprol quberniyasının, iyirmi altısı isə Bakı quberniyasının ərazilərində, Kür və Araz sahillərində yeləşirdi. İndiki Zərdab ərazisində Körpükənd (Ağcabədi kəndindən Zərdab kəndinə qədər), Zərdab (Zərdab kəndindən Yuxarı Əlvəndə qədər) və Fətəlixan (Yuxarı Əlvənddən Yuxarı Mollakəndə qədər) məntəqələri fəaliyyət göstərib. Sənədlərdə XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, Körpükənd, Zərdab və Fətəlixanın ərazidə ən böyük balıqçılıq məntəqələri olduğu yazılır. Kürün sularında “Müfəttiş” («Ревизор») adlanan kater üzər və balıqçılığın idarə olunmasına nəzarət edərmiş.

1900-ci ildə Kür çayından rəsmi olaraq ovlanan balıqların miqdarı

balıqcılıq

           Körpükənddən Əlvəndə qədər olan ərazidə

  • Nərə və ya fars nərəsi (osetr), kələmo və ya qaya  balığı (şip) – 856 ədəd
  • Uzunburun və ya ağbalıq (sevryuqa) – 1205 ədəd
  • Bu balıqlardan 101 pud kürü hazırlanmışdır.
  • Naxa və ya yayın balığı (som) – 10320 ədəd
  • Sıf balığı (sudak)– 2530 ədəd
  • Çəki balığı (sazan) – 31275 ədəd
  • Çapaq balığı (leş) – 4610 ədəd
  • Xəşəm balığı (xaşam) – 1239 ədəd
  • İlanbalığı (minoq) – 200000 ədəd
  • Digər balıqlar – 2400 ədəd
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы