Əsas səhifə

Xələc kəndi

    XX əsrin ortalarına qədər müasir Zərdab ərazisində Xələc adlanan yaşayış məntəqəsi var idi. Ötən əsrin ortalarından etibarən kənd sakinləri tədricən Ucar rayonunun ərazisnə köçürülmüşdür. Əhalinin bir qismi Göyçay rayonuna gedərək orada yaşayıblar. Hazırda Göyçayda Xələc adlanan məhəllə var. Ötən əsrin 60-cı illərində isə Zərdabdakı Xələc kəndi tamamilə boşalmışdır. Hazırda Çallı kəndinin yaxınlığında “Xələc yurdu” deyilən bir ərazi qalmaqdadır.
    “Xələc” toponimi oğuzların xalac tayfasının adını özündə əks etdirir. Mahmud Kaşğari göstərir ki, XI əsrdə oğuzlar 22 tayfadan ibarət olmuşlar. Sonralar bu tayfalardan ikisinin ayrılaraq birləşməsi nəticəsində yeni qalac (xalac, xələc) tayfası formallaşmışdır. Rəşidəddin XIII əsrdə oğuzların tərkibində xalac tayfasının da yer aldığını göstərmişdir. Yaxın Şərq yürüşlərində (XII-XVIII əsrlər) iştirak etmiş bu tayfanın bir hissəsinin hazırda İran və Türkmənistan ərazilərində yaşadıqları bildirilir. Xələclər Azərbaycanın müxtəlif bölgələrində də məskunlaşıblar və XVIII-XIX əsrlərdə oturaq həyat tərzinə keçiblər.
   XVIII-XIX əsrlərə aid tarixi sənədlərdə Şamaxı xanlığının Qarasubasar mahalında, indiki Zərdab ərazilərində yerləşən Xələc kəndinin adı çəkilir. Mahal əhalisinin çox hissəsi əkinçiliklə məşğul olurdu. Şirvan xanlığı rus işğalından sonra, 1820-ci ildə ləğv edildi və Xələc Qarasubasar mahalının tərkibində 1840-ci ilə qədər Şirvan (Şamaxı) əyalətinin, 1840-1846-cı illərdə Kaspi vilayətinin, 1846-1859-cu illərdə isə Şamaxı quberniyasının tərkibinə daxil edildi. 1859-cu ildə Şamaxı quberniyası Bakı quberniyası adlandırıldı və Xələc kəndi 1867-ci ilə qədər quberniyanın Şamaxı qəzasının, 1867-ci ildən isə Göyçay qəzasının kəndi oldu.
   Sənədlərə əsasən, 1870-ci ildə 55 təsərrüfatında 270 nəfər əhali yaşayan Xələc kəndi qəza mərkəzindən 40 verst məsafədə yerləşib. 1879-cu ildə isə Xələc kəndinin 68 təsərrüfatında 165 nəfər kişi, 127 nəfər qadın olmaqla, cəmi 292 nəfər əhali qeydə alınmışdır. Kənddə 1 məscid fəaliyyət göstərmişdir.
   Çar hökümətinin islahatlarından sonra qəzalarda kənd icmaları və oba birlikləri yaradılmışdır. Bu icmalardan biri Xələc kənd icması idi. 1886-cı ildə icmanın tərkibinə 3 yaşayış məntəqəsi, Qaravəlli Tapdıq obası, Xələc və Çallı kəndləri daxil idi. İcmanın 214 təsərrüfatında 1040 nəfər əhali, Xələc kəndinin isə 107 təsərrüfatında 544 nəfər əhali qeydə alınmışdır.
   Sənədlrə əsasən, 1890-cu ildə 209 təsərrüfatında 1019 nəfər əhali yaşayan icmanın torpaq sahəsi 833 desyatin idi. 1902-ci ildə icmanın 233 təsərrüfatında 1122 nəfər əhali, Xələc kəndinin 108 təsərrüfatında 568 nəfər əhali, 1911-ci ildə Xələc icmasının 237 təsərrüfatında 1214 nəfər əhali, Xələc kəndinin 116 təsərrüfatında isə 609 nəfər əhali qeydə alınmışdır.
   Sənədlərə əsasən, Xələc kəndində 1917-ci ildə 160 ev, 1921-ci ildə isə 140 ev var idi. Xələc kəndi 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin və 1920-1929-cu illərdə isə Azərbaycan SSR-nin inzibati ərazisi olan Göyçay qəzasının tərkibinə daxil idi. 1926-cı ildə Göyçay qəzasında bölgələr yaradılıb və Xələc kəndi Zərdab bölgəsinə daxil edilib. 1929-cu ildə Azərbaycanın rayonlaşdırılmasından sonra yaşayış məntəqəsi, 1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildə isə yeni təşkil olunan Zərdab rayonunun tərkibinə daxil edilib. 1933-cü ildə Xələc kəndinin 136 təsərrüfatında 676 nəfər əhali yaşadığı bildirilir.
    Sonrakı illərdə Xələc kəndinin əhalisi tədricən Ucar rayonunun indiki Xələc kəndinə köçüblər. Nəticədə həm Zərdab, həm də Ucar rayonlarında Xələc adlanan yaşayış məntəqələri yaranıb. 1955-ci ildə Ucardakı yaşayış məntəqəsi I Xələc, Zərdabdakı yaşayış məntəqəsi isə II Xələc adlanıb. 1961-ci ildə Çallı kənd sovetliyinə daxil olan II Xələc kəndinin sakinləri XX əsrin 60-cı illərində tamamilə Ucar rayonuna və digər ərazilərə köçürülmüş, kənd bir yaşayış məntəqəsi kimi ləğv edilmişdir.
    Hazırda Ucar rayonu ilə yanaşı Xızı, Qubadlı, Salyan, Şərur rayonlarında, İranda Xələc adlı kəndlər, Türkmənistanın Lebap vilayətində şəhər tipli Xələc qəsəbəsi var. Zəngəzur mahalının Qafan rayonunda da Xələc kəndi olub.
    <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы