Əsas səhifə

Xanməmmədli yaşayış yeri

   Ötən əsrin ikinci yarısında kollektorlar qazılarkən Xanməmmədli kəndinin ərazisində 1,5 m dərinlikdə küp qəbir aşkar olunmuşdu. F.Osmanov bu qəbri e.ə. II — I əsrlərə aid etmişdir. Küp qəbirdəki skelet yarımbükülü vəziyyətdə qoyulmuş, yanından serdolik muncuqlar, korroziyaya uğramış qısa xəncər, sadə naxışsız gil qablar tapılmışdır. Alın hissəsinə sikkə qoyulmuşdur. Sikkənin aversində Parfiya Arşakilərindən olan hökmdar I Orodun adı, reversində isə günəş təsvir olunmuşdur. Qəbirdən 1 m kənarda ocaq izləri də tapılmışdır. Ərazinin digər hissəsində üzərində ərəb əlifbası ilə yazı olan məişət qabları və çıraqlar da aşkar olunmuşdur. Müxtəlif torpaq işləri görülərkən Xanməmmədli və Salahlı kəndlərinin ərazisindən gildən düzəldilmiş çıraqlar, duz qablar da tapılmışdır. Bizim eramızın V-VI əsrlərinə aid edilən gil çıraq və duz qabları bu gün də Salahlı kənd məktəbində saxlanılır.

Xanməmmədli kəndi

   Kənddə meliorasiya işləri zamanı tapılan küp qəbirlərin, sikkələrin, məişət əşyalarının mühafizəsi və tədqiqində «Əmək Şöhrəti» ordenli, Respublikanın Baş müəllimi Cəlil Bəşirovun böyük əməyi olub. Cəlil müəllim aşkar edilmiş küp qəbirləri nekropolu barədə rayonun «Pambıqçı» qəzetində məqalə yazmış, Moskvada dərc olunan «Arxeoloqireskaya otkritiya» jurnalına məlumat vermişdir. Cəlil müəllimin əməyinin nəticəsi olaraq ASE-nin 6-cı cildində Zərdab arxeoloji məntəqə kimi göstərilmiş, Azərbaycan Respublikası Nazirlər Kabineti tarixi tapıntını qeydiyyata almısdır. «Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli (N-132) qərarı ilə Xanməmmədli kəndində aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Cəlil müəllim bu tapıntılar əsasında Hüseynxanlı kənd məktəbində zəngin tarix kabineti də yaradıb.
    <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы