Əsas səhifə

Əlvənd bəyləri ilə qohum olan Şamaxı xanları və onların ailə üzvləri

   Şamaxı xanları Ağası xan və oğlu Mustafa xan çətin məqamlarda Əlvənd kəndinə üz tutar, burada yaşayaraq Şirvanı idarə edərdilər. Qarasubasar mahalının mərkəzi olan Əlvənd kəndi Şirvan xanlarının qalası mövqeyində idi. Əlvənd bəyləri ilə qohum olan Şamaxı xanları onların bölgədəki nüfuzlarından da istifadə edirdilər.
   Şirvan xanlarının şəcərəsi hazırlayan Fariz Xəlilli xan ailəsi ilə qohum olan Əlvənd bəylərinin, məliklərinin də adlarını açıqlamışdır. Xan ailəsinin bir hissəsi bu qohumluğa görə Əvənd kəndində yaşamışdılar, vəfat etdikdən sonra isə Baba Səməd qəbiristanlığında dəfn olunmuşdular.
  • Ağası xan 1771-ci ildə Əlvənd məliki Məlik Məhəmmədin qızı Hacıxanım xanımla evlənib. Hacıxanım xanım 1783-cü ildə vəfat еdib, Haşımxanlı kəndində Baba Səməd qəbiristanlığında dəfn еdilib. Hacıxanımım Haşım xan, Cəfər bəy, Abdulla bəy, Mehdi bəy adlı adlı oğulları, Həcər xanım adlı qızları olub.
  • Haşım xan 1827-ci ildə Əlvənd bəylərindən Novruz Əli bəyin qızı Fatma xanımla evlənib. Fatma xanım 1834-cü ildə vəfat еdib, Baba Səməd qəbiristanlığında dəfn olunub. Övladları Abbas bəy 1830-cu ildə anadan olub. 1843-cü ildə Muğanlı Mustafa bəyin qızı Bəyim xanımla evlənən Abbas bəy, ailəsi ilə birlikdə Haşımxanlı kəndində yaşayıb.
  • Həcər xanım 1783-cü ildə anadan olub və Talış xanı Mir Mustafa xanın oğlu Mir Həsən xan ilə evlənib. Bu evlilik Əlvənd bəylərinin həm Şirvan xanlığı, həm də Talış xanlığı ilə qohumluq əlaqələrinin olmasını göstərir. Talış xanlığı nəsil şəcərələrində Həcər xanımın adı Bikə xanım kimi də verilir.
  • Mustafa xan 1810-cu ildə Əlvənd məliki Məlik Mahmudun qızı Məlikqızı ilə evlənib. O, 1832-ci ildə vəfat еdib, Pеyğəmbər qəbiristanlığında dəfn еdilib. Mustafa xanın qızı, Məlik Mahmudun nəvəsi olan Sara bəyim 1813-cü ildə anadan olub. Sara bəyim İsmayıl bəyin oğlu Əhməd xanla evlənmişdir.
  • Haşım xanın oğlu Əbil bəy 1839-cu ildə Əlvənd bəylərindən Məhəmməd Əli bəyin qızı Tükəzban xanımla evlənib. Tükəzban xanım 1859-cu ildə vəfat еdib, Baba Səməd qəbiristanlığında dəfn olunub. Əbil bəy ilə Tükəzban xanımın dörd oğlu və dörd qızı dünyaya gəlmişdir.
  • Mustafa xanın nəvəsi, Ağa xanın qızı Hacı Bikə, Əhməd xanın oğlu Fəti xanla evlənib. Əhməd xan Ağası xanın nəvəsi, İsmayıl bəyin oğludur. Fəti xan və Hacı Bikə Əlvənd kəndində yaşayıblar. Fəti xanın, ailə üzvlərinin, qulluqçularının yaşadığı məntəqə Fətixanlı adlandırılmışdır. Kənd hazırda Köhünlü adlanır və müasir Kürdəmir rayonunun ərazisində yerləşir. Fəti xanın Hacı Bikədən olan oğlu Əhməd xan 1858-ci ildə, Hüseyn Əli xan 1864-cü ildə, Həmid xan 1867-ci ildə, qızı Sara bəyim isə 1861-ci ildə dünyaya gəlib.

       Mənbə: Fariz Xəlilli “Şirvan xanlarının şəcərəsi”

  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы