Əsas səhifə

Müskürlü Kirli obası

    Bir çox mənbələrdə Müskürlü Kirli obasının da adı çəkilir. Müskürlü Kirli obasının ailələri Göyçay qəza mərkəzindən 50-60 verst məsafədə, Kür sahilində, Bərgüşad bölgəsində, indiki Zərdab rayonunun ərazisində yurd salmışdılar. XX əsrin əvvəllərində Azərbaycanın yaşayış məntəqələrinin siyahısında da Zərdab bölgəsinin Müskürlü Kirli obasının adına rast gəinir.
   Baba Məhərrəmli “əkin yeri”, “hündür sahil”, “yurd”, “kənd”, “yer” kimi sözlərin türk dillərində “kir” sözü ilə bağlılığı olduğunu bildirir. Buna əsasən Müskürlü Kirlini “müskürlülərin yeri, torpağı, yurdu, kəndi” kimi izah etmək olar. “Kirli” sözünü “kirəli” sözünün təhrif edilmiş forması olduğunu da güman etmək olar. “Kirəli” sözü “kirə ilə tutulmuş, kirayə verilmiş” mənasını da verir. Odur ki, Müskürlü Kirlini müskürlülərin kirayəyə, icarəyə götürdükləri yer anlamı verdiyini də ehtimal etmək olar.  
   1886-cı ildə  Müskürlü Kirli icması qəza mərkəzindən 60 verst, pristav idarəsindən 28 verst məsafədə yerləşib, 146 təsərrüfatında 392 nəfər kişi, 373 nəfər qadın olmaqla, 765 nəfər əhali qeydə alınıb. Sənədlərə əsasən, 1890-cı ildə Müskürlü Kirlinin 4222 desyatin torpaq sahəsi olub, 137 təsərrüfatında 744 nəfər əhali yaşayıb. 1902-ci ildə yaşayış məntəqəsinin 138 təsərrüfatında 859 nəfər, 1911-ci ildə isə 142 təsərrüfatında 367 nəfər əhali qeydə alınıb. 1911-ci ildə məntəqədə 1 məscid və 1 dəyirman fəaliyyət göstərib.
   Sənədlərə əsasən, 1917 və 1921-ci illərdə Bərgüşad bölgəsinin Zərdab icmasına daxil edilən Müskürlü Kirli kəndi 55 evdən ibarət olub. 1933-cü ildə yaşayış məntəqəsinin 88 təsərrüfatında 453 nəfər əhali qeydə alınıb. Çox güman ki, yaşayış məntəqəsi sonralar Məlikli adlandırılmışdır.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы