Əsas səhifə

Abdulhəmid ibn Hüseyn Əli əş-Şəfi əş-Şirvani əl-Əlvəndi   Без названия

   İslam Alimləri Ensiklopediyasında tam adı Şeyx Abdulhəmid ibn Hüseyn əş-Şirvani əd-Dağıstani olduğu bildirən islam alimi haqqında məlumat verilir.  “Əd-Dağistani” ləqəbinə görə onun Dağıstan kəndlərinin birində anadan olması iddia edilir. Kamran Abdullayevin apardığı araşdırmalardan sonra Abdulhəmid əş-Şirvaninin müasir Zərdab rayonunun Əlvənd kəndində anadan olması məlum olmuşdur.

   Belə ki, Azərbaycanda yaşayan M.Yahyayevin şəxsi arxivindəki sənəddə alimin adı Abdulhəmid Hüseyn Əli əş-Şəfi əş-Şirvani əl-Əlvəndi kimi qeyd edilmişdir. Səudiyyə Ərəbistanının kitabxanasında isə əş-Şirvaninin özü tərəfindən şəxsən köçürüldüyü “Cəmul-Cəvami” əlyazması saxlanılmaqdadır. Əsərin sonunda müəllifin imzası əl-Əlvəndi olaraq verilmişdir. Kamran Abdullayev Əlvəndin Şirvan bölgəsinin cənubunda yerləşən müasir Zərdab rayonunun bir kəndi olduğunu da qeyd etmişdir. Abdulhəmid əş-Şirvaninin bu günki Dağıstan ilə isə hər hansı bir əlaqəsi tapılmamışdır.

   XIX əsrdə yaşayan Abdulhəmid əl-Əlvəndinin qaynaqlarda doğum tarixi haqqında məlumat yoxdur. Bəhs edilən əlyazma əl-Əlvəndi tərəfindən Misirdə köçürülmüş və tarix olaraq 124 yazılmışdır. Bu tarixi 1240, yəni 1825-ci il olaraq qəbul edərək, 1884-cü ildə vəfat edən əl-Əlvəndinin 1800-cü illərin əvvəllərində anadan olduğu ehtimal edilir.

   Əl-Əlvəndinin həyatı ilə bağlı məlumat verən tələbəsi Məhəmməd əl-Kazani, onun əvvəl Şirvanda, sonra isə İstanbulda və Misirdə, Mustafa əl-Vədəni və İbrahim əl-Bacuri kimi alimlərin yanında təhsil aldığını bildirir. Abdulhəmid əş-Şirvani daha sonra Məkkəyə köçmüş və ömrünün sonuna qədər orada yaşamışdır. Abdulhəmid əş-Şirvani xəttatlıq ilə də məşğul olub, müəllimi  Əhməd Səid ən-Naxşıbənd olub.

   Abdulhəmid əş-Şirvaninin məlum olan tək əsəri “Havəşi Tuhfətil-Muhtəc bi-Şərhil-Minhəc” əsəridir. Eyni zamanda həm Qafqazdan, həm də digər dövlətlərdən olan xeyli sayda tələbə yetişdirmişdir. Cəfər əl-Qubavi, Sultan Həşim əd-Dağıstani, Abdilkərim Həmzə əd-Dərbəndi və digər tanınmış alimlər Abdulhəmid əş-Şirvaninin tələbələri olmuşdur.

  1884-cü ildə (26 zilhiccə 1301/17) Məkkədə vəfat edən Abdulhəmid əl-Əlvəndi Mualla qəbiristanlığında, Həzrəti Xədicə anamızın türbəsi önündə dəfn edilmişdir. Dəfn qələbəliklə keçmiş və Əl-Kazani tərəfindən qələmə alınmışdır.     
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы