Əsas səhifə

Pyotr Yeqorov. Zərdab kəndi – Zərdabda ov. 1849-cu il.

    31 avqust 1949-cu ildə bəzi işlərə görə Tiflisdən Zərdaba yollandım, sentyabr ayının 15-də əzgin, yorğun halda Turyançay poçt məntəqəsinə gəldim. Burada poçt yolu bitirdi. Əhalinsinin sayı az olan Turyançayda minik tapmaq çətin idi. Məntəqə nəzarətçisi mənə 4 verst məsafədə, Ağdaş kəndində yerləşən poçt məntəqəsinə getməyi və orada, məntəqə nəzarətçisindən Zərdaba qədər ümumi atların icarəyə götürülməsi üçün açıq vərəq almağı təklif etdi. Mən də belə etdim: nəzarətçi məni açıq vərəq və bələdçi ilə birlikdə üç minik atı ilə təmin etdi.
    İki saatdan sonra hansısa bir kəndə yetişdik və burada atları dəyişmək lazım gəldi, digərlərində olduğu kimi gəldiyimiz kənddə də bu çətin əməliyyat oldu…
    Səhər yenidən yola çıxdım. Gəlib çatdığımız birinci kəndin adını soruşdum. Mənə “Qaradağlı” cavabını verdilər. Yol xəritəmə baxdım, Qaradağlı Turyançay məntəqəsindən cəmi 8 verst məsafədə idi. Deməli məni irəli deyil, geri aparırdılar, halbuki hər bir bələdçi bilirdi ki, mənə Zərdaba getmək lazımdır.
   Sual yaranır: niyə belə olur? Səbəbi budur ki, bələdçi özünün N kəndindən məni tutaq ki, təxminən 12 verst məsafədə olan M kəndinə aparmalıdır. Onlar yola çıxarkən düşünür və hesablayırlar ki, hansı kənd daha yaxındır. Hətta bu kəndin Zərdab yolunda olub-olmamasını bilmək belə istəmirlər. Onlar üçün hara getməyin fərqi yoxdur, ancaq yol uzaq olmasın. Beləliklə mən dünən və bu gün, əlli verst boyunca getdiyim yerin ətrafında dolanmışam!

   (Yollarda daha bir neçə məcaralardan sonra səyyah bir gecə Zərdaba gəlib çatır)

   Zərdabda ilk təsəərrüatım çox xoşagəlməz oldu. Qollarımın, ayaqlarımın, üzümün və boynumun güclü qaşındığını və yanan kimi olduğunu hiss edirdim. Yuxudan oyananda gördüm ki, ağcaqanadlar sanki məni yeyiblər. Mən ehtiyatsız davranaraq, yorğun halda, açıq havada, çadırda, bir çarşafın altında yatağa uzandım və çox tez və möhkəm yuxuya getdim. Ağcaqanadlar da elə bunu gözləyirmiş, qanadlı qaniçənlər bütün gecəni mənim qanımla şişdilər. Bədənimdə yaranan şişlərdən necə xilas ola biləcəyimi belə bilmirdim.
   Səhər Zərdabı araşdırmağa. Bura heç də yaxşı vəziyyətdə olmayan, saray adlanan yüzlərlə qamış evlərdən ibarət olan bir tatar (türk) kəndidir. Bu daxmalar ya bir yerdə cəmlənmiş, ya da ətrafa səpələnmişdilərr. Hündür və yöndəmsiz enli bacaları düz torpaq damlardan sanki, alovdan sonra çıxırdı. Kəndin arxasında ucsuz-bucaqsız bir çöl var, qarşısından isə Kür çayı axır. Kürün sağ sahili boyunca kifayət qədər böyük, sıx və yaşıl bir meşə uzanır.
    Kəndin tarixi bildiyim qədər elə də qədim deyil ki, nəsə söyləmək olsun. Yaxınlıqda, Kür sahilində yerləşən digər kəndlərdə olduğu kimi, əhali yarıköçəridir və sənaye sahəsi ilə məşğul olan yoxdur. Ola bilər ki, əvvəllər Qarabağdan Şamaxıya gedən əsas yol Zərdabdan keçib, amma hazırda bu yolun heç bir izi qalmayıb. Adətən belə köhnə yollar dağıdılmış karvansaray və su quyularının qalıqları ilə bilinir. Belə qalıqların olması belə heç nəyi ifadə etmir, belə kəndlərdən böyük yolların keçməsi halları az deyil. (Tərc: Yeqorov Zərdabın tarixinin elə də qədim olmamasını sübut etmək istəyir.)
   Son illərdə Zərdabda körpü-dayanacaq tikilmişdir. Dövlət ehtiyaclarını təmin etmək məqsədilə Salyandan gəmilər vasitəsilə gətirilən duz, spirt və sairə buraya boşaldılırdı. Bir sözlə Zərdabda cansıxıcı və darıxdırıcıdır. Mən isə orada müəyyən bir müddətdə qalmalı idim və orada 4 ay yaşadım.
   Zərdabın sakinləri tatarlardır (türklərdir). Əhalidə bir növ tənbəllik var, yalnız isti mühitdə doğulan və yaşayan insanlar bu cür tənbəl ola bilərlər. Əhalinin əsas və ən gəlirli ticarəti ağır qayğıya ehtiyac olmayan ipəkçilikdir, taxıl əkməzlər, amma qarpız və qovun yetişdirirlər, varlı sakinlərin kifayət qədər heyvanları var, digərləri isə bir və ya iki inəklə kifayətlənirlər.
   Zərdab bəyləri yeddi qardaşdılar, hamısının bir anadan olub-olmamasını isə bilmirəm. Onu bilirəm ki, onlar öz aralarında mehriban deyillər, ayrı-ayrı evlərdə yaşayırlar. Hamısını yaxşı tanısam da, onlar ilə çox nadir hallarda ünsiyyətdə olurdum.
   Zərdaba gəlişimdən sonra, bir səhər ayaqlarımı xalçanın üzərinə uzadaraq çay içirdim. Birdən mənə ağ çuxada, boz və qırxılmış saqqallı bir tatar yaxınlaşdı. Paltarının təmizliyinə və cəsarətli davranışına görə bu qonağın sıradan bir adam olmadığı qənaətinə gəldim. Tatar məndən ona rus dilində yazılmış bir kağızı oxumağımı istədi. Ona oturmağını, qəlyanımı və bir stəkan çay təklif etdim. Söhbətdən öyrəndim ki, qonaq Zərdab bəylərindən biridir.
   Qısa söhbətdən sonra təzə tanışım mənə irad tutdu ki, niyə ona qonaq gəlmirəm. İnandırmaq istədi ki, mən ona tək qonaq deyil, qardaşdan da üstünəm və o mənim üçün arzuladığım hər şeyi etməyə hazırdır.
   — Ağa! Sən mənim dostumsan, sən mənim qardaşımsan! Mənim evim sənin evindir. Nə istəyirsən de mənə. Mənim hər şeyim sənindir, nə istəsən yerinə yetirərəm. Mən görürəm ki, sən çox xeyirhaq insansan. Sənin kimi insan hələ indiyə kimi bizdə olmayıb.
   Həyatda məni ilk dəfə görən bəy məni belə inandırımağa çalışırdı. Mən ona inanmadığımı hiss etdirmədən, əlimi sinəmə qoyaraq, xoş ifadələr ilə ona minnətdarlığımı bildirdim. Yarım saatdan sonra biz sanki köhnə tanışlar kimi olduq. Bəy mənim qonaqpərvərliyimi görərək, çox fikirləşmədən, dərhal bir xahiş ilə müraciət etdi.
   — Qardaş, səndə sirkə var?
   — Var.
   — Xahiş edirəm, bir az ver aparım.
   — Nikita! Bir stəkan sirkə hazırla.
   — Yox, ağa, bir stəkan azdır. Bir şüşə ver aparım.
   — Bir şüşə olmaz, mənim özümdə də çox deyil.
   — Yox, xahiş edirəm, bir şüşə ver, sən özünə yenə əldə edərsən.
   — Mən haradan əldə edə bilərəm. 80 verst məsafəyə getmək lazımdır.
   — Yox, xahiş edirəm, heç nə olmaz, sən özünə əldə edəcəksən.
   — Nikita, bir şüşə hazırla.
   Tapşırmaqla fikirləşirəm ki, ondan qurtulmaq lazımdır, bəlkə tezliklə gedər. Nikita tatara hirsli baxaraq, deyinə-deyinə sirkəni şüşəyə tökür. Bəy onu tələsik götürür, amma bununla iş bitmir.
   — Qardaş! Səndə kağız var, bir qədər mənə ver.
   Bir neçə kağız vərəqi verdim.
   — Xahiş edirəm, bir qədər möhür mumu verəsən.
   Möhür mumu da verdim. Bəy mümkün qədər təşəkkür edir, bir qədər qəlyan çəkir, ayağa qalxaraq təzim edir, əlimi möhkəm sıxaraq gedir. Bu yad qonağın gedişinə sevinirəm, amma sevincim uzun çəkmir. Qonaq yeni xahiş ilə qayıdır.
   — Ağa! Qardaş! Xahiş edirəm, bir qədər barıt verəsən.
   — Yox, bağışlayın, ağa bəy, barıt verməyəcəyəm! Nə də xahiş etməyin! Mən özüm ovçuyam, barıt isə məndə çox azdır!
    Ciddi və hətta əsəbi tonda danışıram. Bəy gülümsəyərək əlimi sıxır, özünün daimi dostluğuna əmin edir, növbəti gəlişinə və nə isə xahişə qədər uzaqlaşıb gedir.
    Zərdabdan Tiflisə gedişimdən bir-neçə gün əvvəl mənə yüzbaşının qardaşı olan digər bir bəy yaxınlaşır. Mənim ilə söhbətindən sonra bilir ki, mən iki gündən sonra gedirəm. Allahım, mənim getməyimə nə qədər peşman olduğunu bildirdi. Əvvəlcə, təəssüfünü bildirdi, sonra qara, parlaq gözləri ilə mənə sual dolu baxdı. Əzab çəkən dostum az qala göz yaşları ilə sorusdu: “Necə? Siz gedirsiniz?” Mən təsdiq etdim.
   — Sənə getmək nəyə lazımdır? Qoy hamı getsin, qoca kapitan, gənc qnyaz olan praporşik, rus praporşiki, çavuş, bütün ermənilər, bütün əsgərlər, Karqanov getsin, amma sən getmə. Xahiş edirəm getməyin.
   Bu dostum məndən bu cür xahiş etdi. Məni niyə bu qədər sevdiyini bilmək istəyirsiniz? Mən Zərdabdan Xankəndinə gedib gələndən sonra, ona bir funt çay və bir baş qənd hədiyyə gətirmişdim, əvəzində isə ondan heç nə götürməmişdim.
   Zərdabın sakinlərinin həyatı haqqında xüsusi maraqlı nə isə söylənəsi bir şey yoxdur. Onlar, digər isti vadilərdə yaşayan tatarlar kimi, aprelin axırı və ya mayın əvvəli öz evlərini tərk edərək, dağlarda yerləşən obalarına yollanırlar. Evlərdə ipəkqurdlarına qulluq etmək üçün yalnız bir nəfər qalır. Avqust və ya sentyabr aylarında barama yığmaq və ipək açmaq üçün evlərinə qayıdırlar və payızın gəlməsi ilə heyvandarlıq üçün daha yaxşı yem toplamaq üçün yenidən gedirlər. Bu dəfə Zərdabdan bir az aralı, Kür sahilləri boyunca səpələnirlər, meşələrdə və qamışlıqlarda çalışırlar. Digər peşələr ilə, işlər ilə az məşğul olurlar. Digər sahələrdə o qədər naşıdırlar ki,  hətta əməklərini səxavətlə mükafatlandırsalar belə, hər hansı bir yeni işi ən böyük çətinliklə qəbul edirlər. Zəngin deyillər, kasıb da yaşamırlar, ac qalmırlar, razıdırlar və göründüyü kimi vəziyyətlərini daha da yaxşılaşdırmaq haqqında az düşünürlər! Yeri gəlmişkən, bu xalq üçün bəzən bir at və ya inək oğurlamaq, bəzən də bir bir səyahətçini, xüsusilə rus adamını soymağa cəhd eləmək elə də günah sayılmır. Bəziləri üçün bir qəpik əvəzinə bir manat almaq, yalan danışmaq, aldatmaq, vədləri yerinə yetirməmək, andı pozmaq — qanuni və heç utancverici olmayan bir iş kimi görünür. Tatarlar hər zaman yeni gələn insanla “qonaq”, dostluq əlaqələri qurmağa çalışırlar. Mən həmişə bu qarşılığın əleyhinə olmuşam və bu “qonaq” barədə mənim öz fikirlərim var.
   «Qonaq» Qafqazdakı bütün xalqlara məxsus bir sözdür, tatarlardan, çərkəzlərdən, çeçenlərdən, ləzgilərdən, ümumiyyətlə Qafqaz xalqlarının hamısından eşitmək olar. Heç bir zaman Qafqazda olmamış ruslar üçün də “qonaq” sözü çoxlarına, hətta yaxşı tərəfdən məlumdur. “Qonaq” yalnız yaxşı bir tanışlıq, nəcib bir dostluq deyil, hətta ən yaxşı dostluq deməkdir. Amma mən «qonaq» sözünə həmişə narazı bir təbəssüm ilə yanaşıram və Allahdan məni “qonaq”dan qurtarmasını diləyirəm. Məsələ mənim müsəlmanlar ilə dostluq etmək istəməməyim deyil, əksinə, hər Asiyalı ilə yaxşı münasibət qurmağa hər zaman hazıram. Lakin təəssüf ki, mənimlə “qonaq” münasibətləri bir gündən bir, ən yaxşı halda iki gündən bir olurdu və hər bir “qonaqlıq” yeni bir qonağı qapıdan içəri itələyirdi. “Qonaq” sözünü “aldadılmış” kimi tərcümə etmək istəmirəm, elə bir qonaq tapmaq çətin olardı ki, nə vaxtsa, haradasa öz etibarlı dostunu aldatmamış olsun.
   Əgər qonaq sənə iki ədəd alma və ya bir dəstə üzüm peşkəş, yəni hədiyyə gətirirsə, bilin ki, bu heç də boş yerə deyil, səxavətinizə güvənir və gətirilən xırda-xuruşa görə mükafatının əvəzini on qat deyil, yüz qat artığını alacağına ümid edir.
   Bəziləri düşünür və söyləyir ki, qonaq yol üçün faydalıdır, qonaq qonaq üçün (yəni rus üçün) canını fəda edər. Amma özünün canını deyil, əksinə edəcək! Rusları müşayət edən qonağın, onu ölümə aparması və düşmənə təslim etməsi halları az olmamışdır.
   Mənim qaydalarım budur: “qonağım” yoxdur və hədiyyə qəbul etmirəm. Yollarda “qonaq”dan faydalısı, yaxşı silah, iti qılınc, sürətli at və şəxsi cəsarətdir. Budur sizə dost və sadiq müşayətçi.
   Zərdabın qadınları, xüsusilə qızları çox gözəldir. Təbii gözəlliyə sahibdilər, yaxşı geyinməyi sevirlər. Geyimləri adi tatar geyimləridir: ipək, parlaq rəngli köynəklər və şalvar, yüksək topuqlu ayaqqabılar. Zənginlərin boynlarında, sinələrində və ya paltarlarında gümüş, hətta qızıl zinət əşyaları olur. Evdən çıxarkən qadınlar görünüşü əla, rəngarəng, ipək və ya adi çarşaflara bürünürlər.
   Qızlar bəzən əylənmək, mahnı oxumaq və rəqs etmək üçün toplanırlar. Kişilər heç vaxt əyləncələrdə iştirak etmirlər. Zərdab qadınları döşəklər və sairə üçün çox zərif, yaraşıqlı və gözəl zolaqlı ipək parçalar toxuyurlar.
   Heç vaxt Zərdabdakı kimi daha darıxdırıcı bir həyat yaşamamışam: yalnızlıq və demək olar ki, tam hərəkətsizlik mənim üçün dəhşətli idi. Şirin bir yuxudan oyandıqdan sonra, günə çayla başlayar, bir neçə saat oturmaqla, on stəkana qədər çay içirdim. Boğulana qədər qəlyan çəkir və çoxdan oxuduğum kitabları və jurnalları yenidən oxuyurdum. Günorta isti düşürdü, isti cansıxıcılığa və tənbəlliyə səbəb olurdu, naharda oturub qəhvə içərdim və nəhayət yatardım. Demək olar ki, axşamdan əvvəl oyanardım. Çaydan sonra Kür sahilində və ya artıq bezdiyim kənddə bir qədər gəzərdim. Gecə düşəndə isə ağcaqanadlar və cücülər mənə hücum edirdilər. Qanadlı böcəklərin güclü hücumlarını ya siqaret tütünü, ya da alovlanan atəşin tüstüsü ilə cəsarətlə dəf edirəm. Həmişə də örtüyün altında yatıram.
   Beləliklə mən əvvəlcə bir müddət çox cansıxıcı yaşadım və sonra öz yaşayış tərzimə öyrəşdim. Həyatımı bu şəkildə tədricən şaxələndirməyə çalışdım: səhər çaydan sonra əlimdə bir tilovla Kür çayına gedirəm. Bu müddət ərzində nəhəng bir sazan da ovlamışam. Balıq tutduqdan sonra tüfəngim ilə qarğa, sərçə və qaranquşları atır, gecə isə tülkü və çaqqalları izləyərək vururam. Beləliklə, hiss etmədən ova aludə oldum, meşələrdə və qamışlıqlarda çöl donuzları üçün gəzməyə başladım. Heç vaxt şəxsən bir qaban belə öldürmədiyim üçün, bu ovum çox vaxt uğursuz olsa da, həyatımdakı boşluğunu ən azı bir şeylə doldurduğum üçün mənə çox xoş idi. Darıxdırıcı həyatımın yoldaşı bir rus kəndlisi Nikita İvanov Samostrel idi. Mən özüm ona fövqəladə və orijinal ov ehtirasına görə Samostrel ləqəbini vermişdim.
   Payız gecələri aydınlıq olanda, mən Kür sahilində dayanırdım. Çayın suları bir şüşə kimi parıldayır, nəzərəçarpacaq dərəcədə tələsmədən gil sahillərə tələsirdi. Yalnız gecəni gündüz bilərək suda oynayan sazan və ya kütüm, təmiz Kür sularında sürətlə üzərək, birdən oynayır, suyun üzərində sıçrayır və sıçrayışı suyun düz səthində yüngül bir səs çıxarırdı. Və ya qəfildən yırtıcı naqqa peyda olur, dərinlikdən yuxarı üzür, suyun üzərinə qalxaraq, öz qüdrətli quyruğu ilə suya güclü zərbə vurur, çay səthində səs effektləri, dairələr yaradırdı.
   Kürün arxasındakı kiçik nadir meşə ay işığına qərq olmuşdu. Mən gecə quşlarının onun bir yerindən digər yerinə uçduğunu görürəm, oğru çaqqal və tülkülərin meşə kənarında qaçdıqlarını da görürəm. Birdən qorxaq çəpgöz dovşan kolların arasından sahilə qaçdı, arxa ayaqları üstə oturdu.
   — Siz burdasınız? Biz də Sizi axtarırıq! Baxırıq, hara getmisiniz? Bax hardasınız!
   Mənim əvəzolunmaz yoldaşım Nikita Samostrel hündür sahildən qışqırırdı. O və daha bir neçə ovçu dikdən qaçaraq gəldi. Bir qayığa minib Kürün o biri tərəfinə keçdik. Silahları diqqətlə nəzərdən keçirdik, meşəyə çıxdıq və onun dərinliklərinə yollandıq. Silahlarımızı hazır vəziyyətdə saxlayaraq, dar bir yolda gəzərək, vəhşi donuzlarla qarşılaşacağımız ümidilə, ehtiyatla yolumuza davam etdik. Kollara və ağaclara toxunmamağa çalışırdıq. Yalnız Nikita, qoyun dərisindən olan kürkü ilə bəzən istər-istəməz bir budağa toxunurdu və səs-küy salırdı, ya da nəhəng çəkmələri ilə qalın kötüyə və ya bir ağac kökünə toxunaraq büdrəyib, sakit bir nida ilə sükutu pozurdu.
   Meşəni keçərək, qaban tapmaq üçün hündür, sıx qamışlığa gəldik. Bir saatdan çox ətrafda gəzdik, dinləyərək gözlədik, qamışların çırpınmasını, heyvanların təlaşını və onların xırıltılarını dəfələrlə eşitsək də, qabanlar oradan çıxmadılar.
    Qamışların arasından keçib gölə çatdıq. Bu göl iki verst məsafədə at nalı şəklində uzanırdı. Yarımadada qamışlar, ağaclar, böyürtkən və digər kollar, bitkilər sıx bitmişdir. Burada heyvanlar, qabanlar və quşlar üçün etibarlı sığınacaqlar vardı.
   Gölə yaxınlaşaraq, ulduzların, ayın və meşəlik sahilin göründüyü gölün sakit hamar sularına baxaraq, ov etməyi tamamilə unutdum, təbiətə heyran qaldım.
(Səyyah yoldaşları ilə birlikdə göl ətrafında məclis quraraq söhbətləşir, ov edirlər. Bir qabanı güllə ilə yaralasalar da, heyvan qaçıb uzaqlaşa bilir)
   Qayığa əyləşib evə üzmək üçün Kür sahilinə yaxınlaşanda, bizdən bir-neçə metr məsafədə bir kaftar ucadan qışqırdı. Biz onu ələ keçirmək və ya onunla təhlükəli döyüşə girmək istəmədik.
   Ertəsi gün tatarlar bizə ağır yaralı qaban tapdıqlarını və güllələyib öldürdiklərini bildirdilər. Bu qaban bizim ovumuz idi. Biz onu tatarlardan yarım gümüşə aldıq və təntənəli şəkildə yedik.
   Gecə məzardan daha qaranlıq olmasa da, ondan parlaq da deyildi. Külək astaca əsirdi. Kür dalğalanır, gecənin qaranlığından istifadə edən çaqqallar o qədər cəsarətli idilər ki, evimin qapısına və pəncərələrinə yaxınlaşıb dəhşətli dərəcədə ulaşırdılar. Tozlu daxmam bacadan isti bir şəkildə alovlanan qırmızı alovla işıqlanırdı. Mən kədərli bir əhval-ruhiyyədə alovlu bir atəşin qarşısında, bir dəstə quru qamış üstündə oturdum və keçən ilki jurnalı boş yerə vərəqlədim. Son dərəcə darıxdırıcı idi. Nikita Samostrel otağa daxil oldu.
  Nikita sakitcə dedi:
— Səndən bir xahiş edim.
— Nə lazımdır Nikita İvaniç?
— Buraxın, ova gedim.
(Səyyah Nikitanı fikrindən daşındırmağa çalışdı)
   İki dostum axşamı keçirmək üçün mənimlə görüşməyə gəldilər. Nikita onların vasitəsilə də müraciət etdi. Başqa yolum qalmadı, onu buraxdım.
   Çay mənim mənzilimdən bir neçə sajen məsafədə idi. Nikitanı yola salmaq üçün çıxdıq. O, gəmiyə oturdu, ovçu ləvazimatlarını, silahını və nərdivanını qayığın içərisinə qoydu, kürkünü çıxardı, iki küləşi götürüb qayığı sahildən itələdi və sevinclə dedi:
— Əlvida cənablar!
   Səhər daxmamda döşəməyə ağır bir şey düşdüyünü eşidirəm. Gözlərimi açıram, gorəsən bu nədir? Döşəmənin ortasında böyük bir vəhşi donuz uzadılmışdır. Bir əlində silahını, digər əlində öldürdüyü çaqqalın cəsədini tutan Nikita şəstlə otaqda dayanmışdır…
   Yanvar ayı idi. Yatmışam, ağır addım səsləri eşidirəm, elə bil ki, iri bir ayı evimdə astaca gəzirdi. Gözlərimi açıb İvanoviç olduğunu görürəm. Daxmamımı təmizləyir və məni oyatmaqdan çəkindiyi üçün ayaqları ucunda gəzirdi. Susurdu, amma dodaqlarının altında sakitcə nəsə mırıldanırdı. Kiminləsə söhbətləşmək istəyirdi, nəhayət tab gətirmədi. Dərindən nəfəs alıb dilləndi.
    — Belə, ustad!
   Gözlərimi açıb soruşuram:
   — Hə, Nikita?
   Nikita fezini çıxarıb gülümsəyərək baş əydi.
   — Sabahınız xeyir, cənab!
   — Nə olub?
   — Heç. Sizi qışın gəlişi münasibətilə təbrik edirəm.
   — Necə, burada, Zərdabda qış?
   — Baxın, necə qar yağb, hətta şaxta da var.
   — Kürkümüzü geyinək! Zərdabda qar, özü də necə? Bəli, bu nadir hadisədir, bu möcüzəyə tez baxmalıyıq. Mən çox uzun müddətdir qar görməmişəm.
   Geyinib çölə çıxıram. Hava həqiqətən soyuqdur və qar yağmışdı, özü də necə qar? Cənubdakı bu qarı görəndə vətəni daha yaxşı xatırlamaq olur. Bir saatdan artıq qarlı buzlaq boyunca gəzdim, gəfil qışın soyuğunda həvəslə nəfəs aldım və razı halda öz komama, sarayıma qayıtdım.
   Tatarlar ilin müəyyən bir vaxtında, ancaq qışda ilanbalığı ovlayırlar. Çayda peyda olmaları böyük sürülər ilə uçan, suya baş vuran, bu balıqları tutub udan iri qara quşlar, qarabatlaqlar ilə müşayət olunur. Tatarlar özləri bu balığı yeməsələr də, tuturlar: bir hissəsini ruslara və ermənilərə satırlar, qalanlarını satmağa imkanları olmadıqları üçün iplərə bağlayırlar, qurudurlar və sonra evlərini işıqlandırmaq üçün şam kimi istifadə edirlər. Qurudulmuş balıq da çox yağlı olduğundan məşəl kimi yanır. Tatarlar savadsızlıq üzündən bu işdən də ən yaxşı fayda əldə etməyi bacarmırlar. Balıq ovunda dəstə, komanda şəklində hərəkət etmirlər və yaxşı qazanc əldə edə bilmirlər.
   Mən yüksəklikdən enib Kür sahilinə yaxınlaşdım. Nikita toru ilə səylə çalışdı. Zəhməti hədər getmədi, o demək olar ki, hər dəfə ilana bənzər, parlayan gözəl dərisi olan, torpaq üzərində çıçrayan, əyilib bükülən bir-neçə şam çubuğu (ilanbalığı) ovlayıb quruya tulladı.
  — Cənab, bu gün sizi şam balığına qonaq edəcəyəm. Görün nə qədərdir, sadəcə tənbəllik etməyib tutmaq lazımdır! Bax, bax, ah, nə qədər! Beşini, altısını seçib götürün!
   Nikita təxminən yeddi balıq tulladı. Onları toplayıb nəzərdən keçirdim, qeyri-adi dərəcədə böyük və ətli idilər. Nikita bizdən xeyli aralıda dayanan bir tatara qarışıq tatar dilində nəsə bağırdı. Tatar bağırtını eşidib ətrafına baxdı, məşğuliyyətindən ayrıldı və Nikitanın niyə belə qışqırdığını öyrənmək istəyib yanımıza gəldi. Tatardan soruşdum:
    — Bu balığı yeyirsiniz?
   — Yox, bu balıq şeytan balıqdır, yəni bu ilanbalığı lənətlənmiş bir balıqdır. İnamı olanlar yemirlər, yalnız ruslar yeyirlər.
    Nikita “Siz də yeyin! Burda nə var ki?” deyərək, bir anın içində ilanbalığı tutdu və tatarın dodaqlarına sürtdü, burnuna toxundurdu. Mən istər-istəməz güldüm. Tatar tutuldu və Nikita ucadan qəhqəhə çəkərək dedi: «Siz beləsiniz … şeytan! … onun balığı şeytandır!» Tatar özünə gəldi, dişlərini qıcadı və Nikitanı suya itələdi! Ancaq Nikitaya «köpək oğlu» deməyə belə imkan etməyərək, özü də onun arxasınca uçdu. Yıxılan Nikita ondan tutdu və çəkərək özü ilə apardı. “Sən məni boğmaq istəyirsən, indi özün çim!” söyləyən və suda qurşağa qədər dayanan quruya çıxmaq istəyən Nikita, pişik kimi xoruldayaraq sürətlə sahilə çatmağa çalışan tatarı dayandırmağa çalışırdı. Bu səhnəni izləmək üçün qaçıb gələn digər tatarlar gülməkdən ölürdülər. Nəhayət, hər iki “düşməni” yanıma çağırdım, onlara çay verdim və tatara bir ovuc tütün, uşaqları üçün bir neçə qənd parçası hədiyyə etdim. Fağır bundan elə sevindi ki, hətta özünü yenidən suya atmağa hazır idi.
    1849-cu il avqust ayının əvvəllərində, bir vaxtlar Şəki xanlığının əsas şəhəri olan Nuxada, indi Şamaxı vilayətinin qəzasında yaşayırdım. Bundan sonra Gürcüstandan Dağıstana gedən yoldan keçərək, Nuxa və İlisu bölgəsi arasında yerləşən Şin dərəsinə getməli idim.
   (Pyotr Yeqorov. Zərdab kəndi – Zərdabda ov. Tərcümə edən Bəxtiyar Əsədli, ixtisarla tərcümə olunub)
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы