Əsas səhifə

Köhnə Gəlmə kəndi

   Gəlmə kəndi bəzi tarixi sənədlərdə Böyük Gəlmə kəndi adlandırılmış, əvvəllər Zərdabın Lələağacı kəndinin şərqində, Kür çayının sahilində yerləşmişdir. Bir vaxtlar müxtəlif tayfaların nümayəndələrinin yaşadığı  Köhnə Gəlmənin yeri bu gün də “yurd yeri” adı ilə tanınır. Bu “yurd yeri”nin hətta qədim və orta əsrlərdə insan məskəni olması barədə məlumatlar var. Kənd əhalisinin XVIII əsrin sonlarında, Qarabağdan və Ağsu kəndlərindən, hətta Yaxın və Orta Şərqdən də gəldikləri bildirilir. Yerli sakinlərin məlumatlarına görə isə kəndin tarixi daha qədimdir.

   Gəlmə (Köhnə Gəlmə) adına XIX əsr sənədlərində rast gəlinir. XIX əsrdə Zərdab kəndindən gələn ailələrin burada məskunlaşmasından sonra yaşayış məntəqəsinin ərazisi genişlənmişdir.
   1879-cu ildə Zərdab 17 məntəqədən ibarət olub, bunlardan da ən böyüyü Zərdab, Gəndəbil və Gəlmə kəndləri idi. 182 evdən ibarət olan Gəlmə kəndində 435 nəfər kişi, 365 nəfər qadın olmaqla, cəmi 800 nəfər əhali qeydə alınmışdır.
   1893-cı ildə Zərdab-Gəlmə adlanan kənd Göyçay qəzasının Zərdab kənd icmasına daxil edilmişdir. Qəzanın ən böyük kəndlərindən biri olan yaşayış məntəqəsinin 229 təsərrüfatında 584 nəfər kişi, 504 nəfər qadın olmaqla, cəmi 1088 nəfər əhali qeydə alınıb.
   Sonrakı illərdə mərkəzi Gəlmə kəndi olan II Zərdab kənd icması yaradılmışdır. Qəza mərkəzindən 55 verst, Ucar dəmiryol pristav idarəsindən 40 verst məsafədə yerləşən icma həm də Gəlmə kənd icması adlandırılmışdır. İcmada 2 məscid fəaliyyət göstərib, torpaq sahəsi 1889 desyatin idi. Tərkibinə indiki Lələağacı, Yarməmmədbağı, Pərvanlı, Məmmədqasımlı, Sarıqaya, Qoruqbağı kəndlərinin əraziləri daxil idi. Sənədlərə əsasən, 1890-cı ildə icmanın 224 təsərrüfatında 593 nəfər kişi, 516 nəfər qadın olmaqla, cəmi 1109 nəfər əhali yaşayıb. 1902-ci ildə icmanın 264 təsərrüfatında 774 nəfər kişi, 700 nəfər qadın olmaqla, cəmi 1474 nəfər əhali,  1911-ci ildə isə 238 təsərrüfatında 936 nəfər kişi, 878 nəfər qadın olmaqla, cəmi 1814 nəfər əhali qeydə alınıb.
   Sənədlərə əsasən, Zərdab Gəlmə adlanan kənd 1917-ci ildə 68 evdən, 1921-ci ildə isə 99 evdən ibarət idi. Ərazini tez-tez su basdığından kənd sakinləri indiki Gəlmə kəndinin ərazisinə köçüblər. Köhnə Gəlmədə bir müddət yaşayış olub, sonralar Köhnə Gəlmənin digər sakinləri də kəndi tamamilə tərk ediblər.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы