Əsas səhifə

İlxıçı Əlicanlı obası

   İlxıçı Əlicanlı obası Şahsevən elinə, tayfa birliyinə daxil olan ilxıçıların bir qrupuna başçılıq edən Əlican adlı şəxsin yaxın ətrafı tərəfindən salınmışdır. Şahsevən eli Şah I İsmayıl Səfəvinin hakimiyyəti dönəmində türk tayfalarının birləşməsi nəticəsində yaranmışdı. Elin yaranmasında oğuz kökənli qızılbaş tayfalarından avşar və bəydililərin böyük rolu olub. Şahsevənlər xüsusi qəbilə və tayfa birliyi olmamışdır, qəbilə və oymaqlardan ayrılan icma qruplarının birləşməsi nəticəsində əmələ gəlmişdi.
   Şamaxı xanlığının, eləcə də Şamaxı quberniyasının Xançoban mahalında İlxıçı-Əlicanlı yaşayış məntəqəsi qeydə alınmışdır. Oba ailələri Qarasubasar mahalında da otlaq ərazilərinə sahib idilər.
   Bakı quberniyasının Göyçay qəzasının tərkibində, müasir Zərdab rayonu ərazisində, indiki Alıcanlı (Əlicanlı) kəndlərinin yerləşdiyi  ərazilərdə də İlxıçı Əlicanlı obası qeydə alınmışdır. Bu obada Əlicanlı ailələrinin üzvləri olan ilxıçıların, maldarların yaşadığı bildirilir.
   İlxıçı Əlıcanlı obası 1870-ci ildə indiki Zərdab ərazisində, Göyçay qəza mərkəzindən 43 verst məsafədə, Çallı və Xələc kəndlərindən cənubda məskən salmışdır. Obanın 25 təsərrüfatında 64 nəfər kişi, 38 nəfər qadın olmaqla, cəmi 102 nəfər əhali qeydə alınmışdır. Sonrakı illərdə oba şimala doğru yerini dəyişmişdi. 1879-cu ildə İlxıçı-Əlicanlı yaşayış məntəqəsinin 23 təsərrüfatında 75 nəfər kişi, 45 nəfər qadın olmaqla, cəmi 120 nəfər əhali, 1893-cı ildə isə 35 təsərrüfatında 90 nəfər kişi, 82 nəfər qadın olmaqla, cəmi 172 nəfər əhali qeydə alınmışdır. 1893-cı ildə İlxıçı Əlicanlı icmasının tərkibinə 3 yaşayış məntəqəsi, II Əlicanlı (Əlicanbəyli), İlxıçı Əlicanlı və Qaravəlli Ağaməmməd yaşayış məntəqələri daxil idi. İcmanın mərkəzi Əlicanbəyli kəndi idi və qəza mərkəzindən 35 verst məsafədə yerləşirdi. 1902-ci ildə İlxıçı Əlicanlı obasının 30 təsərrüfatında 100 nəfər kişi, 86 nəfər qadın olmaqla, cəmi 186 nəfər əhali qeydə alınmışdır. 1911-ci ildə İlxıçı Əlıcanlı obası Əlıcanlı kənd icmasına daxil idi və qəza mərkəzindən 35 verst, Ucar dəmiryol stansiyasında yerləşən pristav idarəsindən isə 20 verst məsafədə məskən salmışdır. Obada 1 məscid fəaliyyət göstərmiş, 32 təsərrüfatında 164 nəfəri kişi, 103 nəfəri qadın olmaqla, cəmi 267 nəfər əhali qeydə alınmışdır.
   Bərgüşad bölgəsinə daxil edilən və  Əlicanlı Birinci — İlxıçı adlanan kənd, 1917-ci ildə 61 evdən, 1921-ci ildə isə 45 evdən ibarət olub.
   İlxıçı Əlicanlı obası hazırda Birinci Alıcanlı kəndi adlanır.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы