Əsas səhifə

Abbasov Çingiz Qurban oğlu            Без названия

   Muğamı qoruyan, gələcək nəsillərə olduğu kimi çatdıran sənət fədailərindən biri də, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti «Musiqi və əyləncəli proqramlar» redaksiyasının böyük redaktoru, əməkdar incəsənət xadimi Çingiz Qurban oğlu Abbasovdur.

   Çingiz Abbasov 1950-ci il yanvar ayının 24-də Zərdab şəhərində anadan olub. Zərdab şəhər orta məktəbində, Azərbaycan İncəsənət Universitetinində təhsil alıb. 1973-cü ildə AzTV-nin musiqi redaksiyasına işə düzəlmişdi, ömrünü muğama, xalq musiqisinə bağlamış, milli musiqimizin təbliğinə həsr etmişdir. Müxtəlif illərdə hazırlanmış “İfaçılıq sənəti”, İfaçılarımızın portreti”, “Arzular” musiqi proqramı, “İllərin nəğmə yaddaşı”, “Xalq musiqisi inciləri” rubrikasında muğam dəstgahlarına həsr olunmuş muğam verilişlərinin, “Xalq mahnıları”, “Təsniflər”, “Qədim rəqslər”, “Muğam dünyamız” konsert proqramlarının redaktoru olub. 
   «Heç kəs dahi, məşhur olmaq üçün doğulmur. Lakin dahiləri sevmək, onları tanıdıb təbliğ etmək hər kəsin mənəvi borcudur» söyləyən Çingiz Abbasovun Azərbaycan Televiziyasının “Qızıl Fond”unun zənginləşməsində əvəzsiz xidmətləri var. Korifey ifaçılarla yanaşı, az qala unudulmaqda olan sənətkarlar haqqında efirdə gedən silsilə verilişlər, gənc istedadların ilk ekran çıxışları da Çingiz Abbasovun adı ilə bağlıdır. Adətən, ilk növbədə diqqəti çəkən musiqi ifaçısı olur, çox vaxt Çingiz bəy kimi fədakar insanların əməyi arxa planda qalır.
    Sənət aləmində tanınan, hamının hörmətlə yanaşdığı Çingiz Abbasovu ölkəmizin mədəni həyatında baş verən əksər tədbirlərdə, muğam televiziya müsabiqələrində, beynəlxalq muğam festivallarında tez-tez görmək olur. Müxtəlif illərdə hazırlanmış musiqi, konsert proqramlarının, muğam verilişlərinin redaktoru olub. 2011, 2013, 2015, 2017-ci illərdə keçirilən “Muğam Televiziya Müsabiqəsi”-nin redaktoru, 2019-cu il isə müsabiqənin musiqi rəhbəri olmuşdur.
   2006-cı ildə Azərbaycan Televiziyası və Radiosunun inkişafındakı xidimətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.  Xalq musiqisi və muğamların təbliğindəki xidmətlərinə görə “Min bir mahnı” mükafatına, 2011-ci ildə isə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
   “Müğənni olsaydım, tək öz həyatımı yaşayacaqdım, amma indi bütün sənət adamlarının həyatını yaşayıram” söyləyən Çingiz Abbasovu sənət aləmində «Bizim Çingiz» kimi tanıyırlar. Abbasovun Respublikanın bir çox populyar xanəndə və musiqi ifaçıları ilə dostluq və yaradıcılıq əlaqələri var. Çingiz bəyi yaxından tanıyan dahi sənətkarlar onun haqqında öz fikirlərini söyləmişdilər.
   Xalq artisti Arif Babayev: “Xalq musiqisinin təbliği sahəsində Çingizin əməyi danılmazdır. Xalq musiqimizin böyük dayağıdır.”
   Əməkdar artist Sabir Mirzəyev: “Xalq musiqisini Çingizsiz təsəvvür etmək qeyri-mümkündür.”
   Xalq artisti Əlibaba Məmmədov: “O, muğamı, xalq musiqisini, qəzəliyyatı çox gözəl bilir. Redaktor üçün bu çox vacib şərtdir.”
   Xalq artisti Canəli Əkbərov: “Çingiz Abbasov AzTV-də musiqiçilərin, mən deyərdim ki, səlahiyyətli səfiridir.”
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы