Əsas səhifə

Zərdab kəndi 1861-ci ildə. Karl Şulstun qeydləri

     Zərdabda müxtəlif adlar daşıyan 20 yaşayış məntəqəsi var və Zərdab kəndini miniatür paytaxt adlandırmaq olar. Mərkəzdə əsasən bəylər, hökümət qulluqçuları və xidmətçiləri yaşayır. Kəndxuda xüsusi şarlar vasitəsilə keçirilən seçki vasitəsilə təyin olunur.
   Zərdab düzənlik sahədə yerləşir. Sağ sahil isə meşələrdən və çoxlu sayda limanlardan ibarətdir. Su yataqlarında həmişə bol su olur, payıza yaxın isə su çəkilir. Kürdə balıq boldur, amma ən çox olan som balığından (naqqa balığı) savayı, “qırmızı balıq” hesab olunan digərlərini ovlamağa icazə verilmir. Onları ovlamaq üçün ödəniş heç də ücüz deyildi. Kür çayında kifayət qədər bol olan və daha çox istifadə edilən balığı yerli əhali “şeytan balığı” adlandırırlar. Sakinlər onu qızardır, bizlər (K.Ş.) şoraba bişiririk. Yağlı və sümüksüz balıqdır, yerli əhali ondan şamlar düzəldirlər və bu şamlar məşəl kimi işıq verir. Payızda bu ərazilərə qazlar, ördəklər və digər quşlar uçub gəlir, sahələrdə vəhşi keçilər, qabanlar gəzir. Bir sözlə şikayət etməyə əsas yoxdur, həmişə dadlı və ləzzətli qida tapmaq olur.
    Zərdabın yayı çox isti keçir. Səsli-küylü kənd sakitləşir. Bu istilər Zərdab haqqında sağlamlığa ziyanlı yer təsəvvürü yaradır. Allaha şükür, mən və ailəm sağlamdır. Ətrafda da xəstə adam görünmür. Amma ağcaqanadlar və gözəgörünməyən sarışınlar-cücülər bizi incidirlər. Sonuncular daha çox təhlükəlidilər. Əqrəb azdır, amma falanq (hörümçək növüdür) kifayət qədərdir. 10 ayağı və nəhəng çənəsi olan bu həşərat qənimətini tutur və dişləməyə çalışır. Falanqın dişləməsi təhlükəsiz deyil, düzgün müalicə edilməməsi ölümlə də nəticələnə bilər. Allaha şükür, hələ bu səbəbdən ölüm hadisəsi qeydə alınmayıb. Yerli əhalinin “molla” adlandırdığı qanadlı qurdlar Kür sahillərində dəliklər açaraq bir-neçə ay orada yaşayıb gözə görünmürlər. İstilər başlayanda, bir aydın gündə yuvalarından uçaraq, dəstə halında Kür üzərinə tələsirlər. Su üzərinə özlərindən ağ qabıq sərirlər və bir müddət sonra ölürlər.
   Yay günlərində burada bizi istidən, ağcaqanadlardan, cücülərdən qoruyan qüllələr var. Bu qüllələr dörd dirək üzərində, döşəməsi, tavanı yerdən bir sajen və daha çox yuxarıda qurulur. Bəzən güclü küləklər bu qüllələri dağıdır və hətta dirəklərini də yerindən çıxardır.
   Bu qış Zərdabda lap rus şaxtası oldu, barmaqlarımız və burnumuz donurdu. Sonra yağışlar, zəlzələ, soyuq, çəyirtkə basqını, qasırğa və ən nəhayət kometa. Bu kometa haqqında Mulla öz kitablarından nə isə oxudu, amma bizə heç bir açıqlama verə bilmədi. Biz elə çaşqınlıq içərisində qaldıq.
   Zərdab sakinləri çox mehriban yaşayırlar. Burada kökdən, soydan gələn dostluq və sevgi var.
   Fikirləşməyin ki, biz burada vəhşi həyat yaşayırıq. Bizdə hətta tamaşalar da olur. Madam Vays öz səyyah truppası ilə kəndə gəldi və tamaşa göstərdi. İyun ayında Misir və Hind sehrbazlarının və akrobatların iştirakı ilə fantastik bir axşam oldu. Orkestr musiqisini dinlədik və kişik Frans öz komik nömrələri ilə bizi əyləndirdi. Zalda əvvəl 12 stul var idi, sonra kətillər də əlavə olundu. Tamaşanı qulluqçular, əsgər və zabitlər ilə yanaşı, yerli sakinlər də izlədilər.
   Onu da xatırladım ki, tezliklə şiə tamaşası, Şah-Hüseyn başlayacaq. Bu bizim üçün kiçik bir əyləncədir, amma müsəlmanlar üçün qırğın və faciənin səhnələşdirilməsidir..
   Tezliklə sizə ölkə və Zərdab haqqında, insanları və hüquqları, adətlər, təbiət haqqında yeni məlumatlar yazacağam.

     Karl Şulst “Qafqaz” qəzeti (27 iyul 1861-ci il, nömrə 58), tərcümə edən: Bəxtiyar Əsədli

 

    Zərdab kəndi, 11 avqust 1861-ci il. “Qafqaz” qəzetinin 41-ci nömrəsində Xəzər dənizində baş verən geoloji hadisə barədə məlumat dərc olunmuşdu;—orada yenə də ada yaranıb.
   Bizdə də təbiət insanların iştirakı və hətta yerli hakimiyyətin icazəsi olmadan bir iş görüb—bizlərə yeni sərvət bəxş edib. Mayın 12-də baş verən zəlzələdən sonra Kürd-kənd kəndi yaxınlığındakı Gözəl-Cühür-Axmazı adı ilə tanınan, lap azacıq suyu qalan limanda böyük miqdarda ağ, təmiz və acı olmayan duz əmələ gəlib. Həmin yer Zərdabdan iki ağac yarımdan da az məsafədə yerləşir (1 ağac təxminən 6,5 km-ə bərabərdir—tərcüməçi);—hər nə isə, burada əmələ gələn duz, yemək üçün çox yararlıdır, buna görə də əhali bu duzu torbalara yığıb heyvanların belində və ya arabalara yükləyib daşıyır və onlar əməlli-başlı duz ehtiyatı yaradıblar.
    Bekara, keyfiyyətsiz duzun puduna 40 qəpik ödənilməli olan yerlərdə bu tapıntı, əlbəttə ki, çox əhəmiyyətlidir.
   Sizə göndərdiyim keçən dəfəki məktubumda (“Qafqaz” qəzeti, 1861-ci il, 58) mən bizim yerləri, onun sağlamlıq üçün əlverişsiz olması barədə giley-güzarlardan müdafiə etmişdim və çalışmışdım ki, həm özümü, həm də sizləri əmin edim ki, bizlər burada sağlamıq, xəstələnmirik.
   Amma deyəsən, mən iqlimimizi gözə gətirdim: bütün bu təriflərimin əvəzində o mənimlə özünəməxsus şəkildə haqq-hesab çəkdi. Çox keçmədən sərin küləklər əsdi və özü ilə bizləri qızdırma-titrətməyə düçar etdi: baxırsan ki, onu orada yıxdı, bunu burada yıxdı.
   Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bizlərdə avqust və sentyabr sağlamlıq üçün əlverişli aylar deyil.—Hazırda elə bir gün olmur ki, məsləhət almaq üçün 5-6 nəfər həkimə müraciət etməmiş olsun,—hamısı da qızdırma-titrətməli.
   Siz artıq mənim birinci məktubumdan bildiniz ki, Zərdabda günlərimiz şən keçmir; indi isə tamam süstlükdür; başımızı qatan yeganə şey odur ki, taxıl daşıyan kirjimlər (əsasən Xəzər dənizinin sahili boyunca üzən, 2 min puda qədər yük daşıya bilən tək dorağaclı, yastıdibli gəmi—tərcüməçi) demək olar hər gün biz tərəflərə üzüb gəlirlər.—Gələcək məktublarımda bu yerlərin adət və ənənələrini təsvir etməyə çalışacağam; ola bilsin ki, həm də bu məmləkətin məhsuldarlığından və səmərəliliyindən də nəsə yazdım.

     Karl Şulst “Qafqaz” qəzeti (24 avqust 1861-ci il, nömrə 66), tərcümə edən: İsaməddin Əhmədov

  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы