Əsas səhifə

Xasa kəndi

    <<< Geriyə
    Xasa adlanan yaşayış məntəqəsi təbii inkişaf nəticəsində Körpükəndlə birləşmiş və hazırda rəsmi olaraq Körpükəndin ərazisidir. “Xasa arxı” adlanan arxın yaxınlığında yerləşən bu ərazidə IX – XIII əsrlərdə də yaşayış məntəqəsi olduğu ehtimal olunur.  
    Ötən illərdə və hazırda Azərbaycan ərazilərində Xasa toponimini ilə bağlı yaşayış məntəqələrinə rast gəlinir. Yelizavetpol quberniyasında da, Gəncə ətrafında da “Xasa” sözü ilə bağlı yer, məkan adlarına rast gəlinir. Köhnə Gəncənin cənubunda Xasa yeri adlanan ərazi indi də var. Mənbələrdə Gəncənin V-IX yüzilliklərdə məhəllələrdən ibarət olduğu və bu məhəllələrdən birinin Xasa yeri adlandığı bildirilir. Yelizavetpol quberniyasına aid sənədlərdə Xasadərəli kəndinin adı çəkilir və hazırda Goranboy rayonu inzibati ərazi vahidində Xasadərəli kəndi var. Kəndin adının mənası «yaşıl dərə» kimi izah olunur. Gəncə şəhəri yaxınlığında, Samux rayonuna daxil olan Xasabağ adlanan qəsəbə də var.
    Gəncə ərəblər tərəfindən işğal edildikdən sonra və eləcə də XII əsrdə zəlzələ nəticəsində dağıldıqdan sonra, əhalinin bir qismi müxtəlif ərazilərə köçməyə məcbur olmuşdular. XIX əsrin əvvəllərində Gəncənin ruslar tərəfindən işğal edilməsi və həmçinin Sovet repressiyaları da əhalini yurd-yuvalarından didərgin salmışdır. İndiki Zərdab ərazisinin Xasa yaşayış yerində məskunlaşan ailələrin də Gəncə ətrafından gəldiyini ehtimal etmək olar.
    Rus işğalından sonra indiki Zərdab rayonunun Xasa yaşayış məskəninin ərazisi Şəki əyalətinə və sonralar Nuxa və Ərəş qəzasının tərkibinə daxil edilmişdir. Çar imperiyasının tanış ola bildiyimiz sənədlərində Xasa yaşayış məntəqəsinin adı çəkilmir. 1870-ci ildə tərtib edilmiş atlasda müasir Zərdab ərazisində, Körpükənd yaxınlığında, Kür çayı sahilində Muğanlı adlanan məntəqə qeyd olunub. Əslən Bıçaqçı kəndindən olan Qulu Zərdabi bildiirir ki, Muğanlı Xasa yaşayış məntəqəsinin adı olub və sakinləri Gəncə və ətrafından köçüb gəliblər.
   Sovet hakimiyyəti dövründə Zərdab rayonu ərazisində Xasa kəndi qeydə alınıb. Kənd ötən əsrin 60-cı illərinə qədər, qonşu Körpükənd ilə birlikdə Bıçaqçı kənd sovetliyinə daxil edilmişdir. Sənədlərə əsasən kənd əsrin 70-ci illərində Körpükənd kənd sovetliyinin tərkibinə daxil idi. Sonrakı illərdə Xasa yaşayış məntəqəsi Körpükənd kəndi ilə birləşdirilmişdir.
    Azərbaycanda “Xasa” sözü ilə bağlı ərazilərdə məskunlaşan ailələr türk əsilli əhali olub.
    İraqın Kərkük ərazilərində də Xasa toponiminə rast gəlinir. Səudiyyə Ərəbistanının Şərq vilayəti ərazisində Əl-Xasa adlanan ərazi var.
    “Xasa” Azərbaycan dilinin bəzi dialektlərində «yaşıllıq, göylük» mənasında işlənir. “Xasa” sözü “əla, yaxşı” mənasında da işlədilib.
   Azərbaycan şifahi ədəbiyyatında belə döndərmə də var:
Sənin bu xasa zülfün,
Batmaz bir tasa zülfün.
Gah çıxar seyran edər
Gah batar yasa zülfün.
    Məmməd Səid Ordubadi də öz misralarında “xasa” sözündən istifadə edib. (“Gəl, müştəri, gəl görək, tazadır xasa çörək…”)
    Orta əsrlərdə müsəlman ölkələrində, o cümlədən Azərbaycanda hökmdara və onun ailə üzvlərinə məxsus torpaq mülkiyyəti forması “xass” adlandırılmışdır. ”Xasa” sözü ilə bağlı yer adlarının “xass” sözündən götürüldüyünü də ehtimal etmək olar. Ola bilər ki, bu ərazilər keçmişdə hər hansı bir hökmdara və ya onun ailə üzvünə məxsus olub.
    Nazim Tapdıqoğlu kəndin adının “xas” sözündən götürüldüyünü ehtimal edir və yazır ki, “xas” sözü “çox təmiz”, “Allah tərəfindən seçilmiş” mənasındadır.
   Nizami Gəncəvinin qəhrəmanı Şirinin, Zərdabın indiki Xasa yaşayış məskəninin ərazilərində olduğu güman edilir. Şirinin at belində seyrə çıxdığı Kür sahili ərazilər, Kürbasar və Ceyrançölü Körpükənd və Xasa ərazisindədir.
    <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы